Bəxtiyar Xanızadə: “Çabalayıram, amma vurnuxmaq istəmirəm”
Dövlət Pantomim Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə uzun illərdir «him-cimlə danışan» aktyordur. Onunla söhbətimizdə soruşduq ki, him-cimlə danışmaq 18 il əvvəl yaxşı alınırdı, yoxsa indi? Anlaşılmaq dərəcəsi hansı xətt üzrə inkişaf edib?
— Mənimçün fərqi yoxdu, o vaxt, ya indi. Bu müddət ərzində him-cim dilini araşdırıb təzə “ifadələr”, “sözlər” tapmışıq, tamaşaçı da təzə dilimizə öyrəşib. Əvvəllər tamaşalar la-mim tərzinə daha yaxın idisə, indi bədən rəqsinə daha yaxındır, hərəkətin hesabına hal çatdıra bilirik. Əvvəllər on hərəkətlə bir halı göstərirdiksə, indi bir hərəkətlə on hal göstəririk. On il müddətində təkcə mən fikir deyirdimsə, son illər artıq aktyorlar öz fikirlərini deyir, yozumlarını verirlər.
— Son tamaşalarınızdan, məsələn, «Unutmayaq»la «No comment» səhnə əsərindən daha çox aksiya təsiri bağışlayır. Sanki bu tamaşalar müəyyən bir mövqenin səhnə həllidir. Bədiilik azdır, ön planda deyil.
— Onda, deməli, “Hamlet” də aksiyadır. O da Şekspirin mövqeyidir. Yeri gəlmişkən, məncə Hamlet cəsarətsiz, cavabdehliyi öz üzərinə götürməyə qorxan cavan şahzadədir. Mən onu belə qəbul edirəm. Ya da “Hərb və sülh” romanı. O da Tolstoyun bütün həyatının mövqeyidir. Bədiiliyin az olmasına gəlincə isə çəməndə tək bir çiçək göyəribsə, məgər o çiçəyin gözəlliyi özü-özlüyündə bədii deyilmi? Bir yapon rəvayəti var. Deyir, bir gün vəzir hökmdara bildirir ki, bağbanın bağındakı güllərə baxmaqla doymaq olmur. Hökmdar bu gözəlliyi görmək istəyir. Vəzirlə bağa gəlib çatanda görürlər ki, bağda cəmisi bircə gül var. Vəzir təəccübünü bildirəndə bağban deyir ki, siz dediniz ki, hökmdar gülə baxmağa gələcək, mən də bütün gülləri dərib bircəciyini saxladım, çünki gülün gözəlliyini güllərin içində görmək olmur. Bu tamaşalardakı bədii səhnələr də eləcə.
— Pantomim Teatrı dünya səhnələrində ən çox çıxış edən teatrlardan biridir, lakin teatrın işləri barədə nadir hallarda müsahibə verirsiniz…
— Son beş ildə iki dəfə Türkiyədə, üç dəfə Gürcüstanda, Avstriyada, Almaniyada, dörd dəfə Fransada olmuşuq. Niyə müsahibə vermək istəmirəm? Bilmirəm, bəlkə qocalmışam, bəlkə ona görə ki, əvvəllər özümü təsdiqləmək iddialarım var idi, indi isə fikirləşirəm ki, niyə təsdiqlənmək üçün özümü təqdim etməliyəm? Tamaşaçı ilə ünsiyyət varsa, əlavəyə ehtiyac yoxdur. Həm də çoxlarını yaradıcılıq axtarışlarının nəticələri yox, truppanın tərkibinin niyə dəyişməyi maraqlandırır.
Başa düşmürlər ki, teatr canlı orqanizmdir, bir nöqtədə dayanıb qala bilməz, truppa üzvlərinin dəyişməyi təbii prosesdir, bundan sonra da belə olacaq. Amma heç kimi maraqlandırmır ki, heç bir hazır zəmin olmaya-olmaya, 18 ildir bu teatr yaşayır. Yəni Mədəniyyət və İncəsənət Universiteti məxsusi olaraq pantomim aktyoru, rejissoru hazırlamır, dram əsərləri yazılmır, bunların hamısını özüm təmin edirəm, son illərdə isə dediyim kimi, tələbələrim də özlərini həm rejissorluqda, həm də dramaturqluqda uğurla sınayırlar. Bu möcüzəni görən çox azdır.
Bir müddət ən çox bizim teatr haqqında danışırdılar. Telekanallarda da, mətbuatda da. Tamaşalarımızı bütövlükdə çəkib verirdilər, ya da qonağı olduğumuz verilişlərdə parçalar göstərilirdi, hər tamaşamız haqqında yazılar dərc olunurdu. Hətta bir-iki dost-tanış deyirdi ki, bu nədi, ay Bəxtiyar, elə haçan baxırıq, sizin teatrdan danışırlar, daha bu teatrın tarixini əzbər bilirik, eyni söhbəti nə qədər eləmək olar? Mən də deyirdim ki, eyni suallar verilir, ona görə söhbətlər bir-birinə oxşayır. Əsas odur ki, işləməkdən, öyrətməkdən, öyrənməkdən yorulmamışam. Çabalayıram, amma vurnuxmaq istəmirəm. Boş-boşuna vurnuxmaqdan qorxuram.
— Sizcə, him-cim tamaşalar festivalını vaxtaşırı keçirməyə bu gün tələbat var?
— Tələbat həmişə var. Belə bir teatr mənə lazım olmasaydı, indi biz burada söhbət etməzdik. O festivallar da Həsənağa Turabova (Həsənağa Turabov ömrünün son illərində Teatr Xadimləri İttifaqının ilk və son prezidenti vəzifəsində çalışıb – red.) lazım idi. Onun təşkilatçılıq qabiliyyəti, sənətə münasibəti, yaradıcı insanları həvəsləndirmək keyfiyyəti sayəsində o illərdə Bakıda əməlli-başlı, özü də davamlı şəkildə teatr bayramları yaşanırdı. Bir gün də söhbət edirdik, dedi ki, mono-tamaşalar festivalı keçirmişik, eksperimental tamaşalar festivalı keçirmişik, nəsə yeni bir festival təşkil eləmək lazımdır. Təklif elədim ki, gəlin pantomim festivalı keçirək. Dedi, axı bizdə belə truppalar yoxdur. Dedim, görəcəksiniz var. Beləliklə, 94-cü il mayın 16-da festivalın baş tutmasıyla Azərbaycanda ilk Pantomim Teatrı yarandı. Həsənağa Turabovun sayəsində.
— Söhbətimiz boyu bədbin yox, amma kifayət qədər narazı notlar eşitdim…
— Yaradıcı adam necə hər şeydən razı ola bilər? Götürək elə Vaqif İbrahimoğlunu, mən onu buzqıran gəmi adlandırırdım, hər şeydən razı olsaydı, bu boyda işlər qoyub gedə bilərdimi? Mənim də bu sənətdə ilk adddımlarım onunla, 75-ci ildə Aktyor Evində rəhbərlik etdiyi teatr-studiya ilə bağlıdır. Bəla orasındadır ki, indi qeyri-teatral ola-ola teatr ambisiyalı insanlar çoxalıb. Teatrın nə olduğunu bilməyə-bilməyə bu işlə məşğul olmaq, bu haqda danışmaq istəyirlər, ümumiyyətlə, incəsənət haqqında fikir yürütməyə cəhd edirlər. 82-ci ildə müəllimliyə başlayandan bəri tələbələrimə deyirəm ki, tamaşaçının “bunu mən də bacararam” deməsinə şərait yaratmayın. Nəyə görə hər yoldan ötən aparıb sənədlərini texniki, ya dəqiq elmlər sahəsinə aid ali məktəbə vermir, fikirləşir ki, mən filan fənləri bilirəmmi, nə bilim, çertyoj çəkmək əlimdən gəlirmi? Amma Mədəniyyət və İncəsənət Universitetinə sənəd verənlər özlərinə belə suallar vermirlər, yerindən duran bura gəlir. Bizdə də günah yox deyil.
— Köhnə tamaşalarınızdan bəzilərini bərpa eləmişsiniz. Bəs məsələn, “Kesa və Marito” kimi daha bir film-tamaşa hazırlamaq fikriniz yoxdur ki?
— Bəli, “Eşq”i, “Kesa və Marito”nun özünü bərpa eləmişik. Amma məsələn, “Uçuş”u belə balaca səhnədə bərpa eləmək, təəssüf ki, mümkün deyil. Daha bir film-tamaşaya gəlincə, bir dəfə xoşuma gəldi, elədim. İkinci dəfə bu həvəs həmin dərəcədə üzə çıxmayacaq.
Çox vaxt eşidirik, deyirlər ki, ustad sənətkarlar davamçıları olmasının qeydinə qalmadılar, məktəb yaratmadılar. Vaqif İbrahimoğludan öyrənmək istəyən öyrənirdi. Öyrənməyin aclığı olmalıdır. Öyrənmək istəməyən, sənət aclığı olmayan deyə bilər ki, məni öyrədən olmayıb. Şərt o deyil ki, dərslər, məşğələlər təşkil olunsun. Elə sənətkarları diqqətlə müşahidə etməyin, onlarla müntəzəm ünsiyyətdə olmağın özü böyük məktəbdir. Məgər bizim əlimizdən tutub öyrədiblər?
İndi də məndən öyrənmək istəyənlər artıq Pantomim Teatrının yeni nəslini təşkil edirlər. Aktyorlarım aktyorluq eləməklə kifayətlənmirlər. Pantomim Teatrı üçün bütün dünya üzrə dram əsərləri yazılmır. Əvvəllər ancaq mən yazıb quruluş verirdimsə, indi Nargilənin “Yol”, “Adsız”, “Tıq-tıq xanım”, Səbinə Hacıyeva ilə Bəhruz Əhmədlinin “Dejavyu”, Əflatun Abdullayevin “Çərçivə”, “Ceyhun Dadaşovun “Mən və mən” tamaşaları var.
Bəli, kimsə deyə bilər ki, tamaşalarımızın təsir effekti dəyişib. Bu da təbiidir – bütün tamaşalarımızı kamera səhnəsinə uyğunlaşdırmağa çalışırıq, bir çox effektlərdən imtina etməli oluruq.