Muəllif:

Böyük Nizaminin böyür-başında şübhəli vurnuxmalar davam edir

Özü buna filosofyana baxır məncə. Şəhərlərimizin memarlıq fəzasında uca pyedstal üzərindən onun böyür-başında vurnuxan şübhəli subyektlərə başqa nə cür baxmaq olar ki? Yel qayadan nə apara bilərmiş?
İndi də Euronews-da Gəncə və Nizami haqqında çəkilmiş süjetin qovğası… Qədim çağlardan Türk şəhəri kimi tanınan və qəbul edilən ulu Gəncənin yetişdirib insanlıq tarixinə bağışladığı bu mütəfəkkir şairi bizdən «qoparmaq» üçün sarsaq cəhdlərdən daha biri… Əldə tutalğacları onun o çağın dəbi ilə farsca yazması… Nə olsun ki, əvəzində Nizami özünün Türk mənşəyi ilə qürur duyub. Savadınız varsa, kitab oxuya bilirsinizsə, cürətiniz varsa gedin oxuyun. Ömür-gün yoldaşı Qıpçaq qızı Apağı «mənim Türk Gözəlim» deyə vəsf edib. Oğlu Məhəmməd barədə Tanrıdan «Saxla Türkzadəmi sən ey Yaradan» deyə iltimasda bulunub. Türkləri yer üzünə ədalət gətirən bir xalq kimi öyüb, uca tutub. Hələ öz zamanında onu mənsub olduğu xalqdan, yurddan ayırmaq istəyənlər olub və özü onların cavabını verib — indiki dildə bu cavab beləydi:
«Mənim Türklüyümü məndən almaq istəyən həbəş soylular bunu bacarmaz, o yazıqlar xoş dovğanın dadına hardan bilsinlər». Mənsub olduğu Türk Dünyasına da gözəlcə bələd idi.
Deyirdi: «Xəzər dağlarından Çin dəryasına qədər hər yeri Türklərlə dolu görürəm»

Azərbaycan MEA Gəncə Bölməsi Euronews-da Gəncə və Nizami Gəncəvi haqqında çəkilmiş verilişlə bağlı yaydığı bəyanatda da bu kimi tutalqalar xatırladılır: ”Gəncə şəhəri Əhəməni imperiyasının ərazisi, Nizami Gəncəvi isə fars şairi kimi təqdim olunub. Süjet hazırlanarkən Gəncədə fəaliyyət göstərən 100-dən artıq ictimai-humanitar sahə üzrə alimlər, eyni zamanda Azərbaycan MEA Gəncə Bölməsinin görkəmli nizamişünas və tarixçi alimlərindən deyil, bu sahədən uzaq, heç bir elmi fəaliyyəti olmayan insanlardan müsahibə alınıb və nəticədə həm Gəncənin qədim tarixi, həm də Nizami Gəncəvinin milli mənsubiyyəti özgələşdirilib. Nizami Gəncəvi öz əsərlərində türk olduğunu dəfələrlə qeyd edib, hətta fars millətçisi kimi tanınan nizamişünas Zərrin Kub belə dahi şairin və onun Vətəni Gəncənin türk olduğunu yazıb. Gəncə şəhərində 900-dən artıq tarixi memarlıq abidələri, arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş 30 min eksponatlar mövcud olduğu halda Euronews telekanalı şəhər ətrafında yerləşən kəndləri və kənd həyatını çəkərək şəhər mədəniyyəti kimi təqdim edib, həmçinin Gəncə şəhərini fars şəhəri adlandırıb. Halbuki məşhur ərəb tarixçisi İbn Əzrək Gəncənin türk şəhəri olduğunu öz əsərlərində isbat edib”.

Bəyanatda o da qeyd edilir ki, Euronews kanalı Nizami Gəncəvinin məqbərəsinin yanında uyuyan ata və anası, bu gün də Gəncədə yaşayıb yaradan şəcərəsinin davamçıları olan Şeyxzamanlılar nəslinin təmsilçilərindən, özəlliklə Nizami nəslinin dünyada tanınmış davamçısı olan, hazırda ABŞ-da yaşayan və ABŞ-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Tomris Azəridən (Şeyxzamanlı) deyil, təsadüfi insanlardan müsahibə alaraq tarixin heç bir mərhələsində Gəncədə yaşamayan fars faktorundan söhbət açıb.

Alimlər Euronews kimi nüfuzlu bir telekanalın Gəncə şəhəri və dahi Nizami Gəncəvi ilə bağlı hazırladığı verilişi milli-mənəvi dəyərlərimizə qarşı yönəlmiş təhrif və təhqir kimi dəyərləndirir və dərhal təkzib və üzr istəməsini tələb edirlər.

Bizim bir Türk ata sözünü xatırlatmaq yerinə düşür: Milçək murdar deyil, könül bulandırır. Nəsə bu kimi ürək bulandıran sarsaq cəhdləri ilə bundan sonra da üzləşə bilərik və üzləşəcəyik. Təzəlikcə özlərinə «tarix» quraşdırmaq istəyən «balacalar» yaman çoxalıblar. Süfrəmizdən açıq-aşkar oğurluq edir, üstəlik də özlərini yaxşı aparmırlar. Cavabını vermək isə boynumuzun borcudur. Bu kimi məsələlərdə özəlliklə gənclərimiz elektron məkanda gözüaçıq olmalıdırlar.

Tək Nizami deyil, orta şağlarda bir çox Türk ədibləri dəbin sehrindən qurtula bilməyərək, yaxud daha geniş coğrafiyada tanınmaq istəyi ilə əsərlərinin tamamını (ya da bir qismini) farsca yazıblar. Bu gün də İranda bir sira istedadlı yazarlar farsca yazırlar. Rusca yazmış və yazan ünlü ədiblərimiz də az deyil — Çingiz Abdulalyev, Çingiz Hüseynov, lap elə Çingiz Aytmatov kimi azman yazıçımız. Hələ desən almanca (Məhəmməd Əsəd bəy), fransızca (Ümmülbanu Əsədullayeva) yazanlarımız da var. Heç kəs onların Türklüyünü dana bilməz. Dil onlarda sadəcə ifadə vasitəsidir.

Sonda bizə universitetdə dərs demiş rəhmətlik Əli Fəminin (Nizamini orijinalda əzbərdən bilirdi) bir sözünü xatırlatmaq istərdim, deyirdi ki, görkəmli İran ədəbiyyatşünası Vəhid Dəstgirdi hələ 30-cu illərdə Nizaminin
ədəbi mənsubiyyəti barədə mübahisələr qızışanda şairi başdan-ayağa təhlil edərək bir kitab yazmış və belə nəticəyə gəlmişdi: Nizami bizim farscada yazmış olsa da, ondan Türk qoxusu gəlir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 270