Muəllif:

«Beşinci dəstə»nin X saatı

Bizim bu hökumət hara baxır? Hər zaman hirslə verdiymiz belə bir sual var. Xarici dövlətlərin ən məkrli qurumlarının bizim vətəndaşları keçi qiymətinə satın alıb öz niyyətlərinə tabe etdikləri üzə çıxanda hər dəfə özümüzə və bir-birimizə bu sualı veririk.
Bu sıradan ölkəmizdə «ən məşhur» olanı «İmam Xomeyni adına imdad komitəsi» deyilən qurumdur. Bu kimi qurumların xaricdə casusluq çətiri rolu oynadığını südəmər çocuqlar da bilir. Lakin bu qurumun əməlləri toplum arasında o dərəcədə açıqdır ki, hamısı ovucun içi kimi tanınır. Bura Azərbaycandır, qardaş. Hansının hansı tindəki dükanda oturub püstə-kişmiş satdığı, yaxud hansı ucqar kənddə mollalıq etdiyi, bura gəlməzdən öncə hansı ölkədə nə kimi əməllər yeritdiyi hər kəsə bəlli olan məsələdir.
(Bu yaxınlarda ucqar kəndlərimizin birində iranlı ər-arvadın mollalıq etdiyini bir qohumum mənə danışanda buna bərk heyrətlənmiş, «aman Allah, onlar gəlib buralara da çıxıblar» deyə düşünmüşdüm. Hərif bu ucqar yerdə «iş metodunu» da rasional qurmuşdu — ölü üstünə getməyə yerli molla ilə müqayisədə çox ucuz qiymətə razılaşır).
Deyə bilmərik ki, bizim qurumlar işləmir — bu çətirin şəbəkələrindən bir neçə ünvanın ağzına qıfıl asıldı hər halda. Neçələrini ifşa edib ağzıbirə saldılar. Qalıb onların baş ofisi. Hamımızın barmaqla göstərdiyimiz bax o xarabanı hələlik bağlamaq mümkün olmur. Bizimkilər təmkin və qanacaqla deyirlər: «Qardaşlar, daha sizin yardıma-filana ehtiyacımız yoxdur, özümüz varlı ölkəyik, imkanlarımız da «maşallah» genişdir. Özümüz yoxsul ölkələrə yardım əli uzada bilirik.Allah eşqinə, şələ-külənizi yığışdırın». Onlar narazılıqla cavab verirlər: «Nə danışırsınız, biz hələ sizinkilərə yardımları davam etdirməliyik. Yardımsız da iş olar?!»
İran rəsmilərinin açıqlamalarına görə, «İmam Xomeyni adına imdad komitəsi»nin fəaliyyətinin davamı ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar gedir. Belə görünür, onlar müsbət cavab alacaqlarına — başqa sözlə, əməllərini davam etdirmək üçün «çətiri» ayaqüstə saxlaya biləcəklərinə ümidlərini itirməyiblər.
Adekvatlıq və qardaşlıq xatirinə kiçik bir müqayisə: Təbrizdə bizim baş konsulluq açmaq istəyimizdə nə kimi məşəqqətlər çəkdiyimizi bir olan Tanrı bilir. Tehranda yığcam bir mədəniyyət mərkəzi, türk dilimizdə kitablarımızı satmaq üçün kiçik bir kitab mağazası açmaq istəyimizin qarşısına nə kimi maneələr diyirlətdiklərini özləri bizdən yaxşı bilirlər. Bizim ölkənin iş adamlarının hələ də Tehranda normal bir biznes mərkəzi yoxdur. Onlar isə burada öz malımızı özümüzə satmaqla biznes qura bilirlər. Üstəlik də «İmam Xomeyni adına imdad komitəsi» deyilən, şəbəkəquruculuq qurumu… Niyə belə olmalıdır ki?
Əgər xatırlayırıqsa, Güney Azərbaycanda son zəlzələ zamanı İran Türkiyə də daxil olmaqla, bir çox ölkələrdən yardım təklifini yaxına buraxmadı. «Heç kəsin yardımına İranın ehtiyacı yoxdur, ölkəmizin kifayət qədər imkanları var» dedilər və doğru hərəkət etmişdilər. Bir tərəfdən vasvası bir biçimdə vətəndaşını xariclə təmasdan qorumaq istədisə, başqa tərəfdən bu kimi yardımların arxasında nələr gizləndiyini öz rejiminin son 35 illik tarixindəki bu kimi təcrübəsindən yaxşı dərk edirdi. Bizə isə şübhəli «yardımlarında» şübhəli bir tutumla israrlıdır.
Bizim türklərdə bir ata sözü var: «Loxma — boğmadır» deyirlər. Bu məzmunda düşüncə, yəqin, başqa xalqlarda da var və bizim bu balaca, lakin neftlə zəngin və strateji baxımdan çooox önəmli yer tutan ölkəmiz barədə mənhus niyyətləri olanlar bu metoddan da yararlanmağı gözdə tuturlar. Yəni kimisə qarşında diligödək, müti, verdiyin göstərişlərin sözsüz və qüsursuz bir şəkildə icra edilməsini istəyirsənsə, ona bir parça çörək verir, cibinə pul (indiki zamanda altına maşın) qoyur, yaxud da baqqal dükanı açmasına şərait yaradırsan. Bu subyekt — olmayan ağlı, olmayan beyni ilə bu reallığa bağlanır: dövlət adamlarına, xarici təsirlərə qarşı ağıllı sözü olan nüfuzlu şəxsiyyətlərə, qələm sahiblərinə, əsgərə və polisə — atasına, anasına, qardaş-bacılarına güllə atmağa, məsum insanların altına bomba qoymağa, xaricilərin işinə yarayan fanatizmi yaymağa hazır olur. Son iyirmi üç illik bağımsızlıq tariximizdə bunun acı örnəklərini azmı gördük?
Son misal: Quba hadisələri. Bu iğtişaşın, fars ləfzi ilə desək, mayeyi-fəsadı həmin o zəhrimar «yardım» olmuşdu. Karyerası zərbə altında qalan icra başçısı həmin o paylanan 30-40 manatlıq yardımları evdə arvad-uşaqdan utanmadan qəbul edənləri emosionallıqla «şərəfini 30-40 manata satanlar» adlandırmışdı… (İnsafən, başqa nə ad vermək olardı ki?..)
Bu «yardımların» fitnə-fəsadları az olmayıb. Belə görünür, hələ yenə də olacaq. Tanrı pisindən qorusun. İndiyədək baş verənlər hər kəsə bəllidir. Onları təkrar sadalasaq, uzun çəkər. Bir də ki bu başqa bir mövzudur. Sadəcə, bizim məsullar bəzən «qardaşlarımız»ın bu əməllərinin bir çoxunun üstünü malalamalı olur. Səbəbi bəsitdir: İran ərazisindən keçib Naxçıvana gedən vətəndaşlarımıza o saat əziyyət verməyə, maşınlarını saxlayıb hinkir-minkir soruşmağa başlayırlar. Bax belə…
Biz oturub hansı günü gözləyirik? — düşünüb bir yana çıxara bilmədiyimiz daha bir sualın cavabı o qədər də asan deyildir. Qonşumuz və sözdə din qardaşımız bu ölkə vətəndaşımızı ovlamaq və tora salmaqla məşğuldur və etiraf edək ki, böyük bir şəbəkə olan «beşinci dəstə»ni təşkil edə bilib, indi bu dəstə əmrə müntəzir dayanıb. Böyük X saatını gözləməkdədir. Bunun əlamətləri üzdədir. İndiyədək yaxalanıb qəfəs içindəki müttəhimlər kürsüsündə əyləşdirilənlər «tora düşənlərin» çoox kiçik bir qismidir.
Vətəndaşımızı və onun əcnəbilər qarşısındakı vətəndaşlıq qürurunu qorumağa isə hökumətimiz mükəlləfdir. Əgər bizim hökumət sözügedən «İmam Xomeyni adına imdad komitəsi»nin bu ölkədə illərdən bəri sürdürdüyü məkrli fəaliyyətinə bundan sonra da razılıq verəcəksə (oxu: buna müticəsinə göz yumacaqsa), daha sözümüz qalmayacaq.

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192