Muəllif:

Biz Azərbaycanlılar Krımda qanla şərəfli bir tarix yazdıq

Biz Azərbaycanlılar İkinci Dünya savaşı sırasında Krımda qanlar axıtmış, o cənnət torpaqların işğaldan azad edilməsində qanımızla tarix yazmışıq. O tarixi biz də unutmuruq, ukraynalılar da, ruslar da. O savaşı özününkü bilən hər bir namuslu adam bu hərb salnaməsini unutmur. Bu günlərdə 9 Mayın qeyd edildiyi günlərdə bizim millətin oğulları da o torpaqlarda minnətdarlıqla yad edilir. Onların abidələri yenilənir, toplantılar keçirilir, abidələrə, məzarlara təzə-tər güllər düzülür. Sevastopolda da 77-ci atıcı diviziyanın azərbaycanlı döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin bərpadan sonra açılış mərasimi olub.

Ukraynanın Sevastopol şəhərində İkinci Dünya savaşı zamanı Krım yarımadasının azad olunmasında döyüşərək həlak olmuş 77-ci atıcı diviziyanın azərbaycanlı döyüşçülərinin xatirəsinə vaxtilə Azərbaycan SSR-in rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış abidənin Azərbaycan dövləti tərəfindən yenidən bərpasından sonra açılış mərasimi olub.

Ukrayna Azərbaycanlıları Konqresindən yayılan xəbərə istinadən, törəndə Sevastopol şəhər administrasiyasının başçısı Vladimir Yatsuba, Azərbaycanın Ukrayna səfiri Eynulla Mədətli, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, UAK sədri Rövşən Tağıyev, Krım Azərbaycanlıları İcmasının sədri Rəhim Hümbətov, yerli ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Abidənin qarşısında fəxri qarovul düzülüb, iki ölkənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Sevastopol şəhər administrasiyasının başçısı Vladimir Yatsuba qeyd edib ki, azərbaycanlılar Ukraynanın faşizmdən azad olunmasında yaxından iştirak ediblər. Səfir Eynulla Mədətli isə öz növbəsində vurğulayıb ki, 77-ci atıcı diviziyanın azərbaycanlı döyüşçülərinin xatirəsinə ucaldılmış abidə iki xalq arasında dostluğun simvolu olacaq. UAK sədri Rövşən Tağıyev qeyd edib ki, Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi daima anılmalı, o qələbəni qazananlar yaddan çıxmamalıdır. R.Tağıyev qəhrəman azərbaycanlıların adlarının əbədiləşdirilməsi üçün bundan sonra da Ukraynanın müxtəlif yerlərində abidələrin ucaldılacağını bildirib.

Krım Azərbaycanlıları İcmasının sədri R.Hümbətov bildirib ki, qəhrəmanlar ölməzdir və xalqın yaddaşında daim yaşayacaq. O qeyd edib ki, belə abidələr sülhün qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır.

Törəndə Böyük Vətən Müharibəsi ilə bağlı Ukrayna və Azərbaycan dillərində şeirlər səsləndirilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 145