Beyonsu Bakıya gətirəcək
Dünyaca məşhur menecer-prodüser Marsel Avram şəhərimizin qonağı olub. Səfər çərçivəsində Marsel Avram bu gün yerli media mənsubları ilə görüşüb. Qonaq ilk olaraq özü haqqında bildirib ki, 60-cı illərdən bəri bu işlə məşğuldur: “İşimdən çox məmnunam. Bütün ölkələrdə konsertlər təşkil etmişəm. Konsertlərimin əksəriyyəti isə Almaniyada baş tutub. Onu da xüsusi olaraq qeyd edim ki, 1 ölkədə konsert təşkil etməyi xoşlamıram”.
Şəhərimiz haqqında öz təəssüratlarını bölüşən Avram bildirib ki, Bakı çox gözəldir: «2 il əvvəl televiziyada ölkəniz haqqında eşitmiş, yayda isə burada olmuşam. Eurovision-2012 isə möhtəşəm idi. Bütün bunlara nəzər saldıqda isə ölkənizin nə qədər çox inkişaf etdiyi bəlli olur”.
Avram Azərbaycan mətbəxini sevib: «Şirniyyatlarınızı xüsusilə bəyənirəm. Baxmayaraq ki, şirniyyatınız türk mətbəxinə yaxındır, ancaq sizin şirniyyat daha dadlıdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan qızlarının gözəlliyinə söz ola bilməz».
«Səfərimin məqsədi Bakı ilə tanış olmaq, Bakının xarici ulduzları qarşılamağa hazır olduğunu bilməkdir. Bilirəm ki, Beyonsun konsertini Azərbaycanda gözləyənlər çoxdur. Yaxın müddət ərzində Beyonsun Türkiyədə konsertini təşkil edəcəyəm, dərhal sonra isə Bakıda konserti üçün hazırlıqlar başlayacaq”, — deyə fikirlərinə əlavə edib.
Məlumat üçün: 40 illik fəaliyyəti ərzində Marsel Avram özünü konsert biznesində dünyanın ən uğurlu insanı kimi təqdim etməyə müvəffəq olub. Dünyanın ən məşhur şou-biznes ulduzlarının hamısı Marsel Avramla layihələr həyata keçirib. Bir çox ulduzların uğurlu karyerasında Marsel Avramın böyük rolu olub. Marsel Avramın birgə çalışdığı dünya ulduzları sırasında Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stewart, Prince, Bon Covi, Selin Dion, Elton Con, Tina Turner, The Who, Deep Purple və Ozzi Ozborn var. Eyni zamanda, Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streisand, Tom Cons və Layza Minelli kimi sənətçilər, Plasido Domingo və Xose Karreras kimi klassik ulduzlar, Neil Daymond, Laynel Riçi, Adriano Çelentano və Eros Ramazzotti kimi ifaçılar öz konsert proqramları və turlarını ona etibar ediblər.
Marsel Avramın Bakı səfərinin təşkilatçılıq işlərini «Səs Organization»un rəhbəri Nahid Emiloğlu həyata keçirir. Səfər müddətində şəxsən Marsel Avramın iştirakı ilə bir sıra görüşlər keçiriləcək, eyni zamanda yaxın gələcək üçün nəzərdə tutulan dünya şöhrətli Beyonsun Bakı konsertinin təşkili ilə bağlı danışılacaq.