Bəzi şadlıq evləri fəaliyyət prinsiplərini dəyişməli olacaq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi iyunun yeddisindən şadlıq evlərinin yoxlanılmasına başlayır. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında komitənin Dövlət Nəzarəti Xidmətinin rəhbəri Əbülfət İmanov bildirib.
Dövlət Komitəsi tərəfindən bu sahədə yoxlamalar müntəzəm şəkildə aparılır və bu məsələdə əhaliyə həm servis sahəsində keyfiyyətli xidmətlərin təqdim olunması, həm də qida məhsullarının keyfiyyəti prioritet məsələdir (Trend).
İmanovun sözlərinə görə, yoxlamalar bu sahədə qəbul olunan standartlara uyğun aparılır: «Şadlıq evlərinin 95 faizi bu sahədə standartların qəbul olunmasına qədər tikilib. Şadlıq evlərinin bəzilərində mətbəxlərdə, zallarda və foyelərdə və digər xidmət sahələrində standartlara uyğunsuzluq halları müşahidə olunur. Bununla əlaqədar olaraq onlara bütün tələblərin icra olunması haqqında göstərişlərin əks olunduğu yazılı məktub göndərilib. Əks halda onlara qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək».
İmanovun sözlərinə görə, elə şadlıq evləri var ki, orada yenidənqurma işləri aparmaq mümkün deyil və onlar məcburi şəkildə fəaliyyət prinsiplərini dəyişməli olacaqlar.
Qeyd edək ki, Bakıda 165-ə yaxın şadlıq evi fəaliyyət göstərir.