Bizimkilər ev almaq üçün İstanbula üstünlük verirlər
Son səkkiz ayda 325 Azərbaycan vətəndaşı Türkiyədə ev alıb. Ümumilikdə isə son 11 ayda 13 138 xarici vətəndaş Türkiyədə daşınmaz əmlak alıb ki, bunlardan da 1609-u 18 may 2012-ci ildən qüvvəyə minən və 6 avqust 2012-ci il tarixindən tətbiq olunan Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub. trtazerbaycan.com-a istinadən, bu barədə Türkiyə Baş Mülkiyyət Kadastrı İdarəsindən (Tapu Kadastro Genel Müdürlüğü) bilgi verilib.
Bildirilir ki, 2012-ci ilin avqustundan bəri Türkiyədə 325 Azərbaycan vətəndaşı ev sahibi olub. Bunlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz mülkiyyət (bina, torpaq, tarla və s.) sahibi olub.
Azərbaycanlılar başlıca olaraq İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət başkəndi İstanbulda 164, siyasi başkənd Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dönəmin gəlişən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar. Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzonda mülk sahibi olmuşlar.