Bir qardaşı öldürüb, digərini yaralayanlar yaxalanıb
Bakıda maşınla yol verməmək üstündə bir qardaşı öldürüb, digərini yaralayanlar həbs edilib. Avqustun 31-də Binəqədi qəsəbəsi I Mədən küçəsində Qazax rayon sakinləri Yaşar Dərgahquliyev və qardaşı Vüqar aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıblar. Y. Dərgahquliyev yolda keçinib. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 4-cü Polis Bölməsinin əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin gün saat 00:45 radələrində, I Mədən küçəsində qəsəbə sakinləri Valeh Əsədullayev və Elvin Mikayılov Vüqar və Yaşar Dərgahquliyevə bıçaqla xəsarət yetirib, daha sonra V. Əsədullayevə məxsus «VAZ-2121» markalı avtomobillə hadisə yerini tərk ediblər. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində onlar tutulublar.
Polisdən o da bildirilib ki, hadisəyə səbəb qardaşların maşınla Elvin Mikayılova yol vermədikləri səbəb olub.