Biz məgər ölü dildə danışırıq?
Çox yüksək təhsil görmüş Marqaret Tetçer baş nazir olduqda ilk işlərindən biri özünə ingilis dili müəllimi tutmaq olmuşdu. Demişdi ki, hər il ingilis dilində böyük dəyişiklik baş verir, dilə yeni-yeni sözlər daxil olur, bu sözlər müsahibim tərəfindən işlədildikdə mən onun mənasını anlamalıyam, vəzifəm bunu tələb edir.
Milli dilimizlə bağlı bizim günlərdə baş verənlər məni nə vaxtsa oxuduğum bu qeydi xatırlamağa məcbur etdi. Bu dilin övladı olan, bu dildə yazı-pozu ilə məşğul olan hər kəs kimi məni də düşündürən odur ki, özəlliklə son 20-25 ildə dilimizlə bağlı baş verənlərin fərqində deyilik. Dil xüsusunda baş verənləri anlamaqda, qiymət verməkdə, yanaşmaqda, nəticə çıxarmaqda, işimizdə tətbiq etməkdə çətinlik çəkirik.
Azərbaycan türkcəsinin (Əlişir Nəvai bu dili XV yüzildə «türkməniye-Azərbaycan» — Oğuz-türkmən dilinin Azərbaycan ağzı — adlandırıb) inkişaf tarixinə az-çox bələd olanlar görməyə bilməzlər ki, dilin təmizlənməsi barədə milliyyətçi intellektuallar tərəfindən başlanılmış, sonra dondurulmuş, 70-80-ci illərdə yenidən dirçəldilməsinə cəhd göstərilmiş və yenə də qarşısı alınmış proses bağımsızlıq illərində açıq bir sərbəstliklə getməkdədir.
Bu gün bu dil ona yad, çox halda anlaşılmaz olan alınma ərəb və fars sözlərindən mümkün qədər təmizlənmək, öz Oğuz kökü üzərində dayanmaq və gəlişməsini təmin etmək istəyir. Deyim ki, məsuliyyətli yazı-pozu adamlarının heysiyyəti bahasına bunu xeyli dərəcədə bacarmışdır. Görməyə bilmərik ki, bu günün dili, kimin buna müsbət və ya mənfi baxmasından, təqdir və ya hiddətlə reaksiya verməsindən asılı olmayaraq, 70-80-ci illərin dilindən xeli dərəcədə fərqlidir. Deyim ki, məktəblilərin, tələbələrin, ən təəccüblüsü — yaşlıların son iyirmi ildə dilə daxil olmuş Oğuz mənşəli sözləri fəallıqla işlətdiyi xoş təəccüb doğurur. Deməli, bu yeniliklər danışıq dilində vətəndaşlıq hüququ qazanıb. Bunu belə bilmək və bu gerçəklə hesablaşmaq gərəkdir.
Belə deyək — mühafizəkarlar da var. Hansısa yeni bir sözə «Türk sözüdür» (yəni Türkiyə sözüdür anlamında) deyə ağız büzürlər. Diqqət yetirdikdə bu sözün Oğuz mənşəli olduğu bilinir. Bu kimi sözlərin 99 faizi anlaşıqlıdır, əslində ortaq Oğuz sözləridir, bunların çoxu dialektlərimizdə fəallıqla işlənir, məna tutumu açıqdır. Ola bilər Anadoluda aktiv, bizim lüğət tərkibində passiv olsun və ya tərsinə.
Dilin kənar dil ailəsindən deyil, qohum-qardaş dillər hesabına zənginləşməsinə (və təmizlənməsinə) normal baxmalıyıq, məncə. Coğrafiyamıza baxsaq, bu həm də siyasi məsələdir, bir heysiyyət məsələsidir (bizim dilə irqçi münasibətlərini gizlətməyən fars intellektualları çox istərdilər ki, onların dilindəki sözləri mümkün qədər çox işlədək).
Bir fərd danışdığı dildə mühafizəkar üsluba sədaqətini qoruyub saxlaya bilər, fəqət bunu o dilin bütün övladlarına göstərişlə təbiq etmək imkan xaricindədir. Dildə baş verən dəyişikliklər, yeni-yeni sözlərin daxil olması, bəzilərinin passivləşərək işlək olmaqdan çıxması, unudulması… Bunlar yalnız ölü dillərdə baş vermir. Məsələn, sanskrit, latın, arami və s. Onlar necə var qalıb, daşlaşıb. Onlarda dəyişiklik baş verə bilməz. Dəyişiklik baş verməsi üçün onlarda gərək danışan olsun. Onları hardan tapasan? Canlı dillərdə isə bu kimi hallar normaldır.
Anlaya bilirikmi ki, bizim danışdığımız Azərbaycan türk dili ölü dil deyil, amorf deyil, o, canlı bir varlıqdır və son iyirmi ilin siyasi dinamikası ona da sirayət edib və onda ən gözlənilməz dəyişikliklərin baş verməsi, dünya ilə ayaqlaşmağa çalışması təbiidir. Bu prosesdə nəyisə yasaq etmək, nəyisə sırımaq mümkündürmü?
Dil özü hər şeyi yaxşı bilir, əslində dil su kimi bir şeydir, murdarı götürməz, onu sahilə vuracaq, təmizi qəbul edəcək. Dillər də canlı varlıqlar kimi — doğulur, yaşayır, ölür. Bu gün dünya əhalisinin 80 faizi 80 dildə danışır. Qalan 3,5 min dil dünya əhalisinin 20 faizinin payına düşür. Qloballaşma və bizim günlərdə şahidi olduğumuz «xalqların yeni köçü» — buna kütləvi miqrasiya da deyək, xalq dillərinin anasını ağladır, bu adamlar müəyyən vaxt keçəndən sonra öz dillərini artıq bilmir, unutmuş olurlar.
Bizim dili hansı tale gözləyir? Dünyanın siyasi xəritəsində ərazicə kiçik ölkələr sırasında yer alan AR-in dövlət dili olan Azərbaycan türkcəsində burada 9 milyondan çox, həmhüdud ölkələrdə və dünya çapında isə toplam 50 milyon adam danışır. Bu dilin övladlarının sayı bu qədərdir.
Belə bir fikir dolaşır ki, bu gün var olan dillərin yarısı yüz ildən sonra işlək olmayacaq, istifadədən kənarda qalacaq, aradan çıxacaq. Avropanın özündə hardasa 50 dil belə bir sonluğa məhkumdur.
Mənəvi birliyi ağılla-başla təmin edə bilsək, türkcəmizə konstruktiv yanaşsaq, biz unudulan, istifadədən kənarda qalan və ölən dillərdən olmarıq. Dilin öz potensialı, onun daşıyıcılarının sayca «artan millət» dinamikası gələcəyə ürəklə baxmağa imkan verir. Azərbaycan türkcəsinin mövqeyini möhkəmləndirməsi işini nə dərəcədə bacarırıq, bu artıq başqa söhbətin mövzusudur. Dildə baş verən bu proseslərin nəbzini tutmaq, bunlara elmi baxış, elmi yön vermək isə başqa məsələdir.
Reklamların dili, qəzet dili, radio-televiziya dili… Komissiyalar, işçi qrupları-filan… Dilçi mütəxəssislər ordusu, hər ali məktəbdə kafedralar… Dilçilik İnstitutumuz da var. Fəqət öz fərdi baxış bucağı ilə hər kəs durumdan narazıdır. Bu nəfəs almaq qədər sadə, həyatın özü qədər mürəkkəb məsələdə ağlabatan yanaşma isə yox dərəcəsində. Bu məsələ ətrafında deyilənlərdən belə anlamaq olur ki, proseslərin içində deyillər, dalınca sürünməkdədirlər. Əgər onların nəyəsə gücü çatırsa, məsələn, ilk işləri o olardı ki, televiziyada, radioda, qəzetlərdə dilçilərin «dil söhbətləri»ni təşkil edərdilər. Burada konkret tövsiyələr verilərdi. Məsələn, camaata deyilərdi ki, dükan lövhələrində addımbaşı gözümüzə sataşıb bizi əsəbiləşdirən «ehtiyyat» sözünü «ehtiyat» eləsinlər. Bir də əsnafı «sex» sözünü işlətməməyə, unutmağa inandıra bilsəydilər, çox yaxşı olardı. Xaricilər bu sözü görəndə «seks» oxuyub gülürlər. Bir də o gün gözlüklər satılan mağazanın önündəki lövhədə «aprava» (rusca «oprava» — sağanaq) sözü gözümə sataşanda bərk təəccübləndim. Bu üç misal, öz aramızdır, özlüyündə nəsə deyir.
[email protected]