Bir daha özümüz və dilimiz haqqında
«Mən Azərbaycanlıyam!». Xüsusi emosionallıq və qürurla deyilən bu sözləri vaxtaşırı televizordan eşidirik. Bunu mərhum prezidentimiz deyir. Bu onun səsidir. Neçə ildən bəri o, doğma torpaqda uyusa da, səsi bizimlə qalmaqdadır. Bu səs bizi də azərbaycanlı olmağımızla fəxr etməyə çağırır. Bu çağırışa cavab olaraq biz də hamılıqla milliyyətimizdən asılı olmayaraq bu torpaqda doğulub boya-başa çatmış, buranın çörəyini yemiş, suyunu içmiş insanlar azərbaycanlı olmağımızla fəxr edə bilərik; buna bizim çoxmillətli xalqımızın qəhrəmanlıq tarixi, əsrlər boyu qardaşcasına dinc yanaşı yaşamağımız sayəsində qaynayıb-qarışaraq zənginləşmiş mədəniyyətimiz (bu, heç də hər milli mədəniyyətin özünəməxsus spesifik xüsusiyyətlərini inkar etmir) və ən başlıcası, Azərbaycan oğullarının qanı bahasına dövlət istiqlaliyyətimizin bərpa edilməsinə əsas verir.
Bəli, hamımız milliyətimizdən asılı olmayaraq bu torpağın övladlarıyıq, bu ölkənin vətəndaşlarıyıq, Azərbaycanlıyıq. Azərbaycanlılıq bizim vətəndaşlıq statumuzdur. Lakin bu ölkədə yaşayan bütün xalqların milli statusu, milli mənsubiyyəti və milli dili vardır. Beləliklə, azərbaycanlıların (Azərbaycan vətəndaşlarının) tərkib hissəsi olan talışların (milli dili talış dili), avarların (milli dili avar dili), kürdlərin (milli dili kürd dili), ləzgilərin (milli dili ləzgi dili) və başqalarının adını çəkmək olar. Bu xalqların arasında axı biz də varıq. Bəs bizim milli mənsubiyyətimiz? Milli dilimizin adı? Deyirlər siz azərbaycanlısınız, diliniz də Azərbaycan dilidir. Vəssalam!
Doğrudanda analoqu olmayan bir xalqıq. Vətəndaşlıq statusumuz ilə milli statusumuz eyniləşdirilib. Etnik məvhum «milliyyət» coğrafi-siyasi məvhum olan «vətəndaşlıq» arasındakı fərq bizim xalqa aid edilmir. Bilmirəm, bu elmi cəhətdən nə dərəcədə düzgün hesab edilə bilər?! Nə vaxtdan bəri dil (milli dil) ölkə adı ilə çağırılır. Əgər bu düzgün olsaydı, özbək dili əvəzinə Özbəkistan dili, rus dili əvəzinə Rusiya dili, fransız dili əvəzinə Fransa dili və ilaxır deyilərdi. Bu cür deyilmir, çünki məna baxımından bu cəfəngiyyatdır. Amma «Azərbaycan dili» deyilir və nədənsə cəfəngiyyat hesab edilmir.
Azərbaycanlı olmağımızı danmırıq; bu torpaqda yaşayan digər millətlər kimi bununla biz də fəxr edirik. Bununla belə milli adımız Azərbaycan türkləri (azəri türkləri) və milli dilimizin adı — Azərbaycan türkcəsi (azəri türkcəsi) rəsmən bərpa edilməlidir.
Bu nə deməkdir? Milliyyətimizin və milli dilimizin adı nə vaxt itirilib ki, indi onların bərpasına ehtiyac duyulsun? Heç bir şey itirilməyib, sadəcə olaraq bir vaxt milli mənsubiyyətimizi və milli dilimizin adını bizə unutdurmağa çalışıblar. Çox cəhdlər göstərilib, qanlar tökülüb, amma baş tutmayıb. Milli mənsubiyyətimizin və milli dilimizin adı yaddaşımızdan silinməyib. Bu gün də hərdənbir «Azərbaycan türkləri» və «azəri türkcəsi» ifadələrinə mətbuat səhifələrində, radio və televiziya verilişlərində rast gəlinir. Hərdənbir, az-az, çünki dilimiz yadırğayıb.
Milli mənsubiyyətimizin və milli dilimizin adının itirilməsinə nə vaxt cəhd edilib?
Çox uzaq olmayan keçmişimizə nəzər salaq. 1937-ci ili xatırlayıram. O vaxtlar Azərbaycanın üstündən əsən qara yel xalqımızın ən görkəmli ziyalılarını məhv edə bildisə də, milli adımızı və milli dilimizin adını yaddaşımızdan kökündən qopara bilmədi.
Mən, o dəhşətli dövrün canlı şahidiyəm. 1937-ci ildə Bakıda, 16 saylı rusdilli məktəbin 5-ci sinfində oxuyurdum. Bizə 3-cü sinifdən başlayaraq türk dili (azəri türkcəsi — M.Q), Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili olaraq tədris edilirdi. Ziyalı, savadlı və bizim çox sevdiyimiz bir müəlliməmiz var idi: Səyyarə xanım. Yeri gəlmişkən deyim ki, o vaxtlar mənə orta məktəbdə və sonralar ali məktəbdə dərs deyən müəllimlərin hamısı ziyalı, əhatəli bilikli, peşəsini sevən və ən əsası, «müəllim» adını çox uca tutun insanlar idi. Mən onlara şagird minnətdarlığımı bildirməklə ulu Yaradandan hamısına rəhmət diləyirəm.
Lakin, bir vaxt elə oldu ki, Səyyarə xanım daha dərsə gəlmədi. Müəllimsiz qalmağımız çox çəkmədi. Yeni müəllim gəldi. Adı Ruben Artyomoviç idi. Ədalət naminə deməliyəm ki, o, bizim dilimizdə çox gözəl danışırdı və çox yaxşı dərs deyirdi. Birinci gün sinfə daxil olan kimi o, bizə belə dedi:»Mən sizin yeni müəlliminizəm, Azərbaycan dili müəlliminiz». Sinif təəccübləndi:»Yeni dil öyrənəcəyik?» Müəllim aydınlıq gətirdi:»Xeyr, Azərbaycan dili yeni dil deyil. Sizin indiyə kimi öyrəndiyiniz dövlət dilinin adıdır. Bu günə qədər bu dili səhvən türk dili adlandırıblar. İndi səhv düzəldilib. Yadınızda saxlayın! Öyrəndiyiniz dövlət dilinin adı A-zər-bay-can dilidir. «Türk» sözünün bu dillə heç bir əlaqəsi yoxdur. Sonra əlavə etdi:»bu sinifdə indiyə qədər səhvən «türk» adlanan şagirdlər də innən belə «azərbaycanlı» adlanacaqlar. Türklüyün sizin milliyyətinizə heç bir dəxli yoxdur. Bunu yadınızda möhkəm saxlayın»! Bax belə! Heç bir əlaqəsi yoxdur! Heç bir dəxli yoxdur!
Uşaqlardan biri Səyyarə xanımla maraqlandı:»O niyə daha bizə dərs demir?» Ruben Artyomoviç dedi:»Səyyarə xanım Bakıdan köçüb, başqa yerdə yaşayır». Müəllim düz deyirdi. İllər ötəndən sonra öyrəndim ki, Səyyarə xanımın həyat yoldaşı, tanınmış ədəbiyyatşünas Hənəfi Zeynallıya 37-ci ildə «xalq düşməni» damğası vuraraq güllələmişlər, Səyyarə xanım da «xalq düşməni»nin qadını olduğu üçün səkkiz il həbs cəzasına məhkum edilərək sürgün edilibmiş. O vaxtlar qayda belə idi: güllələnən «xalq düşməni»nin qadını nə az nə çox səkkiz il məhbəsdə qalmalı idi.
Millətin və onun dilinin adının belə savadsızcasına dəyişdirilməsi də elə bu dövrə aiddir.
Gəlin 1937-ci ilə qədərki dövrə nəzər salaq. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi qərara əsasən Azərbaycanda kargüzarlıq türk dilində (azəri türkcəsi — M.Q) aparılır. 1921-ci ildə Nəriman Nərimanov, Dadaş Bunyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili (azəri türkcəsi — M.Q) olması haqqında dekret imzalayırlar. 1921-ci ildə qəbul edilmiş Azərbaycan SSR-nin ilk Konstitusiyasında dövlət dili haqqında maddə olması da 1924-cü il 27 iyun tarixində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekretilə türk dili (azəri türkcəsi — M.Q) Respublikanın dövlət dili hesab edilir. 1936-cı ildə Azərbaycanın yeni Konstitusiyasının layihəsi hazırlanarkən orada türk dili (azəri türkcəsi — M.Q) dövlət dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunan əsas qanunda dövlət dili haqqında heç bir maddə olmasa da, bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili adlanır. Dövlət dilimizin «türk dili» olmamasını Ruben Artyomoviç biz 5-ci sinif şagirdlərinə elan edəndə yəqin ki, bu normativ sənədlərə əsaslanırmış.
1956-cı ildə Azərbaycan SSR-nin Konstitusiyasına «Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında qanun»a uyğun olaraq dövlət dili Azərbaycan dili adlanır. O dövrdə «mən türkəm», «biz türkük», «dilimiz türk dilidir» deyənlərə «pantürkist» damğası vuraraq yerlərini göstərirdilər. Tariximizdə belə səhifələr də var. Çalışmaq lazımdır ki, onlar bir daha təkrarlanmasın.
Hazırki Konstitusiyamızda dövlət dili 1956-cı il Konstitusiyasından götürülərək «Azərbaycan dili» adlanır.
Bununla belə, ölkəmizin istiqlaliyyəti bərpa ediləndən bəri 37-ci ildə bizə yasaq edilən milli mənsubiyyətimiz və dilimizin adı «Azərbaycan türkləri» (azəri türkləri) və «Azərbaycan türk dili» (azəri türkcəsi) hərdənbir dilimizə gətirilir. «Hərdənbir» çünki 37-ci ilin xofu o dövrdən sonra doğulanların bəzilərinə irsən keçib.
Bu yaxınlarda prezidentimiz dilimizin inkişafa ehtiyacı olduğunu xüsusi qeyd edərək bu sahədə işin canlandırılması və bununla əlaqədar bir sıra tədbirlərin həyata keçirilməsi üçün göstəriş verdi. Çox düzgün və vaxtında verilmiş göstərişdir. Eşitdik, sevindik. Fikrimizcə, yaxşı olardı ki, bu göstəriş ölkəmizdə yaşayan digər millətlərin də dillərinə şamil edilsin; bu dillərdə yerli televiziya və radio kanallarında imkan daxilində verilişlər aparılsın, milli mədəniyyət nümunələri (musiqi və rəqslər) nümayiş etdirilsin. Belə olduqda yadellilərin vahid Azərbaycan xalqının (azərbaycanlıların) birliyinə separatizm toxumları yaymaqla ölkəmizi parçalamaq arzusu ürəklərində qalar.