Borcu ödəməyən qohumları bıçaqdan keçirdi
Laçın rayonunun Şəlvə kəndindən olan Əli Mərdanov ötən il mayın 2-də, saat 9 radələrində Ağdamın Quzanlı qəsəbəsində yaşayan qohumu Taryel Musayev və onun atası Təhməzi aralarında borcla bağlı yaranmış mübahisəyə son qoymaq üçün məsçidə getmələrini təklif edib. Ata və oğulu məsciddə and içdirmək adı ilə maşına oturdub və məscidə deyil, Borsunlu-Hindarx asfalt yolundan Üçoğlan kəndinə ayrılan yola aparıb.
Əli Mərdanov orada avtomaşından düşərək Taryel Musayevlə mübahisə edib. Sonra cib bıçağı ilə əvvəlcə Taryel Musayevi, sonra isə mübahisəni sakitləşdirmək istəyən Təhməzi bıçaqlayıb. Sonra hadisə yerindən çıxıb gedib. Taryel Musayev atasını Ağdam mərkəzi rayon xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Əli Mərdanov əvvəllər də qəsdən adam öldürmə əməlinə görə həbs olunub. O, 14 illik məhkumluq həyatından sonra 2011-ci ildə azadlığa buraxılıb.
Qətlə yetirilən Təhməzlə qatilin yaxın qohumluq əlaqələri var. Əli Mərdanov ifadəsində bildirib ki, qətlə yetirdiyi qohumu 20 il əvvəl ondan 700 dollar dəyərində borc pul alıb və geri qaytarmayıb. Mübahisə də bunun üstündə yaranıb.
Təqsirləndirilən şəxs ifadəsində əlavə edib ki, hadisə zərərçəkmişlərin qanunsuz hərəkətləri nəticəsində baş verib: «Mübahisə zəminində zərərçəkmişlər üstümə hücum etməsindən qorxaraq əlimdə olan bıçaqla özünü müdafiə etmişəm və nəticədə bıçaq ehtiyatsızlıqdan zərərçəkmişin ayağına dəyib. Zərərçəkmişlər mənə yaxın qohum olub. Onlara heç bir zaman pislik etmək fikrində olmamışam. Heç bir zaman təsəvvürümə gətirə bilməzdim ki, belə bir xırda münaqişə bu cür faciyəyə səbəb olacaq. Hazırda törətdiyim əməldən səmimi peşmançılıq çəkirəm».
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əli Mərdanov bu dəfə 11 il müddətinə azadlıqdan məhrum edilib.