Boksçularımız Xerson turnirinə qələbə ilə başladılar
Xersonda Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Yarışda Ukrayna, Azərbaycan, Gürcüstan, Türkiyə, Misir, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya, Ermənistan komandaları iştirak edirlər. Azərbaycan Boks Federasiyasına istinadən, yarışın ilk günündə rinqə çıxan boksçularımızın hamısı qələbə qazanıblar. 56 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ilk döyüşünü qalibiyyətlə başa vurub. Son Azərbaycan çempionatının bürünc mükafatçısı ukraynalı Anton Kosseni 10:7 hesabı ilə məğlub edib.
Tamerlan Abdullayev də (69 kq) yarışa qələbə ilə başlayıb. Azərbaycan çempionu moldovalı Valeri Sirbu ilə döyüşdə çətinlik çəkməyib — 18:8.
Ötən il 21 yaşlılar arasında Avropa çempionu olmuş Elvin İsayev də (60 kq) ilk görüşdə məşqçilərin etimadını doğruldub. Milli komandamızın üzvü Rusiya idmançısı Sergey Krasnitskini 13:8 hesabı ilə üstələyib.
London olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) ilk mərhələni qələbə ilə başa vurub. O, Ukrayna boksçusu Vladislav Voytalyuku yarışdan kənarlaşdırıb — 16:11.
Bu turnirdə Salman Əlizadə, Teymur Məmmədov və Kamran Mehdiyev də iştirak edirlər.