Bu ağır cinayəti təsadüfən törədib?
İş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. 2011-ci il iyunun 5-də, saat 15 radələrində Suraxanıda “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Yeni Günəşlidəki “Badi-Kübə” mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Ədalət Qəmbərov vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub. Bundan başqa Türkel Əsədullazadə həmin vaxt daha bir neçə nəfəri öldürməyə cəhd edib.
Məhkəmədə ifadə verən Türkel Əsədullazadə bildirib ki, hadisə baş verən gün “Altun” istirahət mərkəzinə gəlib, fəhlələrdən birini çağıraraq qonşuluqda tikilən hündür mərtəbəli bina ilə istirahət mərkəzinin arasında olan divarı sökməyi tapşırıb: “Həmin binanı tikən şəxslər qəsdən ailəmə məxsus istirahət mərkəzinin torpağını zəbt edib özlərindən hasar çəkmişdi. Fəhlə gedib hasarı sökmək istəyərkən ailə üzvlərimə məxsus “A.R. & Ko” MMC ilə aramızda mülki mübahisəsi olan “Badu-Kübə” MTK-nın müdiri Ədalət Qənbərov işçiləri ilə birlikdə məni və fəhləni daş-qalaq etməyə başladılar. Ədalət Qənbərov və digərlərinin əllərində armatur parçaları var idi. Bu şəxslərin arasında yalnız Ədaləti, Firuddini və mühafizəçi Kamranı tanımışam, qalan şəxslər binanın tikintisində iştirak edən fəhlələr olublar. Ədalətgilin bizə tərəf atdığı daşları görüb məcburi şəkildə istirahət mərkəzinin ofisinə qaçaraq qapını qırıb içəri girdim. Oradakı tüfəngi və 7-8 ədəd patronu götürüb çölə çıxdım, patronlardan beşini tüfəngə doldurub hasara tərəf qaçdım. Hasara çatarkən hamının dağılışmasını təmin etmək üçün göyə bir dəfə atəş açdım. Ədalət, Firuddin və digərləri üstünə hücum çəkdilər, Ədalətgillə birlikdə olan tanımadığım qırmızı köynəkli oğlan əlindəki armatur parçası ilə məni vurmaq istəyərkən tüfəngdən atəş açıldı. Açılan atəş həmin oğlana dəydi. Özümü itirdim, nə etdiyimi bilmədim. Ümumiyyətlə, heç bir şey yadında qalmadı. Yalnız təcili tibbi yardım maşını gəldikdən sonra ayıldım. Əlimdəki tüfəngi ora gələn polislərə təhvil verdim”.
Daha sonra təqsirləndirilən şəxsə Ədalət Qənbərovun vəkili Mirismayıl Hadi suallar versə də, təqsirləndirilən şəxs onun suallarını cavablandırmaqdan imtina edib. Vəkilin silahdan istifadə etməsi və silahı bilərkdən əldə etməsi ilə bağlı suallara Türkel Əsədullazadə belə cavab verib: “Mən heç vaxt silah tanımamışam və silahdan da istifadə etməmişəm. Silah nədir, hansı markada olur, bunu da bilmirəm. Silahı götürəndə məqsədim orada olanları qorxutmaq olub. Heç vaxt quldurluq etmək niyyətim olmayıb”.
Türkel Əsədullazadə daha sonra bildirib ki, Ədalət Qənbərovu öldürmək niyyəti olmayıb: “Ədalət Qənbərovun ofisinin yanında mənim çay evim olub. Əgər Ədalət Qənbərovu öldürmək niyyətim olsaydı, bunu orada həyata keçirərdim. Çay evində olduğum zaman Ədalət Qənbərov ofisinə girib-çıxır. Niyyətimi orada həyata keçirərdim və cinayəti də orada törədərdim. Bu cinayət təsadüf nəticəsində baş verib”.
Təqsirləndirilən şəxs daha sonra bildirib ki, ona cinayəti tamah məqsədilə törətmiş olduğu barədə verilən hökm düzgün deyil: “Mənim bu cinayəti tamah məqsədilə törətmək niyyətim olmayıb. 5 ildir atamla Ədalət arasında mülk üstündə mübahisə gedir, mən bu mübahisələrin heç birinə qarışmamışam. Cinayətin baş verməsi də, atəşin açılmasıda təsadüf nəticəsində olub. Mən heç Nayibəni öldürmək və ya öldürməyə cəhd etmək ağlımdan keçməyib. Nayibə mənim atamın mühasibi olub, onu niyə öldürməliyəm? Bu ittiham da düzgün deyil. Hörməli hakim, tamah məqsədilə adam öldürmək ittihamını cinayət işindən çıxarmağınızı xahiş edirəm”.
Təqsirləndirilən şəxsin ifadəsinə münasibət bildirən zərərçəkmiş Nayibə Rzayeva bildirib ki, Türkel Əsədullayev onu da öldürmək fikri olub: “Türkel dayanmadan 15 dəqiqə ərzində bizi atəşə tutdu, fikri hamını öldürmək olub. Samidi güllələdi, imkan vermədi ki, ona köməklik edək. Bizi də öldürmək uçun dayanmadan atəş açdı, sonuncu gülləsinə kimi üstümüzə yağdırdı”.
Daha sonra mərhum Samid Məmmədovun oğlu Aslan Məmmədzadə bildirib ki, onun adından məhkəməyə göndərilən məktublar saxtadır. Onun sözlərinə görə, məhkəməyə heç bir məktub göndərməyib: “Məhkəməyə məktub göndərməmişəm, həmin məktubları mənim adımdan yazıblar, heç birindən xəbərim yoxdur. Türkel düşmənimdir, məni atasız qoyub. Amma mən onu ağır cəzalanmasını istəmirəm. Ömürlük cəza alması mənə heç bir xeyr gətirməyəcək. Onu da övladları var, istəmirəm ki, ömürlük cəza alsın, həmin uşaqlar da atalarından məhrum olsunlar”.
Bundan sonra hakim bildirib ki, cinayət işi üzrə məhkəmə istintaqı başa çatır. Tərəflər məhkəmə istintaqının başa çatmasına etiraz etməyiblər. Hakim sözü ittiham nitqi ilə çıxış etmək üçün dövlət ittihamçısına verib. Dövlət ittihamçısı çıxış etməyə hazır olmadığını və məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə də məhkəmə iclasının davamı aprelin 25-nə kimi təxirə salınıb.