Boksçularımız Avropa çempionatına optimal heyətlə yollanır
İyunun 1-də Belarusun paytaxtı Minskdə boks üzrə böyüklər arasında növbəti Avropa çempionatı start götürəcək.Azərbaycan boksçuları Avropa çempionatına optimal heyətlə yollanır.
Azərbaycan Boks Federasiyasından yayılan informasiyay görə, milli komanda baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yarışda tam heyətlə çıxış edəcək. Heyətdə son Olimpiya Oyunlarının bürünc mükafatçıları Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91+ kq), eləcə də Avropa çempionu Salman Əlizadə ilə (49 kq), qitə çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev də (64 kq) var.
Bir sözlə, millimizin heyətini tam optimal saymaq olar. Belə ki, boksçularımız əvvəlcə Qırğızıstanda — İsıkkul gölü sahilində ümumi fiziki hazırlıq keçib, daha sonra isə Kiyevdə — Konça Zaspa Olimpiya Mərkəzində bir neçə ölkənin boksçuları ilə birgə toplanışda iştirak ediblər.
Xatırladaq ki, 2011-ci ildə Ankarada Avropa çempionatında Salman Əlizadə və Teymur Məmmədov qızıl, Heybətulla Hacəliyev isə bürünc medal qazanmışdılar.
Azərbaycan milli komandasının heyəti
49 kq — Salman Əlizadə
52 kq — Elvin Məmişzadə
56 kq — Samir Məmmədov
60 kq — Elvin İsayev
64 kq — Heybətulla Hacəliyev
69 kq — Tamerlan Abdullayev
75 kq — Soltan Migitinov
81 kq — Rauf Rəhimov
91 kq — Teymur Məmmədov
91+ kq — Məhəmmədrəsul Məcidov
Qeyd edək ki, 75 kq çəki dərəcəsində dəyişiklik edilə bilər. Belə ki, Soltan Migitinovun ailəsinə bu günlərdə faciə üz verib. Qaz partlaması nəticəsində boksçunun azyaşlı uşağı dünyasını dəyişib. Həyat yoldaşı və digər 2 uşağı isə hazırda xəstəxanadadır. Azərbaycan Boks Federasiyası bununla bağlı Migitinova və onun yaxınlarına dərin hüznlə başsağlığı verir.