Bir daha balanslaşdırılmış siyasət haqqında
Ankara
Azərbaycan hüquq-mühafizə, o cümlədən, xüsusi xidmət orqanlarına, məhkəmələrinə o qədər də inanmıram. Daha düzünü desəm, demək olar ki, inanmıram. Amma… Çərşənbə axşamı məlum olub ki, Azərbaycanda İran vətəndaşı saxlanılıb. O, İsrail səfirliyinə və onun əməkdaşlarına hücum cəhdində şübhəli bilinir.
Azərbaycanlı detektivlər axtarış zamanı onun üzərindən İsrailin Bakıdakı səfirliyinin personalına hücum planını aşkar ediblər. Bu barədə noyabrın 20-də http://newsru.co.il İsrail televiziyasının 10-cu kanalına istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, saxlanılan şəxs İslam İnqilabı Keşikçiləri Korpusunun agentidir. Məlumat dəqiqləşdirilir. Nəşr xatırladır ki, ötən ay Bakı məhkəməsi İran vətəndaşını 15 il azadlıqdan məhrum edib. O, İsrailin Bakıdakı səfirliyinə qarşı terror aktının hazırlanmasında ittiham olunub.
Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, mühakimə edilmiş Faiz Bəhram Həsən İranın Kəşfiyyat Nazirliyində çalışıb və İsrail səfirliyinə qarşı terror aktının hazırlanması və törədilməsi məqsədilə 2006-cı ildə Bakıya gəlib. Onun ifadələrinə görə, İsrail nümayəndəliyinin qarşısında etiraz aksiyasının hazırlanması, diplomatlara fiziki zərərin yetirilməsi və binanın partladılması ilə bağlı tapşırıq alıb. 2013-cü ilin mayında məhkəmə üç nəfər Azərbaycan vətəndaşı barəsində hökm çıxarıb. Onlar Bakıda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi zamanı israillilərə qarşı terror aktının hazırlanmasında təqsirkar olduqlarını etiraf ediblər. Fariz Bayramov və İbrahim Sadıqov 11 il həbs cəzası alıb. Azər Nəzərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər üçü İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq ediblər. 2012-ci ilin dekabrında iş üzrə Kamal Rəcəbov (14 il həbs cəzası), Rəşad Şahbazov (13,5 il), Rəcəb Abbasov və Afiq Allahverdiyev (hər biri 12 il) mühakimə olunub.
Yenə də qeyd etməyi özümə borc sayıram ki, Azərbaycan hüquq-mühafizə sisteminə inamım sıfıra yaxındır. Ona görə də yuxarıda adı çəkilən şəxslər arasında günahsız insanların olduğunu istisna etmirəm.
Amma bir məsələyə diqqət etmək lazımdır: Azərbaycanda avtoritar, İranda isə totalitar bir rejim mövcuddur. Bu anlayışlardan kimisə tənqid, kimisə təqdir etmək məqsədilə istifadə etmirəm. Hətta Qərbdəki «vicdanlı» dostlarımız belə, məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza kimiləri, ölkəmizdəki rejimin avtoritar xarakterini inkar etmirlər. Ona görə də, «yeni azərbaycanlı» opponentlərimə vaxtından əvvəl qıcıqlanmamağı məsləhət görərdim. Söhbət müxtəlif xarakterli rejimlərin dövlətlərarası münasibətlərdə seçdiyi davranış tərzindən gedəcək. İndi isə keçək məsələnin məğzinə…
Avtoritar və totalitar rejimlər dövlətlərarası münasibətlərdə iki əsas amili rəhbər tuturlar: əvvəla, tərəfdaş dövlət, beynəlxalq təşkilat həmin rejimin daxili işlərinə qarışmamalıdır. Əslində Qərb dövlətləri belə, «Demokratik Dünya» adlandırdığımız geosiyasi məkan dışındakı dövlətlərlə münasibətlərini müəyyənləşdirəndə bu amili o qədər də nəzərə almırlar, bir hal istisna olmaq şərti ilə — haqqında danışılan dövlətin xarici siyasəti Qərbin geostrateji maraqlarına ziddirsə, onda vay onun halına. Etiraf etmək lazımdır ki, İran ən azından Səudiyyə Ərəbistanından daha demokratikdir. Sözsüz ki, burada söhbət «demokratiya» anlayışının ənənəvi məna tutumundan getmir. Amma yenə də, İranda ən azından totalitar dini ideologiya çərçivəsində də olsa, Səudiyyə Ərəbistanı ilə müqayisədə müəyyən siyasi azadlıqlar təmin edilir. Amma Qərb, o cümlədən ABŞ nə İranla düşmənçilik, nə də Səudiyyə Ərəbistanı ilə dostluq edərkən bu amili nəzərə almır. Sözsüz ki, «dost» rejimlər özünün dayanıqlığını təmin etdiyi müddət ərzində.
Yeri gəlmişkən qeyd edim ki, bizim «yeni azərbaycanlıların» ya vətən, ya da ki bu vətənin coğrafi məkanı baxımından bəxtləri gətirməyib. Azərbaycan Qərbin «Demokratik Dünya» kimi müəyyənləşdirdiyi coğrafi məkanda yerləşib. Ona görə də Vaşinqton xala-xətrin qalmasın deyə, bizə vaxtaşırı, yəni ildə bir dəfə Dövlət Departamentinin dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatında, bir də, seçkidən-seçkiyə demokratikləşmənin vacibliyi haqqında dərs keçməyə məcburdur.
Amma, türklər demişkən, bu çox saçmalıq. Deyin görüm, «demokratiyanın coğrafi sınırları»nı müəyyənləşdirmək Haqqını ABŞ-a kim verib?! Bu, Yer kürəsi çərçivəsində səlahiyyətlərin mənimsənilməsi deməkdir!!! Bunun harası demokratiya oldu?! Ən azından Cənubi Qafqazda «demokratiyanın coğrafi sınırları»nı bir qədər Qərbə çəkə bilərdilər. Onda nə onların, nə də bizim «yeni azərbaycanlı»ların başı vaxtaşırı demokratiya dərslərindən ağrımış olardı, nə də dövlətlərarası münasibətlərdə problemlər yaranardı. Yenə xahiş edirəm ki, heç kim qıcıqlanmasın. Bütün bunlar sözgəlişi yadıma düşdü. İndi isə qayıdaq mətləbə.
Azərbaycanla İran həddən artıq mütərəqqi, demokratik dövlətlərdir. Onlar hamıya bir gözlə baxmağa hazırdırlar. Yəni Yer kürəsində «demokratiyanın coğrafi sınırları»nı müəyyənləşdirmək haqqını mənimsəmək kimi saçma bir fikir onların heç ağlına belə gəlmir. Yəni onu demək istəriyəm ki, dəyərlər, o cümlədən dini dəyərlər, Azərbaycan-İran münasibətlərində heç bir problem yarada bilməz. Dindarları da qıcıqlandırmaq istəməzdim. Azərbaycandan fərqli olaraq, İranın Qazaxıstanla, yəni bizdən dəfələrlə daha dünyəvi bir cəmiyyətə malik bir ölkə ilə heç bir problemi yoxdur. Rəsmi Tehran Latın Amerikasındakı İslamın mütləq saydığı dəyərləri, o cümlədən, ailə dəyərlərini rədd edən aşırı solçu rejimləri ən yaxın dostları sayır. Bir sözlə, onu demək istəyirəm ki, Azərbaycan və İranda dəyərlərə heç bir dəyər verilmədiyi üçün rəsmi Bakı ilə Tehran arasında yaranan problemlərin gerçək mənbəyi dəyərlər ola bilməz.
Bu tip rejimlərin münasibətlərinə təsir edən ikinci amil milli-dövləti maraqlardır. Etiraf etmək lazımdır ki, totalitar rejimlər milli-dövləti maraqlara daha bağlıdırlar. Əslində totalitar rejimlərdə ideologiyaya belə bu milli-dövləti maraqların gerçəkləşdirilməsi üçün bir vasitə kimi baxılır. Yenə də İranın bölgədəki siyasətindən bir misal gətirəcəyəm. İran müsəlman torpaqlarını işğal etdiyi üçün İsraili yerlə yeksan etməyə çağırır. Amma Qarabağ problemindən söhbət düşəndə, rəsmi Tehranın Ermənistanın Azərbaycan, yəni müsəlman torpaqlarını işğal etməsini etiraf etməsinə belə baxmayaraq, İran bu münaqişənin dinc yolla həllinə çağırır. Bu azmış kimi, müsəlman torpaqlarını işğal etmiş dövlətlə dostluq münasibətləri qurur.
Opponentlərim bütün günahları Azərbaycanda, yəni rəsmi Bakının İrana düşmən xarici siyasətində görə bilərlər. Amma yenə də bir məntiqi uyuşmazlıqla qarşılaşırıq. İranın ərəb dünyasında dostları o qədər də çox deyil. Fələstində olmuşam. Fələstin ərəbləri belə, İranı dost saymırlar. Amma İran İsrailə qarşı mübarizədə düşmən ərəb dövlətləri ilə belə əməkdaşlıq etməyə hazırdır. Ölkəmizə qarşı rəsmi Tehranın fərqli münasibəti yalnız və yalnız Azərbaycanın xarici siyasəti ilə İranın milli-dövləti maraqları arasında hətta uzunmüddətli perspektivdə belə hər hansı uyumun yaranmayacağına olan əminlikdən doğur. Yəni İran rejimi Azərbaycanı bir müstəqil, dost dövlət kimi qazanmağı mümkün saymır və bu haqda düşünmür. Bu tezisdən daha bir nəticə çıxarmaq olar. Müstəqil Azərbaycanın mövcudluğu İranın milli-dövləti maraqlarına ümumiyyətlə cavab vermir. İran-Azərbaycan münasibətlərində həlli çox müşkül, hətta deyərdim ki, bölgədəki indiki geosiyasi şərtlər daxilində qeyri-mümkün olan bu problemin səbəbləri ayrıca bir məqalənin mövzusu ola bilər.
Bu məqalədə isə söhbət bu problemi doğuran səbəblərdən deyil, gerçək tablonun fotosundan gedirdi.
İndi isə qayıdaq yuxarıda haqqında danışılan faktlara. Yenə də deyirəm ki, Azərbaycan hüquq-mühafizə və məhkəmə sisteminin vərdişlərini və iş tərzini bildiyim üçün, yuxarıda adı sadalanan şəxslər arasında günahsız insanların olduğunu istisna etmirəm. Amma daha çox əminəm ki, onların arasında İran xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda terror aktları təşkil etmək məqsədi güdənlər də yox deyil.
Bu yazıda Azərbaycan-İran münasibətlərinin bəzi cəhətlərinə toxundum. Şimal qonşumuzla münasibətlərimizdə olan problemlər də heç kimə sirr deyil. Biz isə dostluqdan, balanslaşdırılmış xarici siyasətdən dəm vururuq.
Azərbaycan isə özünü ac-yalavac, qana susamış və onu parçalamağa hazır iki canavar arasında qalıb bu yırtıcıları əbədi dostluq haqqındakı nağıllarla rəhmə gətirmək istəyən bir sadəlövh insan kimi aparır. Ondansa bu canavarlardan daha güclü müttəfiqlərin dəstəyini qazanmaq lazımdır…
[email protected]