Muəllif:

Bu, bizik, biz deyilik?!!

Ankara

Monteskyö 1748-ci ildə «Qanunların ruhu haqqında» əsərini yazmışdı. Onun fikrincə, siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir. Monteskyönün bütün dünyada məşhur «Hər bir xalq layiq olduğu hakimiyyətə malikdir» fikri «Qanunların ruhu haqqında» kitabından götürülüb.
Monteskyö deist idi. Yəni Tanrının mövcudluğunu və kainatın onun tərəfindən yaradıldığını qəbul edirdi. Eyni zamanda da Tanrının insanlara və təbiətə müdaxiləsini, dinlərin Tanrı tərəfindən yaradılmasını inkar edirdi. Bir çox deistlər fikirləşirlər ki, Tanrı kainatı yaratdıqdan sonra heç bir hadisələrə qarışmayıb. Digər deistlər isə fikirləşirlər ki, Tanrı hələ də hadisələrə müdaxilə edir, lakin onu bütövlükdə idarə etmir. Deizmin daxilində çoxlu cərəyanlar var və sərt qanunları olmadığına görə onun sərhədlərini də müəyyən etmək çətindir. Deizm təklif edir ki, düşüncə, məntiq və təbiəti müşahidə Tanrını və onun iradəsini qavramağın yeganə yoludur. Deizm insan düşüncəsini və azadlığını yüksək qiymətləndirir. Bundan əlavə, Deizm Tanrının mövcudluğu ideyası ilə elmi qarşı-qarşıya qoymur, onları harmoniyaya salmağa çalışır.
Bir qədər əvvəl haqqında danışılan fikrin ilk dəfə səsləndiyi vaxtdan az qala 300 il keçir. Amma dahi fikirlərin dəyəri də ondadır ki, min illər keçdikdən sonra belə, aktuallıqlarını itirmirlər. Lakin hətta dahi kişilərin dahiyanə fikirlərinin belə vaxtaşırı isbata ehtiyacı var. Axı söhbət ictimai-siyasi həyatın gerçəkliklərə reaksiyasından, təpkisindən gedir. Ən azından ya həmin gerçəklər, ya da bizlər dəyişə bilərik.
Keçən həftə Azərbaycanda üç hadisə baş verdi. Hər üçü də bir daha Moteskyönün nə qədər haqlı olduğunu bütün parlaqlığı ilə sübut etdi. Bizim adil məhkəməmiz deputat mandatı «alveri» ilə məşğul olan sabiq Milli Məclis üzvü Gülər Əhmədovanı üç illik həbsə məhkum etdi. Prokuror yüngülləşdirici amilləri nəzərə alaraq sabiq deputat üçün cəmi-cümlətani dörd il həbs tələb edirdi. Bizdə ənənəyə görə məhkəmə prokurorla müqayisədə daha aşırı humanizm nümayiş etdirir. Ona görə də Gülər Əhmədovaya üç il həbs cəzası kəsdi.
Mən humanizm nümayişinin əleyhinə deyiləm. Amma…
G.Əhmədova Elşad Abdullayevdən məhkəməyə təqdim olunan sübutlarda öz dili ilə sabiq rektoru Milli Məclisin üzvü seçdirmək üçün bir milyon manat rüşvət istəyir. Özü də bunu çox yüksək vəzifəli dövlət məmurunun təmsilçisi kimi edir. Bir milyon rüşvəti heç ciddiyə almayaq. Bir milyon 2005-ci ildə pul idi. İndi isə bizim oliqarxlarımızın heç dişinin dibində belə qalmaz. Bir milyon nədir ki? Xərcləri çox böyükdür. Bütün dünyanı satın almaq sevdasına düşüblər. Nədən də düşməsinlər?! İş o yerə çatıb ki, artıq xarici jurnalistlərə iyirmi minlik saat hədiyyə edirlər. Amma Hafiz Məmmədovda heç bir günah yoxdur. Günah sistemdədir. O, başqa «yeni azərbaycanlılar»dan fərqlənə bilməz? Dərisinə saman təpərlər. Necə deyərlər, «palana bürün, elnən sürün». Yəni onu demək istəyirəm ki, bu günün şərtləri daxilində bir milyon manat ciddi məbləğ deyil.
Amma xanım Əhmədovanın əməllərində yeganə mənbəyi xalq olan hakimiyyətin mənimsənilməsi əlamətləri var. Hə, yeri gəlmişkən, az qala yadımdan çıxacaqdı, söhbət gerçəkdən deyil, Konstitusiya tələblərindən gedir. Mən hətta xanım Əhmədovanın sabiq rektorla saatlarla çəkən söhbətləri zamanı bütün deyilənlərin yalan olduğuna inanmağa da hazıram. Xanım Əhmədovanı Azərbaycan korrupsionerlərini «sağan» dövrümüzün Robin Hudu kimi qəbul etməyə də hazıram. Amma bu halda da yüksək vəzifəli dövlət məmurunun adına «ləkə yaxmasını» ona bağışlaya bilmirəm. Amma məhkəmə də, adına xələl gətirilən adam da bağışladı.
Xanım Əhmədova artıq bir ilə yaxındır ki, həbsdədir. Apelyasiya məhkəməsi cəzasını azalda bilər. Qarşıda bayramlar gəlir. Amnistiyaya düşə və ya əfv də edilə bilər. Yəni düşünürəm ki, ən geci qarşıdan gələn Novruz bayramında xanım Əhmədova ailəsinə qovuşacaq. Səmimi qəlbdən deyirəm. Allah yolunu açsın. Nədən bütün «yeni azərbaycalılar»ın günahlarının cəzasını o çəkməlidir? Axı əslində xanım Əhmədovanın cəzasının bu qədər yüngül olması hakim elita nümayəndələrinin onunla «şərikliyinin» etirafı idi. Amma.
Amması da odur ki, həmin məhkəmə xanım Əhmədovanın hələ millət vəkili olduğu dövrlərdə yazdığı donosla (bu ifadəyə heç bir mənfi məzmun yükləmirəm) tutulan «Xural» qəzetinin redaktoru Əvəz Zeynallını bağışlamadı.
Biz isə bir millət kimi bütün bu baş verənləri çox sıradan bir həyat gerçəyi kimi qarşıladıq. Burada nöqtə-vergülü qoyub, keçim ikinci mətləbə. Bu günlərdə enerji daşıyıcılarının qiyməti artdı. Nə yalanlar eşitmədik? Dedilər ki, hətta bu artımdan sonra Azərbaycanda benzinin qiyməti başqa ölkələrlə müqayisədə ucuzdur. Amma məlum oldu ki, minimum əmək haqqı Azərbaycandakı orta əmək haqqından üç dəfə artıq olan ABŞ-da belə benzinin qiyməti daha ucuzdur.
Sonra daha cəfəng bir arqumentdən yararlanmağa çalışdılar. Dedilər ki, dünya qiymətləri var. Bizi cahil saydılar. Benzin üçün dünya qiymətləri anlayışı olmadığını bilmədiyimizi düşündülər. Avropadakı, misal üçün Norveçdəki qiymətləri bizim gözümüzə soxmağa çalışdılar. Norveçdə isə orta əmək haqqı haradasa beş min dollara yaxındır. Yəni Azərbaycandakından az qala 10 dəfə çoxdur. Hələ bu azmış kimi, Norveç sözün əsl mənasında sosial dövlətdir. Orada təhsil, səhiyyə tamamilə pulsuzdur.
Daha sonra dedilər ki, dövlət yüksək oktanlı benzini nədən ucuza satsın. Onu onsuz da varlılar alırlar. Əgər hökumət, doğrudan da, kasıbların qeydinə qalırsa, onda nədən düşük oktanlı benzinin də qiyməti artırıldı? Onda nədən kasıbların yüksək oktanlı benzin almaq imkanı sıfıra endirildi. Axı yüksək oktanlı benzin nəqliyyat vasitələrinin ömrünü uzadır.
Bir sözlə, əslində bizi ələ saldılar. Özü də rəsmən. Amma biz yenə də susduq. Keçək üçüncü mətləbə…
Sabiq tanınmış insan haqları müdafiəçisi, sabiq tanınmış «vicdan məhbusu» və yenə də sabiq tanınmış demokratiya carçısı jurnalist Eynulla Fətullayev hamımızı «Xədicə İsmayılovanın terroruna» qarşı mübarizəyə çağırdı. Özü də söhbət həm mənəvi, həm də peşəkar terrordan gedir. Necə deyərlər, Allah bundan betərindən saxlasın. Görəsən, cənab Fətullayev rəhbərlik etdiyi saytda çıxan bütün materialları demirəm, heç olmasa özününküləri oxuyurmu? İstisna etmirəm ki, İsa Qəmbərlə söhbəti zamanı Xədicə İsmayılova özünü daha təmkinli apara bilərdi. Eyni iradı İsa Qəmbərə də ünvanlamaq olar. Amma gör kim bizə əxlaq və peşəkarlıq dərsi verməyə çalışır?! Onu ağır günündə dəstəkləyən bütün insanlara və həmkarlarına sırtını çevirən, təhqir edən, onu uzun illər həbsxanada saxlayan siyasi iradəyə bəraət qazandıran Eynulla Fətullayev…
İndi sizə bir sual verəcəyəm: günah bizdədir, yoxsa onlarda? Düşünürəm ki, çoxluğu biz təşkil etdiyimiz üçün günah bizdədir. Ona görə ki, biz, yəni çoxluq bu əxlaq, daha doğrusu, mənəviyyat dışı meyarların cəmiyyətin davranış tərzinə hakim kəsilməsinə imkan vermişik. Bir sözlə, onlar bizdən fərqli deyillər. Başqa sözlə desək, biz onlardan heç nə ilə yaxşı deyilik. Çünki onların hökm etməsinə imkan yaradan bizlərik. Yəni biz onlara, onlar da bizə layiqdirlər… Amma bütün bunlarda Monteskyönün heç bir günahı yoxdur. O, biz türklər haqqında çox yüksək fikirdə idi. Monteskyö 1721-ci ildə çap olunmuş «İran məktubları» əsərində bizim haqqımızda bunları yazır:»…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır». Suallar mənə əzab verir: «Doğrudanmı bütün bunlar bizim haqqımızdadır? Gerçəklərmi dəyişdi, yoxsa biz?»…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 415