Bu axşam Budapeştdən Bakıya birbaşa aviareys açılır
Macarıstan səfiri xəbər verir ki, bu axşam Budapeştdən Bakıya birbaşa aviareyslə ilk sərnişinlər gəlir. “Bu gün mənim arzum yerinə yetir, belə ki, axşam Budapeştdən Bakıya birbaşa aviareyslə ilk sərnişinlər gələcək”, deyə səfir bildirib.
Bakı-Budapeşt aviareysinin açılması ilə əlaqədar keçirilən mətbuat konfransında Macarıstanın Azərbaycan səfiri Jolt Çutora deyib ki, bu reysin açılması tarixi bir addımdır: “Macarıstanın baş naziri və prezidenti Azərbaycana səfərlər ediblər. Bu il isə Azərbaycan prezidentinin Macarıstana səfəri gözlənilir. Bizim əlaqələrimiz çox yüksək səviyyədədir».
“Wizz Air” aviaşirkətinin icraçı direktoru Yojef Varadi isə əvvəlcə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, Bakı hazırda şirkətin ən uzaq Şərq uçuş nöqtəsidir. Onun sözlərinə görə, bu uçuşlar ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək: «Azərbaycan-Macarıstan əlaqələri son iki ildə dinamik inkişaf edib və biz bu əlaqələrin inkişafına öz töhfəmizi verməkdən məmnunuq. Bizim təyyarələrimiz dünyanın 33 ölkəsinə uçuşlar yerinə yetirir. Macarıstana gələn azərbaycanlılar tək Budapeşti yox, digər Avropa ölkələrini də kəşf edə bilərlər».
Varadi əlavə edib ki, bu il şirkət Bakı-Budapeşt aviareysi ilə ildə 30 min nəfəri daşımağı planlaşdırır. Budapeşt-Bakı aviareysi həftənin bazar ertəsi və cümə günü, Bakı-Budapeşt reysi isə çərşənbə axşamı və şənbə günü həyata keçiriləcək. Uçuşlar yeni “Airbus A320” təyyarələri ilə gerçəkləşdiriləcək. Bir istiqamətə biletin qiyməti 39 avro təşkil edir.
Əlavə edək ki, Azərbaycan Hava Yolları Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlara başlayıb. İyunun 16-dan başlayan Bakı-Lvov-Bakı marşrutu ilə birbaşa aviareyslər sentyabrın 15-dək yerinə yetirəcək. Uçuşlar «Airbus A-319» və «Airbus A-320» təyyarələri ilə həftədə iki dəfə – cümə axşamı və bazar günü həyata keçirilir.
Bakıdan Lvova uçuş yerli vaxtla saat 08:30-da, əks istiqamətdə isə saat 11:10-da yerinə yetirilir. Bakı-Lvov aviareysi üzrə uçuş 3 saat 30 dəqiqə davam edir.
.