Biganə millətin konfliktləri
Araşdırma materiallarından məlum olur ki, müasir cəmiyyətdə konfliktologiya elminin çoxsaylı məlum olmayan cəhətləri var. Faktiki olaraq dünyanın ən böyük dövlətlərinin təhsil sistemində konfliktologiya elm kimi araşdırılmır. Azərbaycana gəlincə, bizdə konfliktologiya elmi politologiyanın yedəyində gedir. Halbuki bunlar başqa-başqa sahələrdir. Konfliktologiya hər şeydən əvvəl baş verən bütün hadisələrin nəticəsidir. Bu gün cəmiyyətlə insan arasında ən böyük böhran nəzərə çarpır. Bəşəriyyətlə cəmiyyət arasında, bəşəriyyətlə mövcud ictimai-siyasi qurumlar arasında həll olunmayan konfliktlər var. Azərbaycan mühitində siyasi və iqtisadi böhranla yanaşı müasir insan, onun fikirləri, dünyagörüşü, hadisəyə və həyata olan münasibətlərdə ciddi böhranlar görürük. Bu gün insan və cəmiyyət arasında həm siyasi, həm də iqtisadi böhran dərinləşməkdədir. Məsələn, ingilis araşdırıcısı D.Folen XXI əsri konfliktlər əsri adlandırıb. Amma təəssüf ki, yaşadığımız əsr bu istiqamətdə az tədqiq olunur. Yeni yüzillikdə dünyanın əsas aparıcı dövlətlərində həm siyasətin, həm hakimiyyətin, həm hökumətin, həm iqtidarın, həm müxalifətin, həm parlamentin, həm qanunvericilik və icra orqanlarının, həm də ədəbiyyat və incəsənətin böhranını görürük. Bu çərçivədə insanın insana olan böhranı da bəzən çoxluq təşkil edir.
Böhranlar dərinləşdikcə mövcud konfliktlərin, eləcə də diplomatik münasibətlərin idarə olunması və tənzimlənməsi dərinləşir və dəyişir. Konfliktlərdən doğan böhran bəzən elə dərinləşir ki, mövcud vəziyyət ona davam gətirmir. Nəticədə sosial-iqtisadi dayaqlar laxlayır, maddi və mənəvi ehtiyatlar tükənir, keçilməz maneələrlə üz-üzə qalır. Araşdırma materiallarına görə, Azərbaycan bu gün 20 il ərzində baş verən konfliktlərin (istər iqtisadi olsun, istər siyasi) ağrısını, acısını çəkməkdədir. Məsələn, 1990-cı ilin 20 yanvar «konflikti» (Bakı və Bakı ətrafı kəndlərin sakinləri nəzərdə tutulur) nəticəsində 184 min 765 nəfərin psixoloji durumu pozuldu. Bu hələlik qeydə alınanlardır. Onların da vur-tut 9%-i müalicədən salamat çıxdı. (Maraqlıdır ki, ABŞ-ın Linkoln kitabxanasında (Vaşinqton) Azərbaycanın ictimai-siyasi mühitilə bağlı kəşfiyyat materiallarının məxfi qrifi artıq götürülüb. Bütün baş verənlərə, səbəblərə, günahkarlara… orda rast gəlmək mümkündür). Əhalinin qalan sayı hələ də həm fiziki, həm mənəvi, həm də psixoloji cəhətdən əziyyət içindədir. 20 yanvar gecəsində, «Linkoln sənədləri»ndə qeyd olunur ki, doğulan uşaqların 82%-i respublikanın nevroloji dispanserində qeydiyyatdadır. (Ölənləri, şikəst olanları, ömrünü əlil arabalarında başa vuranları demirəm).
Və yaxud Xocalı faciəsinin nəticələri hələlik tam dəqiqliyilə açıqlanmır. Əsir qalan və yaxud gedən, aparılan iki min nəfərə yaxın («Kəşfiyyat statistikası»na baxmaq kifayətdir) qızların, gəlinlərin, ana və bacıların taleyi haqqında hamı susur… Biz, sadəcə, Xocalı ilə bağlı fərdi görüntüləri sadalamaqla kifayətlənirik. Filan nəfər öldü, filan nəfər yaralandı. (?)
Baxın, vaxtında həll olunmayan konflikt milləti Xocalıyadək — güllə qabağınadək qovdu.
Baş verən konfliktdən doğan iqtisadi-siyasi və mədəni böhranlar istənilən cəmiyyətdə xaos yaratmaq, parçalayıb dağıtmaq gücünə malik idi. Məlumata görə, amerikalılar iddia edirlər ki, XXI əsr Amerika əsri olmalıdır (eks-prezident B.Klintonun konsepsiyası). Hadisələr göstərir ki, ölkənin, yəni ABŞ-ın, strateji araşdırma mərkəzləri baş verən konfliktlərə və onları doğuran səbəblərə və nəticədə yaranmış böhranlara olan metodoloji münasibətlərini hələlik dəyişə bilmir. Məsələn, ABŞ MKİ-nin hazırladığı «2015-ci il qlobal dəyişikliklər» 84 səhifəlik Ağ evə ünvanlanmış hesabatda Şimali Afrikanı bürüyən «İslam oyanışı», «Ərəb baharı» anlayışı yoxdur. Pentaqon iddia edir ki, 2025-ci ilə qədər yer üzündə əlavə yüz dövlət yaranacaq. Şübhəsiz, bu, baş verən konfliktlərdən yaxa qurtarmaq kimi bir şeydir. Bu, mövcud konfliktlərin törətdiyi böhranların nəticəsidir. Çünki yeni dövlət yaranmır. Yeni ərazi yaranmır. Sadəcə, mövcud olan bir dövlət ərazidəki etnik qrupların, separatizmin yaratdığı konfliktlərin yekunu olaraq bir neçə yerə parçalanır. Məsələn, dünyanın hərbi jurnallarında Türkiyədən, İraqdan, İrandan, Azərbaycandan qoparılan ərazilərin hesabına Kürdüstan dövlətinin yaranması ortaya atılır. Və yaxud Səudiyyə Ərəbistanının Məkkə və Mədinə arasında sədd çəkilib, iki kiçik dövlət yaranır. İraq üç hissəyə bölünür. Amerikanın Ştatları ayrılaraq hər bir ştat öz dövlətini qurmaq arzusunda olur. Dünyanın 11 nəzarətsiz ərazisində yeni dövlətlər qurulur. Həmin dövlətlərin primitiv şəkildə də olsa öz daxili bazarları üçün pul vahidləri kəsilir. Biz bu gün işğal olunmuş Azərbaycan ərazilərində — Dağlıq Qarabağın dövriyyəyə buraxılmış pul vahidlərinə rast gəldik. Bu gün Dağlıq Qarabağın öz parlamenti var, ordusu var, bayrağı var, himni var, prezident idarəetmə sistemi var, qanunvericilik aktlarını müəyyənləşdirən qurumları və konstitusiyası var. Bu gün Dağlıq Qarabağın çevik xarici siyasəti var. Hətta Dağlıq Qarabağda dilçi alimlər qrupu yerli sakinlərin dil və üslublarının Ermənistanın dil və üslubundan fərqli olduğuna işarə edirlər. Bütün bunlara səbəb baş verən konfliktləri vaxtında yoluna qoya bilməməyimizdir. Bir qrup siyasətçi, yəni «üzdəniraq politoloq» üçün Dağlıq Qarabağ «çörək ağacına» çevrildi. Amma səbəblər bir yanda qaldı. Erməni separatçılar səbəblərin tarixi köklərinə gedib çıxır, saxtakar kitablar, məlumatlar hazırlayır… biz isə hələ də konfliktlərin doğurduğu nəticələrdən əl çəkmirik. Nəticələr məlumdur, cənablar! Səbəbləri göstərin, cənablar, səbəbləri. Başımıza gələnlər nədən oldu? Köhnə, əski və nimdaş müxalifətə «Çıxın gedin!..»- deyən nə vaxt tapılacaq? «Götürün «Milli Şuranızı» da, çıxın gedin…» — deyən tapılacaqmı? Bu millət biganə millətdi. Koroğlusunu, Nəbisini, Həcərini, Nigarını… hoydu-hoyduya götürən millətdi. Axırda da… böyük şairimiz Səməd Vurğunu hoydu-hoyduya götürdülər (Tarixdə yeganə millətik)… Allah sonrasından saxlasın. Hamı biganədir. Bunun şairi də biganədir, yazarı da, çalğı çalanı da, oxuyanı da, qəbir qazanı da, mollası da, mürdəşiri də… İndi Bakıda hər zonanın öz qəbiristanlığı var… Konflikt yaratmamaq üçün hərə öz ölüsü ilə öz qəbrilə məşğul olmağı üstün tutur. Konfliktlər üstündə köklənən millət gözləyir ki, hörmətli cənab prezident seçkiqabağı günlərin birində desin:»…Mən bütün kommunal xərcləri ləğv edirəm…» İnanın ki, bundan sonra Azərbaycanda nə müxalifət olar, nə daş, nə tərəzi… nə piket, nə mitinq…
Dağlıq Qarabağ konflikti (indi o müharibəyə çevrilib) Azərbaycanda demoqrafik xəritəni alt-üst etdi. Daha Bakıda əsl bakılını gərək çıraqla axtarasan. Məsələn, məlumata, görə 350 min nəfər sakini olan Gəncədə bu gün vur-tut 1286 nəfər əsl gəncəli qalıb. (?) Respublikanın 43 rayonunun sakinləri kütləvi şəkildə biri-birilərinə assimilyasiya olunub. Dil-dilə qarışıb, dialekt-dialektə… Anlamaq olmur. Bütün bunlar vaxtında nəzarətsiz zonalarda, xüsusən işğala məruz qalmış Dağlıq Qarabağ ərazilərində baş verən konfliktlərdən doğan böhranların nəticəsidir. Dağlıq Qarabağ konflikti sonradan müharibəyə çevrildi. Bu isə mövcud böhranın kulminasiya nöqtəsi hesabındadır.
Bütün müharibələr, siyasi çarpışmalar, qanlı toqquşmalar, terror və kütləvi qırğınlar, ərazi iddiaları baş verən konfliktdən doğur. Bu gün dərk olunmalıdır ki, dünyaya yeni insan gəlir. Yeni insan dünyanın harasında olursa-olsun, hansı məkanında doğulursa-doğulsun, köhnə qanunları, köhnə yaşayış tərzlərini qəbul etmir. Yeni insan yeni parlament tələb edir. Ratifikasiya olunmuş qanunlar onun arzusundan, istəyindən kənar qəbul oluna bilməz. Yeni insan köhnə auditoriyaya sığmır. Onun beyin çəkisində, genetik kodlarında, qan qruplarında yeniləşmə var. Yeni insan onlar üçün ayrılmış «Maarifləndirmə sistemini» çoxdan vurub dağıdıb. Bax bütün dünya prosesində mövcud olan siyasi və iqtisadi konfliktlərin yaranmasına da səbəb elə budur. Halbuki bütün bunlar bizim gözümüz qarşısında baş verir. Yeni insan sizsiz də, bizsiz də öz dünyasını, yeni dünyasını qurmaqdadır. Bu gün biz yeni doğulan insanla konfliktdəyik. Mövcud cəmiyyətin yeni insanla olan böhranı dərinləşir. Bu böhran həm iqtisadiyyat, həm də siyasətdə özünü göstərir. Dünyanın bütün nöqtələrində fəaliyyətdə olan siyasi hakimiyyət öz hakimiyyətini yeni insana etibar edə bilmir. Aramızda etimad prinsipi pozulur. Araşdırma materiallarına görə, yaxın gələcəkdə dünyanın bütün nöqtələrində prezident seçki üsulu, ümumiyyətlə seçki sistemi ləğv olunacaq. Nə qədər ki, siyasi partiyalar arasında, qəbilələr arasında, tayfa və nəsillər arasında konfliktlər həll edilməyib, bəşər həmişə böhran və gərginlik içində yaşayacaq.
Azərbaycana gəlincə, Dağlıq Qarabağın yaratdığı konflikt və yaxud müharibə dövlət quruculuğuna və onun möhkəmlənməsinə güclü təsir edir. ATƏT-in Minsk Qrupu bu konfliktdən doğan böhranı tənzimləməklə məşğuldur. Lakin böhran artıq öz məcrasından çıxıb. O, özünün kulminasiya nöqtəsindədi. Tərəflər müharibə istəmir. Çünki məlumdur ki, bugünkü müharibə «kalaşnikov» müharibəsi olmayacaq. Təhlillərə görə, konfliktdən doğan böhran və yaxud Dağlıq Qarabağ konfliktinin yaratdığı böhran yeni bir siyasi sistem tələb edir. Fikrimcə, bu yeni siyasi və iqtisadi sistem Dağlıq Qarabağın azad iqtisadi zonaya çevrilməsi məsələsi ola bilər. Konfliktlərdən və onun doğurduğu müharibə böhranından əziyyət çəkən Dağlıq Qarabağın azad iqtisadi zonaya çevrilməsi yaşadığımız böhranın nəticəsi kimi də qəbul oluna bilər. Azərbaycan bayrağı altında Azərbaycan diplomatiyasına uyğun, eləcə də ölkənin daxili və xarici siyasətinə əsasən formalaşdırılan Qarabağın azad iqtisadi zonaya çevrilməsi yeni yüzilliyin optimal variantlarından biridir. Biz imkan verdik ki, Dağlıq Qarabağ ərazilərində baş verən konfliktlərdən və konfliktləri yaradan böhranlardan hərə öz məqsədləri üçün istifadə etsin. Lakin bütün bunları biz görürdük. Sadəcə, dolaşmış kələfləri aça bilmirdik.
Konfliktologiya elmi böyük elmdir. O hər hansı bir siyasətin başlanğıcıdır. Bu elm çoxşaxəli elmdir. Hələlik dünyanın heç bir ölkəsində müstəqil fəaliyyət göstərən «Konfliktologiya Universiteti» yoxdur. Amma mənə elə gəlir ki, hər bir dövlət başçısının özünün şəxsi nəzarətində olan belə bir tədqiqat mərkəzi olmalıdır. Siyasətdə və iqtisadiyyatda, elmdə, ədəbiyyat və incəsənətdə, insani münasibətlərdə… konfliktlər davam edir. Bu konfliktlərin həll olunma yolları tapılmadığından böhran dərinləşir, çıxılmaz bir uçuruma çevrilir. Dünya bu gün həm siyasi, həm də iqtisadi konfliktlərdən əziyyət çəkir.
Məsələn, bizim tədqiqata görə, Azərbaycan mətbuatı və KİV mövcud olan konfliktlərin ancaq 94% nəticəsini göstərir. Səbəblərini isə göstərə bilmir. Səbəbdən çox nəticəyə verilən üstünlüklər böhran haqqında tam təsəvvür yarada bilmir. Çox hadisələrdə insanlar «nə üçün» sualına cavab tapa bilmirlər.
Konfliktologiya elmi Azərbaycanda, demək olar ki, öyrənilmir, tədqiq edilmir. Çünki bu elmin qədim sirləri açılmayıb, izah olunmayıb. Fikrimcə, cəmiyyəti, mövcud quruluşu, hakimiyyəti sabit görmək istəyi olan kim varsa, o, hökmən konfliktologiya elminin sirlərinə bələd olmalıdır.
[email protected]