Bu 25% xətası
Ha baxırsan, bircə pozitiv belə yoxdur. Ölkəmizlə bağlılıqda xəbər axınında yalnız neqativdir. Deyim qara eynək taxmıram ki, hər şeyi ağ-qara görəm, sadəcə, rəngləri hələ ki yaxşı seçə bilirik. Ölkədaxili situasiya bəllidir — görürük, eşidirik, anlayırıq. Necə deyərlər, təfsilata ehtiyac yoxdur. Söhbət seçkilərdən sonra xaricdən sərgilənən pozitivsiz neqativ münasibətdən gedir. Nə qədər arzuedilməz olsa da, kənardan yalnız tənqid, irad, kinayə, sarkazm, şikayət eşitmirikmi? Kənardan, ağzına yiyəlik edə bilməyənlərdən üstüörtülü, yaxud açıqca deyilmiş həyasız hədə-qorxuların atmosferi daha da kəsifləşdirdiyini bəlkə duymuruq?
Halbuki normalda seçkilərdən sonra yüklənmiş buludların boşaldığını, sərinlik gətirən yağışların toplumu sakitləşdirdiyini görməli idik. Əksinə oldu.
Bu hal şəxsən mənə xoş gəlmir, istər-istəməz rahatsızlıq oyadır. Güney Qafqazın bir küncünə qısılmış bu balaca ölkənin böyür-başında cərəyan edənlərin nə kimi bir təhdid yükü daşıdığını dərk edən hər kəsi, təbii ki, qorxutmalıdır. Necə rahatsız olmayaq ki, bu fağır ölkəni bir günün içində itələyib dözülməz basqıların hədəfinə gətirdilər — Vilhelm Telin yeniyetmə oğlu kimi ağacın dibində başında alma dayanıb, qarşıda nə qədər oxlu-yaylı, arbaletli toplaşıb. Hər kəs məharətini başımızda sınamaq həvəsindədir.
Tənbəllik etmək istəməyən hər kəsin üstümüzə ayaq aldığı bu günlərdə yanımızda bir dövlət, bir ağırçəkili beynəlxalq qurumun belə görünmədiyi düşündürücüdür. Siyasi və iqtisadi istəklərinin gerçəkləşməsi üçün mümkün olan hər şeyi etdiklərimiz və dost, tərəfdaş bildiklərimizin son seçkilərdən bəri şübhəli bir şəkildə, deyərdim hətta hirsə boğularaq susduqları da gözdən qaçmır. Niyə ağızlarına su alıblar? Nə baş verir? — deyə baş sındırırıq.
Bütün bunların fonunda beynəlxalq birliyin bizdən məsafə saxlamağa başladığı o qədər açıq ki… Təbriklərdə bir üzəvarilik hiss olunur. Sözü sözə sayılan beynəlxalq qurumlardan isə tənqidlər günü-gündən sərtləşməkdədir.
Bu kimi hallarda daim mənəvi dəstək gördüyümüz Ankaradan nəsə ummağa dəyməz — öz başının hayındadır, gündəmi həcc ziyarəti, «demokratikləşmə paketi» və s. Biz tərəfə baxmağa halı qalmayıb. İranmı? Onun bizə münasibətinin şərhə ehtiyacı yoxdur. Bu arada onun rəsmi orqanından YUNESKO-ya edilən Azərbaycan ünvanlı əcaib şikayət barədə xəbər tutanda ayağımızın altından yer qaçdı. Bu «Orxan Zeynalov məsələsi» də seçkilərdən sonra onsuz da qarışıq olan havanı daha da qarışdırdı.
Bir sözlə, bu balaca, lakin pullu ölkənin sıravi vətəndaşı siyasi-psixoloji basqıların özü ilə gətirdiyi qanqaraldıcı atmosferin burulğanındadır. Kinayə, sarkazm obyektinə çevrilmiş siyasi sistemin aciz durumda olduğunu gördükdə isə ümidsizlik duyğusu bir az da güc gəlir. Amerika elə, Qərb elə, Rusiya belə, İran məlum, Türkiyəni söylədik… Daxildən püskürən tənqid də bir yandan… Xarici siyasətimiz elə, daxili siyasətimiz belə. Əvvəl də iynə üstündə oturmuş kimiydik, indi daha pis.
Belə bir ekstremal durumda toplumun müqavimət qabiliyyətinin son dərəcə zəif olduğu nə qədər acıdır. Toplum keyləşmiş kimidir, özündə deyil. Baş verənlərə çaşqın-çaşqın durub baxır. Adama elə gəlir ki, onu daha çox özünü bu psixoloji pressinqin altında yaşamağa uyğunlaşdırmaq düşündürür. Onun, deyəsən, «Niyə belə oldu?» «İşlər niyə belə bir arzuedilməz şəkil aldı?», «Bizi kim bu zor halı yaşamağa məhkum etdi?» kimi suallar heç vecinə deyildir. Mütiliklə bütün bu baş verənləri qəzavü-qədərin ayağına yazmaq isə asanca, vərdiş etdiyimiz bir şeydir. Qısası, mənzərə bu qədər tünd.
İnsafən, ölkədə söz sahibi olanlar var gücləri ilə müdafiə olunmağa çalışırlar. Lakin futbolumuzda olduğu kimi, müdafiəyə çəkiləndə səhv səhvin arxasınca gəlir. Səfər Əbiyevlə amerikalı səfir arasında baş vermiş əhvalat — «audioyazı» işləri, deyəsən, tamam korlayıb. Artıq söhbət gəzir ki, Amerikadan və AB-dən Bakıya hərbçi heyətlərin səfəri dayandırılıb. Allah göstərməsin, bu praktika tətbiq edilərsə, elə hesab edək ki, bizi «izqoy» ölkəyə çevirmə prosesində artıq düyməyə basılıb.
Əlbəttə, Qərbin bizim kimi ölkələrə münasibətdə «ikili standart» deyilən yanaşması var. Bunu kim bilmir ki? Fəqət onları bunda asanlıqla ittiham etməkdənsə, yaxşı olmazdımı işimizi elə quraydıq ki, sonunda bu «ikili standartdan» giley-güzar etməyəydik. Məsələn, nəticəsi mübahisə doğurmayan seçkilər keçirəydik — tutalım, Şərqi Avropanın eynilə bizim kimi balaca postsosialist ölkələri, yaxud Monqolustan sayaq.
İndi bu 75% — 25% nisbəti «ləyaqətsiz təklif» deyə çox hallandırılır. Şübhəsiz, olubsa, onların ünvanına doğru təyindir. Lakin hər hansı bir qərbli səfir bu təklifi, görəsən, Avropanın son iyirmi beş ildə kommunist rejimlərdən qurtularaq demokratiya yolunu tutmuş hansısa bir ölkəsində dilinə dolaya bilərdimi? Lap elə bizim qonşularımız — Gürcüstanda və ya «dağılmaqda olan» Ermənistanda buna cəsarət edərdilərmi? Bəs niyə Azərbaycanda bunu məqbul sayıblar və bunca sərt reaksiya elə o gün deyil, indi bildirilir?
Unutmayaq ki, Sem dayının çoxbilmiş uşaqları bizim kimi balaca ölkələrdə boşuna oturmurlar. Cikimizə də bələddirlər, bikimizə də. Görünür seçki «praktikamızı» kamil mənimsəyiblər ki, belə bir rəqəm alverini təklif ediblər. Axı amerikalılar biznesi daha yaxşı apara bilirlər, Azərbaycanda isə onların maraqları nə qədər desən. Nəyisə hesablayıblar, yəqin.
Zarafat kimi qəbul edilməsin, bu 25% təklifi özlüyündə onların baxış bucağından rasional təklifə bənzəyir. Seçkilərin yekun rəqəmləri daha «real» təsir bağışlayacaqdı. Bir 5-3% də xala xətrin qalmasın o biri iddiaçılara. Normala uyğun görsənir, yoxsa 85 — Qərb dünyasının gözündə bu elə 99,99-un tayıdır. Axı bu 75% — 25% nisbəti olsaydı, nə dəyişəcəkdi ki?
İndi ox çillədən çıxıb. Baş verən bu oyunlar bunca lazım idimi? — sualı da artıq gecdir. Belə getsə, halımız necə olacaq? — bax günün başlıca sualı budur. Kim bu suala cavab verə bilər bu balaca ölkədə — bir görə bilsəydik.
[email protected]