Biz və türkmənlər Frankfurt tərəfə çox uçuruq
Lufthansa aviaşirkəti Frankfurt-Bakı-Aşqabat-Frankfurt marşrutu ilə aviareyslərin sayını artırır. Bu gün aviaşirkətin Bakıda keçirdiyi mətbuat konfransında Lufthansanın Azərbaycanda və Türkmənistandakı baş təmsilçisi Ştefan Versmann qeyd edib ki, 2013-cü ilin yay cədvəlində Frankfurta həftəlik uçuşların sayı 5-dək artırılacaq, yəni martın 31-dən etibarən Frankfurt-Bakı-Frankfurt marşrutu ilə uçuşlar həftədə 3 dəfə deyil, 5 dəfə yerinə yetiriləcək. Uçuşlar I, III, IV, V və VII günlər yerinə yetiriləcək. Hazırda isə Bakıdan Frankfurta uçuşlar yalnız həftənin II, V və VII günləri «Airbus A330» və «Airbus A340» avialaynerləri ilə yerinə yetirilir. «APA-Economics»in məlumatına görə, Versmann deyir:
«Bildiyiniz kimi, Frankfurtdan Bakıya gələn təyyarə daha sonra Aşqabat istiqamətində uçur, sonra isə Aşqabaddan Bakıya gələrək Frankfurta yola düşür. Onu da qeyd edim ki, Bakı və Aşqabat istiqamətlərində sərnişin axınının artımı 2012-ci ildə 6,8% təşkil edib. Ümumiyyətlə, aviaşirkətin xidmətlərindən 2012-ci ildə 13,1 mln. sərnişin yararlanıb ki, əvvəlki illə müqayisədə sərnişin axını 2,4% artıb», — deyə aviaşirkətin rəsmisi bildirib.
Versmann aviaşirkətin regionda getdikcə artan inkişafından danışıb və bildirib ki, «Lufthansa» 2012-ci ildə Azərbaycanda və Türkmənistanda öz fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, 2012-ci il ərzində sərnişin axını 6,8%, şirkətin ümumi gəlirləri isə 17,4% artıb: «Bütün bunlar aviaşirkətə regionda öz xidmətini inkişaf etdirməyə və yeni reys və təkliflərə aktiv sürətdə investisiya yatırmağa imkan verir».
Versmann onu da deyib ki, yaxın zamanlarda aviaşirkətin biznes sinif salonları tam modernləşəcək və ümumiyyətlə 2015-ci ildə bütün avialaynerlərin modernləşməsinə şirkət əlavə 50 mln. avro məbləğində investisiya yatıracaq.
Şirkət rəsmisi onu da qeyd edib ki, Frankfurt-Bakı-Aşqabat-Frankfurt aviareysinin sərnişinləri uçuş zamanı təyyarədə internet xidmətlərindən istifadə edə bilər: «Azərbaycandan və Türkmənistandan olan sərnişinlər hazırda bütün yolboyu «FlyNet» internet xidmətindən istifadə edə bilir. Bu xidmət sərnişinlərə sosial şəbəkədəki səhifələrindən sərbəst şəkildə istifadə etməklə hər zaman rabitədə qalmaq, hətta böyük həcmli fayl əlavələri ilə olsa da, bir anda elektron məktublar göndərmək və almaq imkanı yaradır. Bundan əlavə, «FlyNet» xidməti sayəsində işgüzar səfərdə olanlar korporativ serverlərlə təchiz olunmuş məlumat ötürmə kanalları «Virtual Private Network» (VPN) vasitəsilə əlaqə yarada biləcək».
Versmann əlavə edib ki, yaxın zamanlarda GSM və GPRS standartları üzrə məlumat mübadiləsi mümkün olacaq: «Simsiz WLAN şəbəkələrinə əlavə olaraq göyərtə daxilində kommunikasiya imkanlarına SMS göndərmək və smartfonlardan məlumat ötürülməsi də daxil olacaq».