Muəllif:

Böyük maraqlar, bəsit davalar

Ankara
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin parlament fraksiyasının son toplantısında Suriya rejiminin Banyas qəsəbəsində törətdiyi qətliamı Kərbəla ilə, Əsədi isə Yezidlə eyniləşdirdi. Ərdoğan Suriyadakı qətliamın, zorakılıqların məsuliyyətinə beynəlxalq birliyi də ortaq etdi və dünyanın ləng tərpənməsi ucbatından hər gün dinc insanların öldüyünü söylədi.
Ərdoğandan sonra öz partiyasının deputatları qarşısında çıxış edən ana müxalifət lideri — Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə nə Əsədi, nə də beynəlxalq birliyi suçladı. Kılıçdaroğlunun hədəfində Ərdoğan vardı:»Suriyada dinc insanlar ölür və bu mənzərənin günahkarlarından biri də Rəcəb Tayyib Ərdoğandır. Bir binada yanğın baş verərsə, siz o yanğını söndürmək əvəzinə üstünə benzin töksəniz, sonda bu olacaq. Suriyanın bugünkü vəziyyətinin səbəbkarı Ərdoğan və onun səriştəsiz xarici işlər naziridir. Qosqoca Türkiyə birilərinin oyuncağına çevrilib».
Türkiyə ictimaiyyəti isə aylardır hökumət və müxalifət arasındakı bu Suriya cəbhələşməsini sakitcə seyr edir. Seyr edir deyirəm, çünki Türkiyə ictimaiyyətini Suriya məsələsinin çox da yaxından ilgiləndirdiyini söyləmək mümkün deyil. Daha çox öz içinə qapanıq olan, ətrafında və dünyada baş verən hadisələrə anlıq, günlük, ən uzağı həftəlik reaksiya verən Türkiyə ictimaiyyəti üçün Suriyadakı zorakılıqlar, qətliamlar bir bölgə ölkəsiylə bağlı televiziya və ya agentlik xəbərindən daha artıq önəm kəsb etmir. Baxmayaraq ki, Suriyadakı böhranın ağrısını birbaşa çəkən ölkələrdən biri və ya birincisi Türkiyədir — ən azı Suriya ilə həmsərhəd bölgələrdəki qaçqınların timsalında…
Amma Türkiyə ictimaiyyəti nə Kılıçdaroğlunun söylədiyi kimi Suriyada baş verənlərin səbəbkarının Ərdoğan olduğunu düşünür, nə də Ərdoğanın apardığı Suriya siyasətinə ciddi dəstək verir. Türkiyə ictimaiyyəti bu məsələdə müşahidəçi mövqeyindədir.
İqtidar təmsilçiləri aparılan siyasətin doğru olduğuna və xalqın da sonunda bunu başa düşəcəyinə inanırlar. Türkiyə iqtidarını bu mərhələdə narahat edən yeganə faktor Əsədin gedişinin uzanması, daha doğrusu, ABŞ başda olmaqla Qərbin ləng tərpənməsinin Suriya rejiminin gedişini uzatmasıdır. Prosesin Tunisdə, Misirdə və hətta Liviyadakı qədər sürətlə getməməsi, Rusiya və İranın (o cümlədən Çinin də) açıq şəkildə rejimə dəstək verməsi, xüsusilə ABŞ-ın olduqca ağır tərpənməsi Suriyadakı böhrana hər kəsdən əvvəl reaksiya verən və bu böhrana qədər səmimi olduğu Əsəd rejimiylə üz-üzə gələn Ankaranın mövqeyini zəiflədir.
Türkiyə müxalifətinin isə əslində Suriya problemi yoxdur. Ümumiyyətlə, Türkiyə müxalifətinin xarici siyasət dərdi yoxdur. Müxalifətin apardığı siyasəti «Düşmənimin (iqtidarın) düşməni dostumdur» kimi səciyyələndirmək daha məntiqli görünür. Cümhuriyyət Xalq Partiyasının Suriyaya deputat heyəti göndərməsini, o heyətin minlərlə insanın qətlə yetirilməsinə fərman verən Bəşər Əsədlə görüşüb səmimi pozlar verməsini, müxalifətin hər fürsətdə İran və Rusiya kimi ölkələrin mətbuatında və siyasi çevrələrində dilə gətirilən «Türkiyə Suriya müxalifətinə silah verir» iddialarına dəstək verməsini başqa arqumentlə izah etmək çətindir. Yeri gəlmişkən, bu miqyasda olmasa belə, Türkiyə müxalifəti bənzər davranışı 2009-cu ildə Azərbaycanla yaşanan gərginlik zamanı da nümayiş etdirmiş, Ərdoğan hökumətiylə münasibətləri pozulan Azərbaycan hakimiyyətinin yanında yer almışdı. Bu, əsla Türkiyə müxalifətinin Azərbaycana çox ciddi marağından, qayğısından və ya prinsiplərindən irəli gələn bir davranış deyildi, çünki elə olsaydı, məntiqlə həmin münasibətin əvvəlini və davamını da görməliydik. Türkiyə müxalifəti, sadəcə olaraq, «düşməninin» yeni «düşmən» qazanmasından çox bəsit şəkildə faydalanmağa çalışmışdı. Eyni vəziyyət indi Suriya üçün keçərlidir. Gələcəkdə başqaları üçün keçərli olacaq. Günün birində böyük güclərin Azərbaycanla bağlı strateji qərarları və buna müvafiq olaraq Azərbaycanda vəziyyət dəyişərsə, Türkiyə hökuməti də Azərbaycana münasibətdə Suriyadakı kimi davranarsa, Türkiyə müxalifətinin Əliyev iqtidarının ən böyük dəstəkçisi olacağını da indidən əminliklə söyləmək mümkündür.
Amma Ərdoğandan fərqli olaraq, müxalifətin bu oyunlardan qazancla çıxmaq şansı yoxdur — hakimiyyət uğrunda böyük mübarizədə bu cür bəsit üsullar seçdikləri üçün həm CXP-lilər, həm də MHP-lilər özləri özlərini bu şansdan məhrum edirlər. Yəni bu gün Suriyadakı rejimə qarşı tək (müxalifətin dəstəyi olmadan) mübarizə aparan Ərdoğan Əsədin məğlubiyyəti təntənəsini də tək yaşayacaq. Təbii, bu məğlubiyyət tarixin dəftərinə yazılacağı halda.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 308