Muəllif:

Biri deyir qızılın 15 tonunda itki olub, biri deyir 18 tonun hamısında

Son bir ildə qızılın qiymətindəki enmələr kifayət qədər ciddi rəqəmlərlə müşahidə olunur. Hazırda dünya bazarında qızılın 1 qramının qiyməti 44 dollara təklif olunur. Ekspertlər qızılın qiymətinin düşməsini qlobal böhrandan sonra yaranan durğunluqla yanaşı, həm də investorların bu metala tələbatının azalması ilə bağlıyırlar. Yəni artıq investorlar qızıl bazarındakı vəsaitlərinin bir hissəsini bu bazardan çıxararaq digər bazarlara yönəltməyə başlayıblar. Xüsusilə də investorlar real sektora maraq göstərməkdədirlər. Eyni zamanda, qızılın qiyməti ilə bağlı spekulyativ dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, investorlar qızılın qiymətinin süni şəkildə aşağı salınmasında maraqlıdırlar
Ekspert Vüqar Bayramov vurğulayır ki, yaxın zamanlarda qızılın qiymətində ucuzlaşma davam edəcək və bu proses yerli bazara ancaq iyun ayından etibarən təsir etməyə başlayacaq: «Düzdür, qızılın qiyməti ilə bağlı kəskin azalma gözlənilmir. Amma yay aylarında ucuzlaşma tendensiyası davam edəcək və proses ilin sonuna kimi müşahidə olunacaq. Biz yerli bazarda ucuzlaşmanı ancaq gələn aydan müşahidə edə biləcəyik. Çünki hazırda paytaxtın qızıl bazarında satışa çıxarılan məhsullar köhnə qiymətlərlə alınmış mallardır. Ona görə də dünya bazarında müşahidə edilən ucuzlaşmanı biz ancaq iyun ayından yerli bazarda görə biləcəyik».
Qeyd edək ki, 2011-ci ildən başlayaraq, Mərkəzi Bank və Dövlət Neft Fondunun aldığı qızılın miqdarı 18 tona çatıb. Bu isə daxili valyutanın 2 faiz qədərini təşkil edir.
Dünya bazarında ucuzlaşma tendensiyası ilə gedən bu prosesin Azərbaycanda hansı risklər yarada biləcəyinə gəlincə, Bayramov deyib ki, qızılın qiymətinin ucuzlaşması birmənalı şəkildə ölkəmizin valyuta ehtiyatlarına təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, həm Mərkəzi Bank, həm də Dövlət Neft Fondu il ərzində qızıl alışını davam etdirirsə, itkilər daha da artacaq: «Əslində Neft Fondu 2013-cü il ərzində qızıl alışını davam etdirəcəyini açıqlayıb. Əgər sözügedən qurumun son bir ildə qızıl aldığına diqqət çəksək görərik ki, bu vaxt ərzində qızılın bahalaşması deyil, ucuzlaşması müşahidə olunub. Biz qiymətin azalması fonunda fondun gəlirlərinin azaldığını açıq-aşkar müşahidə edirik. Mənim hesablarıma görə, Dövlət Neft Fondunun təxminən 15 ton civarında aldığı qızılın dəyəri 13 faiz ucuzlaşıb. Bu o deməkdir ki, faktiki olaraq Neft Fondu qızıl alqı-satqısından 13 faiz vəsait itirib».
Iqtisadçı-alim Nazim Məmmədov mətbuata açıqlamasında qızıl bazarının bir qədər spekulyativ olduğunu deyib. Yəni bu bazarda qiymətlərin tez-tez qalxıb-düşməsinə rast gəlinir. Dövlət Neft Fondu kontraktlar bağlayarkən, qızılın bir unsiyası 1900 dollar idi. Bu yatırım indiyədək də davam edir. Son proqnozlarla görə, onun dəyəri 1200 dollara qədər düşəcək. Fondun aldığı 18 tondan çox qızılın alınan qiyməti ilə indiki qiyməti arasında fərq təqribən 413 milyon dollardır.
Ekspertin sözlərinə görə, qiymətlər 1200 dollardan da aşağı düşsə, bu daha pis haldır. Dövlət Neft Fondu rezervlərinə qızıl daxil etmək istəyirsə, burada xarici bazardan deyil, daxili ehtiyatlardan istifadə edə bilərdi. Bu, həm də daxili istehsalı stimullaşdırardı.
Iqtisadçı hesab edir ki, Azərbaycan kimi ölkələr üçün qızıl yatırımı o qədər də uğurlu alət deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148