Biznes fəaliyyətinin yoxlanılmasında vahid qayda olacaq
Biznes fəaliyyətinin yoxlanılmasında nəhayət ki, vahid qayda olacaq. Bu gün MM növbədənkənar iclası zamanı ikinci və üçüncü oxunuşda «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qəbul etdiyi qanun layihəsi bunu təsbit edir.
MM İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun ölkədə sahibkarlığın inkişafına mane törədən bir çox məsələləri həll edəcək. Məqsəd sahibkarlıq fəaliyyəti sahəsində yoxlamaların vahid qaydalarını müəyyən etməkdən və bu yoxlamalar zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Bu məqsədlə qanun layihəsində nəzərdə tutulub ki, bu qanunun tələblərinə uyğun olmadan aparılan yoxlamanın heç bir hüquqi qüvvəsi yoxdur.
Layihə yoxlamaların məqsəd və prinsiplərini müəyyən edir. Bu zaman yoxlamaların əsas məqsədi kimi sahibkarların yol verdikləri hüquq pozuntularına görə cəzalandırılması yox, insanların həyat və sağlamlığının, əmlakının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi göstərilir.
Yoxlamalar zamanı sahibkarlıq subyektlərinin risk qrupları üzrə bölünməsi nəzərdə tutulur. Müəyyən müddət ərzində qanun pozuntularına yol verməyən sahibkarlar aşağı risk qrupuna keçirilir və bu da yoxlamaların yalnız arabir aparlımasına təsir edir. Eyni zamanda, yoxlayıcı orqanların siyahısının müəyyən edilməsi və təsdiq edilməsi nəzərdə tululur. Bunun məqsədi icra hakimiyətləri orqanları tərəfindən özləri üçün yoxlama funksiyalarının təkbaşına müəyyən edilməsinin qarşısının alınmasıdır.
Ümumiyyətlə, gələcəkdə məqsəd yoxlayıcı orqanların sayının kəskin şəkildə aşağı salınmasından ibarətdir. Ümumən qəbul edilmiş dünya praktikasına görə, hər bir dövlətdə yoxlamalarla məşğül olan cəmi iki-üç orqan mövcüddur və bu da yoxlamaların iki qrupa bölünməsindən, yəni qida məhsullarının və qeyri-qida məhsullarının yoxlanılmasından irəli gəlir.
Hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Bu da sahibkarlar tərəfindən onlarla əvvəlcə tanış olmağa şərait yaradacaq. Hər bir yoxlayıcı orqanda «qaynar telefon xətti» müəyyən ediləcək. Həmin telefon xətti ilə sahibkarlar onları maraqlandıran suallara cavab ala biləcəklər və həmin cavablar üç ay müddətində elektron daşıyıcılarda saxlanılacaq.
Sahibkarın istəyi ilə hamin cavablar ona təqdim ediləcək və sahibkar ona verilən məsləhətlərə uyğun hərəkət edərsə, o məsuliyyətə cəlb edilə bilməz. Belə bir yeni qaydanın vergi yoxlamalarına da şamil edilməsi nəzərdə tutulur.
Sahibkarlar üçün yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələri imkanları nəzərdə tutulub. Bunun məqsədi sahibkar tərəfindən gələcək qanun pozuntularından sığortalanmaqdır.
Yoxlayıcı orqanlar tərəfindən bir-birlərinin səlahiyyətlərinin təkrarlanmasına və eyni predmet üzrə paralel yoxlamaların aparılmasına qadağa qoyulur.
Qanun layihəsinin böyük bir hissəsi yoxlamalar zamanı götürülən nümunələrin ekspetizasının tənzimlənməsinə həsr edilb. İndiki praktikadan fərqli olaraq müəyyən edilir ki, bü cür ekspertizalar yalnız müstəqil laboratoriyalarda keçirilə bilər.
Hazırda məhsul nümunələrinin götürülməsi və təhqiqi ilə bağlı kifayət qədər normativ tənzimlənmənin mövcüd olmadığına görə, həm yoxlayıcı orqanlar, həm də sahibkarlar üçün müəyyən çətinliklər mövcüd idi ki, bu da bir çox hallarda sahibkarların hüquqlarının pozulmasına gətirib çıxarırdı.
Aparılan yoxlamaların kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada, sahibkarın günahı təsdiq edilmədikdən əvvəl işıqlanldırlmasına qadağa qoyulur. Ona görə ki, bu cür praktika sahibkarların işgüzar nüfuzuna kifayət qədər ağır zərbə vurur.
Layihədə yoxlamaların plan üzrə və plandankənar formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılmışdır ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir.
Layihədə aparılan bütün yoxlamalar üçün indi olduğundan fərqli olaraq iri sahibkar üçün on iş günü, orta və kiçik sahibkarlar üçün isə beş iş günü olmaqla daha qısa müddətlər nəzərdə tutulur. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib.