“Biz belə sorğu keçirməmişik” və buna reaksiya
Əsası olmayan informasiyanın yayıldığı barədə iddia var. Demokratik Jurnalistlər Liqası belə bir sorğu keçirmədiyini bildirir. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bu barədə bəyanatla çıxış edib. DJL-dən APA-ya daxil olan bəyanatda bildirilib ki, bu gün ADAM sosioloji xidməti tərəfindən keçirilmiş “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” mövzusunda sosioloji sorğunun nəticələri ictimaiyyətə açıqlanıb: “Tədbirdə həmçinin qeyd olunub ki, sorğu “Demokratik Jurnalistlər Liqası” təşkilatının həyata keçirdiyi “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib. DJL belə bir sorğu keçirməyib və DJL adından cəmiyyətə açıqlanan nəticələr real faktlara söykənmir, saxtadır”.
Bəyanatda bildirilib ki, DJL QHT Əməkdaşlıq Alyansında təmsil olunur və DJL-nin rəhbəri Şuranın üç həmsədrindən biridir: ”Alyans ötən ilin oktyabrından etibarən bu il ölkəmizdə baş tutacaq prezident seçkiləri ilə bağlı tədbirlər keçirir. Tədbirlər çərçivəsində Liqa tərəfindən monitorinqlər də həyata keçirilib. Siyasi partiyaların imkanları, seçki mühiti ilə bağlı keçirilən monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanıb. DJL QHT Əməkdaşlıq Alyansı tərəfindən keçirilən monitorinqləri dəstəkləyir”.
Y. Məmmədlinin yaydığı bəyanatda o da qeyd olunub ki, həmin monitorinqlərin nəticəsinə görə Yeni Azərbaycan Partiyasının reytinqi və resursları digər partiyalardan dəfələrlə üstündür: ““ADAM” sosioloji xidməti tərəfindən keçirilmiş sorğuda DJL-nin və QHT Əməkdaşlıq Alyansının adlarının hallandırılması qeyd olunan təşkilatlara qarşı bir qərəzdir. İstər DJL, istərsə də QHT Əməkdaşlıq Təşkilatı “ADAM” sosioloji xidmətin keçirdiyi sorğunun nəticələrini qətiyyətlə rədd edir. “ADAM” sosioloji xidməti əgər təkzib etməsə ki, bu sorğunun DJL və QHT Əməkdaşlıq Təşkilatına heç bir aidiyyatı yoxdur, o zaman bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq”.
Bu açıqlamanın ardınca ADAM-dan reaksiya gəldi və fərqli detallar üzə çıxdı. Deyildi ki,: “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” sorğusu standarta uyğundur. Turan-ın xəbərinə görə, avqustun 19-da ADAM sosioloji xidmətinin rəhbəri Rüfət Qaragözlü Demokratik Jurnalistlər Liqasının ofisində ümummilli sorğunun nəticələrinin təqdimatını keçirib. Sorğu “Demokratiya və Azərbaycanda 2013-cü il prezident seçkiləri” layihəsi çərçivəsində keçirilib.
Elan olunub ki, sorğunu ABŞ-ın German Marşal Fondunun – Qaradəniz Regional Əməkdaşlıq (The Black Sea Trust – the Regional Cooperation, BST, German Marshall Fund) maliyyəıəşdirib.
GMF-in rəhbəri Mehriban Rəhimli Turan-a bildirib ki, fond həqiqətən sözügedən layihəni maliyyələşdirib və maliyyə agenti kimi Demokratik Jurnalistlər Liqası çıxış edib. O həmçinin qeyd edib ki, fond geniş ictimai rəy doğurmuş ADAMın sorğusunun nəticələrinə görə məsuliyyət daşımır.
“Sorğu SPSS 13.0. (“sosial elmlər üçün statistik paket”) proqramı üzrə standartlara uyğun keçirilib. Məlumatların statistikası üçün bu kompüter proqramı sosial elmlərdə tətbiqi araşdırmaların keçirilməsi üçün nəzərdə tutulmuş kommersiya statistik məhsullar bazarında liderlərdən biridir”, — R.Qaragözlü Turan-a bildirib. Onun sözlərinə görə, statistik yalnışlıq +/- 3 % ola bilər.
R.Qaragözlü qeyd edib ki, sorğunun nəticələri elan edilməzdən bir həftə əvvəl Yadigar Məmmədliyə nəticələr barədə məlumat verib.
Turan agentliyi Y.Məmmədli ilə əlaqə saxlaya bilməyib, məlum olub ki, xaricdədir. İstisna olunmur ki, Y.Məmmədliyə təzyiq olunub və bunu nəticəsində o, sorğuya bağlılığını inkar edib. Bəyanatın mətnindən aşağıdakı frazalar təzyiqə dolayısı ilə sübut ola bilər: “cəmiyyətə açıqlanan sorğunun nəticələri faktlara əsaslanmır”, “bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, “Yeni Azərbaycan Partiyasının reytinqi və resursları digər partiyalardan xeyli üstündür”.