Berezovski boğularaq ölüb, qabırğası isə sınıbmış
Berezovskinin ölümünün səbəbini qəti şəkildə aydınlaşdırmaqdan ötrü təhqiqat davam edir. Bu məsələ dünya mediasının diqqət mərkəzində qalmaqdadır. Son xəbərlərə görə. onun boğularaq öldüyü ehtimalı üzə şıxıb, ölümündən əvvəl isə qabırğasının sındığı müəyyənləşib. Pataloqoanatomlardan ibarət ekspert qrupu rusiyalı maqnat Boris Berezovskinin ölümdən əvvəl qabırğasının sındığını müəyyənləşdirib.
APA-nın “LifeNews”a istinadən yaydığı məlumata görə, bu barədə maqnatın ailəsinə yaxın mənbələr bildiriblər. Bununla belə Berezovskinin bədənində zərbə və qançır izləri aşkarlanmayıb.
Polis orqanları da Berezovskinin üzərində zorakılıq əlamətlərinin aşkarlanmadığını, mərhumun boğulma nəticəsində öldüyünü bildirir. Eyni zamanda polis bu işdə kriminal olmadığı barədə rəy verməyə tələsmir…
İlkin məlumata görə, biznesmenin dəfn mərasimi altı həftədən tez baş tutmayacaq. Polis bütün istintaq hərəkətləri başa çatdıqdan sonra dəfnə icazə verəcək. Oliqarxın harada dəfn olunacağı da dəqiqləşməyib. Berezovskinin yaxınları intihar versiyasını qəbul etmirlər. Mərhumun dostu, biznesmen Mixail Çernoy bildirib ki, Berezovski ona ölümündən bir neçə gün əvvəl ona İsrailə səfər etməyə hazırlaşdığını deyib. Digər iş adamı Nikolay Qluşkov da bu məlumatı təsdiqləyib.