Bir ay ərzində 30 min manat pul tələb ediblər.
İş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb etməkdə ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə başa çatıb. Sabirabad rayon sakini Kənan Məmmədov, Sədərək rayon sakini Vüqar Əliyev, Şərur rayon sakini Məhəmməd Məmmədov, Şirvan şəhər sakini Taleh Nəcəfov, Ağdam rayon sakini Əlövsət Orucov və Qubadlı rayon sakini Əlizamin Niyazovdan ibarət dəstə əlbir olaraq Qaradağ rayonundakı daş karxanasının sahibi Akif Məmmədova hədə-qorxu gələrək ondan bir ay ərzində 30 min manat pul tələb ediblər.
Dəstə üzvləri ilkin olaraq öz məqsədlərinə çatıb və Akif Məmmədovdan 5 min manat pul qopara biliblər. Amma onlar bu niyyətlərini sona qədər reallaşdıra bilməyiblər.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvləri həbs edilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Vüqar Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə digər təqsirləndirilən şəxslər Kənan Məmmədov, Məhəmməd Məmmədov, Taleh Nəcəfov, Əlövsət Orucov və Əlizamin Niyazovun barəsində CM 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Həmin maddəyə uyğun olaraq adı çəkilən şəxslərə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.