Muəllif:

Bravo: demokratiya təntənəsi!!!

Ankara
Heç vaxt yadımdan çıxmaz. 2003-cü il oktyabrın 16-sı idi. ATƏT, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa Birliyinin birləşmiş müşahidəçi missiyası Azərbaycanda prezident seçkilərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirirdi. O zamanlar AŞPA-nın Azərbaycan üzrə məruzəçilərindən biri olan ispaniyalı Martines Kassan bir gün əvvəl başa çatmış seçki prosesini dəyərləndirərkən bəyan etdi: «Bu seçkilər Azərbaycanda demokratiyanın təntənəsində irəliyə doğru çox ciddi addımdır».
2003-cü il seçkiləri məlum səbəblərdən bütün dünyanın diqqət mərkəzində idi. Dünyanın hər yerindən Bakıya kütləvi informasiya vasitələrinin nümayəndələri axışmışdılar. Mətbuat konfransında İspaniyanın «El-Pais» qəzetinin bir qadın müxbiri iştirak edirdi. Oturaq yerlər çatmadığından mətbuat konfransı keçirən müşahidə missiyası üzvlərinin masasının lap qarşısında döşəmədə oturmuşdu. Ayağa durub Martines Kassana yalnız bir sual verdi: «Sizi neçəyə satın aldılar, cənab Kassan?». Əslində bununla da mətbuat konfransı bitmiş oldu. Çünki bu sual verilən zaman Bakı küçələrində nümayişçilərlə polis və ordu qüvvələri arasında toqquşmalar başlamışdı. Martines Kassan 2000-ci ildə keçirilmiş parlament seçkilərində də müşahidə missiyasının üzvü idi. O zaman isə mətbuat konfransında səslənən suallara cavab olaraq aşağıdakıları demişdi: «Mən İspaniyada demokratiyanın təntənəsi uğrunda həbsxanalarda yatmış bir siyasətçiyəm. Biz seçkilər zamanı baş verənlərlə bağlı mövqeyimizi bildirdik. Amma biz sizin yerinizə küçələrə çıxıb barrikadalarda seçkinin nəticələrinin rəsmən tanınması üçün mübarizə aparan deyilik». Bir sözlə, üç il ərzində M.Kassan ilə əcaib bir metamorfoza baş verdi. Bizim azadlığımız uğrunda ən azından səsini ucaltmağa hazır bir insan üç il ərzində utanıb-qızarmadan hər bir vətəndaşın ayrı-ayrılıqda və bütövlükdə bütün xalqın hakimiyyəti formalaşdırmaq haqqının ağına-bozuna baxmadan ayaqlar altında taptalanmasında iştirak etdi.
ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç (1994-1997) «Turan»ın Vaşinqton müxbirinə 9 oktyabr prezident seçkilərini şərh edərkən onları «saxta» adlandırıb. Kozlariç deyib ki, Azərbaycan getdikcə daha qeyri-demokratik, repressiv dövlətə çevrilir, burada əsas insan hüquq və azadlıqları, ifadə azadlığı yoxdur, korrupsiya isə artır.
Seçki günü bir neçə qalmaqalla yadda qalıb, məsələn, MSK-nın saytında İlham Əliyevin qələbəsi haqqında əvvəlcədən hazırlanmış məlumatların, bülletenlərin topa şəklində qutulara atılmasını göstərən videoçəkilişlərin və digər kütləvi saxtakarlıqların çıxması kimi.
Bütün bunlar Qərb üçün seçkilərin legitimliyini şübhə altına qoymur? Bu suala cavabda keçmiş səfir qeyd edib ki, saxtalaşdırmalar «həftələrlə əvvəl» başlayıb.
Məsələn, sentyabrın sonlarında hansısa Amerika şirkəti seçicilər arasında seçkiqabağı sorğu keçirib, sorğu nəticələrinə görə, guya fəaliyyətdə olan prezidentin reytinqi 86% olub.
Bu, icra hakimiyyətlərinə və seçki komissiyalarına bu «nəticəyə» nail olmaq lazım olduğu haqqında siqnal idi ki, bu da edildi. 9 oktyabr səsvermə günü, sadəcə, Azərbaycanda seçkilərdə manipulyasiyalar aysberqinin zirvə nöqtəsidir.
«Əvvəlki seçkilərdə də eyni şeyi gördüm. Nə baş verdiyini başa düşmək üçün rejimin həftələr və aylar öncə bütün prosesi necə manipulyasiya etdiyinə baxmaq lazımdır».
ABŞ-ın bu seçkilərlə bağlı mövqeyi necədir?
Buna cavabda eks-səfir qeyd edib ki, hələlik rəsmi reaksiya yoxdur. Seçkilərə qədər Bakıdakı səfirlik seçkilərin demokratik keçiriləcəyinə ümid etdiyini bəyan edib. «Lakin bunun baş verdiyini düşünmək üçün əsas yoxdur», — deyə Kozlariç bildirib.
Müxalifət haqqında suala cavabda Kozlariç qeyd edib ki, müxalifətin, bütün çətinliklərə və təxribatlara baxmayaraq, ləyaqətlə ayaqda durmağa hazır olmasından qürur duyur.
İstər müxalifət olsun, istərsə də ədalətli demokratik proseslər vasitəsilə ölkələrində siyasi dəyişikliklər istəyən sadə Azərbaycan vətəndaşları nəticələrdən məyus olub. Xüsusən öz gələcəklərini dəyişməyin yollarının axtarışında entuziazm və yaradıcı yanaşma nümayiş etdirən gənclər daha yaxşı nəticələrə layiqdirlər, deyə diplomat bildirib.
Kozlariçi şəxsən tanıyıram. Azərbaycanın dostu, ABŞ-ı yalnız bir dövlət kimi deyil, eyni zamanda bir dəyərlər sistemi kimi ölkəmizdə təmsil edən, məncə, yeganə səfir olub. Artıq diplomat deyil. Amma yenə də sakit durmur. Azərbaycanda və Azərbaycan ətrafında baş verən proseslərə imkanı daxilində müdaxilə edir. Amma faydası yoxdur. İngiltərənin ən məşhur, bəlkə də ən qalmaqallı şairlərindən biri Corc Qordon Bayron vaxtilə demişdir: «Azadlıq uğrunda harada mümkündürsə, orada mübarizə apar». Bu, onun özünün də həyat prinsipi idi. Bayron öz həyatını yunanların bizlərə, yəni türklərə qarşı verdiyi azadlıq mücadiləsində qurban verdi.
Amma Bayronun çağırışı bizə aid deyil. Biz azad insan, azad vətəndaş olmaq istəmirik. Biz onlardan deyilik. Bizə azadlıq yaraşmaz. Öz azadlığı uğrunda mübarizə aparmağa hazır vətəndaşın, millətin kənardan yardım gözləməyə haqqı ola bilər. Bizim isə buna haqqımız belə çatmır.
Biz çox ucuz satılırıq. Özü də topdan. Özü də nəinki keçmişimizi, bu günümüzü, hətta övladlarımızın gələcəyini belə satırıq. Mən Eynulla Fətullayev kimi, keçmiş də olsa, bəlkə də müstəqillik dövrümüzün ən məşhur «vicdan məhbusumuzu» demirəm. «Vicdan məhbusu» və Eynulla Fətullayev! Bir-birinin ardınca sadalanması belə əcaib görünən iki anlayış tapmaq çox çətindir. İstedadına söz ola bilməz. Amma bu həmkarımızla bağlı heç vaxt, heç bir müsbət gözləntim olmayıb. İndi də həmişə olduğu yerdədir. Əslində o heç vaxt yerini dəyişməmişdi. Hətta «söz azadlığı» simvolu kimi qəbul edildiyi zamanlarda belə…
Amma son zamanlarda mənim üçün əziz, dəyərli olan bir çoxlarının sındığının, satıldığının şahidi oldum. Bəlkə də idealistəm. Mənim üçün o insanların sınmasını görmək mənən çox ağırdır. Amma inanıram ki, etiraf etməsələr də, onlar düşdükləri durum üzündən məndən daha çox əzab çəkirlər. Çünki daxilən həmişə azad insan olmağa çalışıblar. Amma sındılar. Seçkilərin bir texniki prosedur kimi nəticəsində iqtidarda kimin olmasının elə bir önəmi yoxdur. Hər şey zaman aşımına uğrayır. Lakin azadlığı bir dəyər kimi qəbul edən və bu dəyərlərin, passiv də olsa, daşıyıcısı olan insanların sınması, satılması ən dəhşətli sonucdur. Bu, demək olar ki, sondur…
İndi Martinez Kassanı qınamıram. O, bizi bizdən daha tez və daha yaxşı tanıdı. İndi artıq seçkilərin nəticələrini demokratiyanın təntənəsi kimi dəyərləndirən nə Avropa Birliyi Parlamenti, nə də AŞPA missiyası üzvlərini belə qınamağa haqqım yoxdur. Söhbət onların deyil, bizim azadlığımızdan gedir. Biz isə öz azadlığımız uğrunda mübarizə aparmaq istəmirik. Bunun əvəzində başqalarının mütləq, o cümlədən bizim azadlıqlarımızı belə qısıtlamaq haqqını belə ehtiva edən «azadlığına» tabe olmağa hazırıq.
Utanıb-qızarmırıq belə. Bizi bizim özümüzün azad olmağa layiq olduğumuza inandırmağa çalışan ATƏT DTİHB missiyası üzvlərini təpik altına salıb şil-küt etməyə belə hazırdıq. Bunu da gördük.
Əgər iş bu yerə çatıbsa, onlar, yəni yadlar, yabançılar nədən bizim azadlığımız uğrunda mübarizə aparmalıdırlar? Axı onsuz da faydası yoxdur. Zindan həyatımızı xoşbəxtlik və ədalət səltənəti kimi görmələri üçün onları şil-küt belə etməyə hazırıq. Nədən bizim istədiyimizi görməsinlər. Bir də ki, gerçək nədir — gördüyümüz və ya görmək istədiyimiz?! Artıq onların da əksəriyyəti bizim onlara «görüntüləmək» istədiyimizi «görməyə» hazırdır. Başları ağrımır. Bəziləri isə hətta qazanırlar…
Əvvəllər bizi keçmiş sovetlər məkanında oxumamaq üçün rüşvət verməyə hazır olan bir xalq kimi tanıyırdılar. İndi isə məşhuri-cahanıq. Bütün Dünya bizi azad olmaq üçün deyil, zindanda qalmaq üçün rüşvət verməyə hazır bir xalq kimi tanıyır. Doğrudan da, analoqu yoxdur…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 315