Bizim yoxsul, Avropanın yoxsulu — hökumətimiz rəqəmlərlə oynayır
Azərbaycanın yoxsulluq həddi üçün öz meyarı var. Ona görə ölkəmizdə bu rəqəm 6, Almaniyada 15,5, ABŞ-da də Fransada isə 17 faizdir. Azərbaycanda yoxsulluq həddinin müəyyənləşməsi vətəndaş cəmiyyəti ilə hökumət arasında mübahisəli predmet olub. Alternativ hesablamalara görə, ölkədə 9,2 milyon əhalinin yaşadığını nəzərə alsaq, hökumət 600 min insanı yoxsul kimi qəbul edir. Ekspertlərin fikrincə, əgər 1,4 milyon pensiyaçını da bu yoxsullar kateqoriyasına daxil etsə, onda yoxsulluq həddini 25 faiz olduğunu etiraf etmiş olacaq. Çünki ölkədəki təqaüdçülərin pensiyaları minimum yaşayşı belə ödəmir.
Mərkəzi Bankının məlumatına görə, ölkədə yoxsulluğun səviyyəsi 6 faizdir. Bu da ümumdünya yoxsulluq səviyyəsindən təxminən 4 dəfə aşağıdır. Dünyada isə yoxsulluğun orta səviyyəsi 21 faizdir.
Məsələ ondadır ki, hətta həyat səviyyəsi qat-qat yüksək olan inkişaf etmiş ölkələrdə belə yoxsulluq həddi 10 faizin üstündədir. Məsələn, Almaniyada yoxsulluq həddi 15,5, ABŞ-da, Fransada 17 faizdir.
Azərbaycanı bu ölkələrlə müqayisə edən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda yoxsulluq həddinin 6 faiz göstərilməsi absurddur. Demə, Azərbaycan yoxsulluq həddinin hesablanması qaydası beynəlxalq indiqatorlara uyğun aparılmır:
«Sovet dövrünün metodologiyası əsasında hesablayırlar. Yoxsulluq həddi, əsasən, minimum yaşayış səviyyəsinə görə müəyyənləşir. Azərbaycanda bu səbətə qida məhsulları və geyim daxildir. Lakin istirahət, təhsil, nəqliyyat, kommunikasiya və sair kimi həyatımızın ayrılmaz hissəsinə çevrilən məsələlər diqqətdən kənarda qalır. Sözügedən kriteriyalar beynəlxaq standartlarda tətbiq olunur».
N.Cəfəli hesab edir ki, bu məsələdə hökumət rəqəmlərlə manipulyasiya edir: «Azərbaycan hökuməti istədiyi kriteryaları əsas götürüb rəqəmlərlə oynayır. Bununla yoxsulluq həddini istədiyi şəkildə azalda bilir. Alternativ hesablamalara görə, minimum yaşayış səviyyəsi orta 175-180 manat olmalıdır. Amma Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qaydalara əsasən, yaşayış minimumu 108 manatdır. Bir misal göstərim. Bolqarıstan Avropa Birliyinin ən kasıb ölkəsi sayılır. Bu ölkədə yaşayış minimumu təqribən 195 avrodur. Əgər Azərbaycanda yaşayış minimumu Bolqarıstandakı hədd qədər olsa, yoxsulluq həddi 6 faizdən 30 faizə çatar. Əgər dünya səviyyəsi ilə müqayisə edirlərsə, o zaman hesablama metodologiyasını da beynəlxalq standartlara görə aparsınlar. O zaman yoxsulluq həddinin real rəqəmi üzə çıxar».