Britaniyalı deputat: Xocalı aeroportu Avropaya təhlükə törədər
ATƏT-in himayəsi altında sülh danışıqlarının aparıldığı bir vaxtda Ermənistan hakimiyyəti Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində aeroport açmağı planlaşdırır. «Trend»in məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan deputat, parlamentin Azərbaycan ilə dostluq qrupunun rəhbəri Kris Pinçerin nüfuzlu «HuffPost Politics» qəzetinin saytında yerləşdirilən məqaləsində deyilir.
«Ekspertlərin əksəriyyəti güman edirlər ki, bu aeroportun açılması beynəlxalq hüquq normalarını, o cümlədən Çikaqo Konvensiyasının bir sıra müddəalarını, xüsusilə də 1, 2, 5, 6, 10-16, 24 və 68-ci maddələrini pozur. Hüquqi olaraq Xocalı aeroportu Azərbaycanın hava məkanı vasitəsilə sanksiyalaşdırılmamış uçuşlar həyata keçirə bilməz», — Pinçer yazır. Onun sözlərinə görə, Azərbaycan hökumətinin razılığı olmadan bu yolverilməzdir və istənilən qanun pozuntusu sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər: «BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bu məsələdə Azərbaycanı qətiyyətlə dəstəkləyir».
«Lakin bütün hüquqi nəticələrini bir tərəfə qoysaq, belə addım beynəlxalq ictimaiyyətin xeyli səylə — danışıqlar və etimad tədbirləri yolu ilə nail olduğu ləng və davamlı tərəqqini yalnız poza bilər. Buna görə də aeroportun açılmasına dair planlarla bağlı beynəlxalq səviyyədə reaksiya mühakimə etmək baxımından birmənalı oldu», — müəllif yazır. Pinçer xatırladır ki, sülh danışıqları aparan Minsk qrupu həmsədrləri Xocalıda aeroportun açılmasına dair işlərlə bağlı bəyanatlarında bu addımdan çəkinməyə çağırdılar. Onlar qeyd etdilər ki, bu, beynəlxalq hüquq çərçivəsində Dağlıq Qarabağın indiki statusunun dəyişdirilməsi üzrə hər hansı etirazlar üçün istifadə edilə bilməz. Deputat qeyd edir ki, Avropa Şurası Parlament Assambleyasının bəyanatında deyilib ki, Ermənistanın fəaliyyəti sülh nizamlanması prosesinə zərər yetirə, bununla da regionda gərgin vəziyyəti pisləşdirə bilər.
Müəllif yazır ki, bu yaxınlarda regiona səfər edən Norveç xarici işlər naziri öz xəbərdarlıqlarında daha açıq olub: «Norveç bu aeorportdan reyslərin həyata keçirilməsini qınayır. Ermənistan təxribat xarakterli fəaliyyətə əl atmamalıdır».
«İcmalar Palatasının Energetika komissiyasının üzvü kimi, xüsusilə hamıya məlum olan Rusiya-Ukrayna «qaz müharibəsi» fonunda Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın əhəmiyyətini bilirəm. Əgər regionda gərginlik irimiqyaslı münaqişəyə çevrilsə, bunun təsiri həm Qafqazda, həm də bütün Avropada hiss ediləcək. Mürəkkəb iqtisadi əlaqələr dünyasında yaşadığımıza görə bu nəticələr Britaniya sahillərinə toxuna bilər», — Pinçer qeyd edib.
Pinçer yazır ki, lakin Azərbaycanın Ermənistanın planlarına belə ağrılı reaksiya verməsinin digər səbəbi də var. «Aeroport münaqişə tarixi ərzində qətliamın, ən faciəvi hadisənin baş verdiyi yerdə — Xocalıda yerləşir. 1992-cil fevralın 26-da Xocalı şəhərinin 613 dinc sakini erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib», — Pinçer yazır.
Müəllif qeyd edir ki, heç kəs mülki vətəndaşların sərbəst hərəkətinə görə mübahisə etmir. «Əlbəttə ki, aeroportun təkrar açılması barədə danışmaq hərbi əməliyyatların başa çatmasından sonra mümkün olacaq və o zaman evlərindən qovulan və hazırda köçkün şəxslər üçün düşərgələrdə taqətdən düşən insanlar öz evlərinə qayıtmaq imkanı əldə edəcəklər», — deputat yazır. Onun sözlərinə görə, BMT TŞ-nin 4 qətnaməsinə baxmayaraq, Ermənistan ərazilərin hərbi işğalını dayandırmaqdan və 100 minlərlə məcburi qaçqının öz vətənlərinə qayıtmasına imkan verməkdən imtina edir.
Yeri gəlmişkən, Azərbaycan XİN növbəti dəfə bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində aeroportun açılması beynəlxalq hüququ təhqir etməkdir. Azərbaycanın işğal edilmiş ərazilərində (Xocalı aeroportundan) qanunsuz uçuşlarla əlaqədar rəsmi Bakının atacağı addımlar Çikaqo Konvensiyası çərçivəsində olacaq. «Trend»in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə XİN mətbuat katibi Elman Abdullayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın məlum bəyanatını şərh edərkən deyib.
«Biz sivil ölkəyik, beynəlxalq hüquq normalarını pozmuruq, özgə ərazidə uçuşlar həyata keçirmirik. Azərbaycan həmişə beynəlxaq hüquqa, o cümlədən Çikaqo Konvensiyasına sadiq qalıb» , — Abdullayev qeyd edib.
Abdullayev bildirib ki, Ermənistanın addımları beynəlxalq hüququ təhqir etmək deməkdir. Azərbaycanın öz hava məkanı üzərində suverenliyi var, Çikaqo Konvensiyasının iştirakçı ölkələri isə mövcud sənəd çərçivəsində qəbul edilən qərara hörmət etməyə məcburdurlar.
KTMT-nin baş katibi Nikolay Bordyuja isə yanvarın 29-da Yerevanda faktik olaraq Ermənistan hökumətinin sözçüsü qismində belə bir açıqlama vermişdi ki, Xocalı aeroportundan uçuş həyata keçiriləcəyi təqdirdə, Azərbaycanın Ermənistana məxsus təyyarələri vurmaq imkanını ciddi qəbul etmir.