Muəllif:

Brilliant Dadaşova: “Şans yaranmışdı ki, …»

Sənət yolunu daha çox Türkiyə ilə bağlayan xalq artisti Brilliant Dadaşova müəllif verilişində fasilə yaradandan sonra Bakıda daha çox olur. Sənətçi burada olduğu zamandan bəri yeniliklərini bir-birinin ardınca sapa düzüb. Ən son uğuru Heydər Əliyev Sarayındakı konsert sayıla bilər. Proqramına gəlincə:

— Biz bu proqramı müqavilə əsasında ərsəyə gətirmişdik, elə əvvəldən də planlamışdıq ki, yaya kimi davam edəcək. Mənə təklif olunmuşdu və mən də məmnuniyyətlə qəbul etmişdim. Çünki ürəyimdə deməyə çox sözüm var idi. Proqrama onların tanınmış sənətçiləri gələcəkdi. Onlar Fikrət Əmirov, Telman Hacıyev, Tofiq Quliyev kimi bəstəçilərin musiqilərini ifa edib anonim yazırdılar. Mənə şans yaranmışdı ki, oxuduqları musiqilərin müəlliflərini canlı efirdə onlara tanıdam.

Elə insanlar gəlirdilər ki, mənim musiqimin, mədəniyyətimin bələdçisi olmasaydılar, inanmıram ki, hər hansı birinin təklifinə gələrdilər. Mənim üçün də şərəfli idi ki, musiqimizi gözəl təbliğ edə bildiyim üçün məhz mənim təkliflərimi qəbul edirdilər. Azərbaycanda beş il televiziyada verilişi aparmışam. Bundan başqa, veriliş sponsora bağlı bir məsələ olmaqla yanaşı, daimi efirə çıxması üçün gərək orada yaşayaydım, mən isə onu bacarmazdım. Mən davamlı olaraq gedib-gəlirdim. Bir çoxları yalandan deyirdilər ki, mən orada yaşayıram. Amma belə deyildi, sadəcə, orada kirayə ev tutmuşdum. Çünki altı ay bu proqram müddətində həmişə hoteldə qala bilməzdim. Bu, həm də maddi baxımdan sərfəli deyildi. İndi isə dəvət ediblər ki, gələn aydan yenidən efirə çıxaq. Bunun üçün işlər də görülür, səs və görüntü aparatları yenilənir. Amma mən fikirləşməliyəm.

— Azərbaycanda xarici ölkələrdə tanınmaq deyən kimi sənətçilərin ağlına Türkiyə gəlir. Dünyada məşhurlaşmağın yolu Türkiyədən keçir?

— Mən deyə bilmərəm Türkiyəyə kim nə məqsədlə gedir. Amma mən həmişə dəvətlə getmişəm. İlk dəfə də 1992-ci ildə dəvət aldım. Səhnəyə çıxmalı olduğum gün Xocalı faciəsi baş verdi. Konsertimi təxirə saldım. Hətta hadisənin şokundan möhkəm xəstələndim. Onsuz da 1990-cı ilin şokunu hələ üzərimizdən atmamışdıq. O konsert baş tutmasa da, sonralar televiziya proqramlarına və yenidən konsertlərə dəvət aldım. Bu günə kimi də təkliflə, dəvətlə gedirəm.

Mən məşhurluq üçün orada heç vaxt pul xərcləmədim. Heç elə bir məqsədim də olmayıb. İstər şoumen Bəyazın, istər Seda Sayanın, istərsə də Mehmet Əli Erbilin verilişinə dəvətlə qatılmışam. Azərbaycan musiqisi ilə bağlı mövzu olan kimi məni dəvət ediblər. Mən də qəbul etmişəm. Niyə də etməməliyəm ki? Madam ölkəmi xaricdə təbliğ etmək şansım var, bunu niyə istifadə etməyim ki? Mən o vaxt Mehmet Əli Erbilin verilişinə çıxanda orada niyə məhz hər dəfə Şuşanın “Ş”si, Laçının “L”-si deyirdim ki? Çünki bu da bir təbliğat vasitəsi idi. Mən Türkiyəni tanıyan adamam. Oranın bölgələrinin də adını çəkə bilərdim. Amma bunu etmədim. Əvəzində isə Azərbaycanda bəziləri məni topa tutdular ki, guya mən Azərbaycan xanımlarını təhqir etmişəm. Kim nə deyir-desin, tarixdə ən düzgün olan şeylər qalacaq.

Bundan başqa, mənim 1997-ci ildə Norveçdə bir layihəm oldu, orada disk buraxdırdım. O ildən sonra çox azərbaycanlı sənətçilər həmin ölkəyə səfər etdi, konsert verdilər. Amma yenə də beş ildən sonra məni dəvət etdilər. Vaxt vardı, deyirdilər ki, Azərbaycandan bircə Brilliantı tanıdıqlarına görə onu çağırırlar. İndi onlara demək istəyirəm ki, niyə beş ildən sonra yenidən məni dəvət etdilər Norveçə? Demək, əsas tanınmaq deyil, əsas sənətdir. İkincisi, niyə biz məşhurlaşmaq kimi komplekslərə qapılırıq ki? Mühitdən də çox şey asılıdır. Tanınmaq üçün ömürlük xaricdə yaşamaq lazımdır. Amerikada yaşayan bir tanışım deyirdi ki, köç ömürlük burada yaşa, sənin üçün çox güclü komanda yığım, burada məşhurlaş. Amma mən qəbul etmədim. Çünki ömürlük orada yaşaya bilmərəm. Adicə Türkiyədə yaşaya bilmədim. Əgər daimi olaraq bir yerdə qalmayacaqsansa, orada heç bir məşhurluqdan söhbət gedə bilməz. Digər tərəfdən, əgər gözəl musiqi ifa edirsənsə, səni mütləq tapacaqlar, dəvət də edəcəklər. Necə ki, məni dəvət edirlər. Mənim nə vaxtsa məşhur olmaq kimi komplekslərim olmayıb. Azərbaycanda elələri var ki, ölkəmizdə yetərincə mədəniyyəti təbliğ edə bilməyib, iki-üç uşaq mahnısı ilə xaricdə tanınmaq istəyirlər. İstənilən adam hansısa bir hasara çıxıb paltarını başına çəksə, məşhurlaşacaq, onu bütün Azərbaycan barmaqla göstərəcək. Əsas tanınmaq deyil, əsas mədəniyyət və musiqidir. Belə insanlar mədəniyyətimizi dekorasiya səviyyəsində təbliğ edirlər. Hesab edirəm ki, əgər izləyici üçün sənətçinin musiqisi və səsi maraqlıdırsa, daha reytinq xətrinə nələrinsə dalınca qaçmaq doğru deyil. Mən Türkiyədə Azərbaycanın təbliği üçün elə şeylər etmişəm ki, gəlib deməmişəm. Çünki mənə lazım deyil. Onsuz da tarixdə ən yaxşılar qalacaq.

— Sosial şəbəkələrdə də aktivliyiniz var. Bunu bəzən sənətçinin hər məqamı göstərməsi, şəxsi həyatını ictimailəşdirməsi kimi də qiymətləndirirlər. Aktiv sosial şəbəkə istifadəçisi kimi bu fikirlərə münasibətiniz nədir?

— Mən bilirəm ki, sosial şəbəkələrdə ehtiyacı olan çox insanlar var ki, imkanları yoxdur istirahətə getsin, konsertlərə bilet alsınlar. İmkanlı adamlar onsuz da aktiv olaraq sosial şəbəkələrdən istifadə etmirlər. Onların başqa maraqları var. Burada isə sadə xalq çoxluq təşkil etdiyi üçün mən onlar üçün nələrisə paylaşıram. Mən onları inandırmağa çalışıram ki, mən də onlar kimiyəm və ümumiyyətlə, dünya insanları hamısı birdir. Tanınmış, tanınmamış — heç bir fərqi yoxdur. Biz hamımız ruhən yaxın olan insanlarıq. Məsələn, mən evdə olan idman məşqlərimi belə təbliğat üçün paylaşıram. Mən o videonu paylaşandan sonra xanımların əksəriyyətindən təşəkkür məktubları aldım. Onlar deyirdilər ki, sizin bu videolarınız bizim üçün stimul oldu ki, idmana başlayaq, sağlam olaq. Məni çox inanclı böyüdüblər, ona görə də insanlar üçün yaxşılıq etməyi sevirəm. Həm də bundan öncə mənim adımdan səhifələr açıb özlərinə sərf edən işlərlə məşğul olan adamlar vardı ki, səhifəyə əxlaqsız şəkillər yükləyirdilər. Mən həm də öz adımı xilas etmək üçün bu şəbəkəyə qoşuldum. Çünki başqa cür hamıya birdən necə izah edə bilərdim ki, bu mən deyiləm?

— Sonuncu dəfə nə vaxt teatra getmisiniz?

— Bildiyiniz kimi, həyat yoldaşım Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktorudur. Elə dörd ay öncə həmin teatrda “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerasında olmuşam. Çox gözəl hazırlanmışdı, çox da bəyənmişdim. Elə sonuncu dəfə orada olmuşam. Düzünü desəm, o qədər də vaxtım olmur ki, hər gün tamaşalara gedim.

— Bəs kitab necə, oxuyursunuzmu? Aylıq gəlirinizin neçə faizini kitaba xərcləyirsiniz?

— Kitabları həmişə həyat yoldaşım alır. Mən əvvəllər həddindən artıq çox kitab oxuyurdum. Son dövrlərdə isə Facebook-dan istifadə etdiyimə görə, demək olar kitab oxumamışam. Çünki boş vaxtlarımın çox hissəsini Facebook-da keçirirəm.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 357