Bəşər Əsədin sonu bir az daha yaxınlaşdı
Suriya ətrafındakı hadisələrin gəlişməsi belə nəticə çıxarmağa imkan verir ki, müdaxilə qətiləşməyə bir az daha yaxınlaşıb. Artıq bəlli olub ki, prezidenti Barak Obama Senat və Konqresin Təmsilçilər Palatasının rəhbərliyinə Suriyaya qarşı hərbi əməliyyat keçirmək niyyətində olduğu barədə məktub göndərib. Məktuba ABŞ Silahlı Qüvvələrinin bu məqsədlər üçün cəlb olunmasını sanksiyalaşdıran qətnamənin layihəsi əlavə olunub.
Bir səhifəlik sənəddə 1973-cü ildə qəbul olunmuş Hərbi səlahiyyətlər barədə Qanuna istinad yer alıb. Qeyd edək ki, bu qanuna əsasən, ABŞ prezidenti ölkənin Silahlı Qüvvələrini 60 gün ərzində ölkə hüdudlarından kənarda istifadə etmək hüququna malikdir.
“Suriyada kimyəvi və ya digər kütləvi qırğın silahının istifadəsi ilə bağlı prezidentə Silahlı Qüvvələrdən lazım və mümkün bildiyi kimi istifadə etmək hüququ verilir”, deyə sənəddə bildirilir.
Sənəddə belə bir addımın atılması, birincisi, kimyəvi və bioloji silah daxil olmaqla istənilən kütləvi qırğın silahının istifadəsinin və yayılmasının (o cümlədən, terrorçu qruplaşmalara və ya digər dövlət və qeyri dövlət birləşmələrinə ötürmə) qarşısının alınması ilə izah olunur.
İkincisi, belə bir addımın atılması ABŞ-ı, həmçinin onun müttəfiq və tərəfdaşlarını bu tip silahların təhlükəsindən qorumağa imkan verəcək.
Obama administrasiyasının planına görə, sənəd Konqresin hər iki palatasının birgə qətnaməsi formasında olmalıdır. Sənədin müzakirəsinin sentyabrın 9-dan sonra (yay tətili sona çatdıqdan sonra) başlanacağı gözlənilir.
Bu arada Suriya Silahlı Qüvvələri də öz növbəsində havadan müdafiə sisteminin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyini və hərbi müdaxilə baş verdikdə istənilən növ hava hücumunu dəf etməyə hazır olduğunu bəyan edib. Baş nazir Vail Halki ötən gün Qərb ölkələrinin münaqişəyə müdaxilə ehtimalını şərh edərkən deyib ki, Suriya ordusu bütün çağırışlara cavab verməyə hazırdır. “Ordu səfərbər olunub. Ordu istənilən çağırışları və ssenariləri qarşılamağa hazırdır”, deyə baş nazir bəyan edib.
Belə bihr hazırlıq barədə İranın FARS agentliyi də Suriyanın hərbi dairələrindəki mənbələrinə istinadla məlumat yayıb.
Suriya baş naziri onu da deyib ki, “Suriya havadan müdafiə sistemi tam döyüş hazırlığı vəziyyətinə gətirilib və istənilən hava hədəfini vurmağa qadirdir. ABŞ hərbi əməliyyat olacağı təqdirdə “Kruz” və “Tomaqavk” tipli raketlərdən istifadə etmək niyyətindədir, lakin Suriyanın radiolokasiya stansiyaları raketlərin hədəfə çatmağına 10 dəqiqə qalmış aşkarlaya bilir və onlar müəyyənləşdikdə isə məhv ediləcək”, deyə agentlik müsahibin sözlərini sitat gətirib. Lakin agentlik havadan müdafiə sisteminin hansı növündən söhbət getdiyini açıqlamayıb.
Ərəb mətbuatına istinadən yayılan xəbərlərə görə: Suriya müxalifəti ABŞ-ın gözlənilən zərbəsindən dərhal sonra paytaxt Dəməşqə irimiqyaslı hücuma keçməyi planlaşdırır.
Məqsəd – Dəməşqi nəzarətə almaq və Bəşər Əsədi devirməkdir. Silahlı dəstələr Dəməşqin Əl-Kalmun rayonunda və Suriyanın şimalında xeyli silah-sursat toplayaraq ABŞ-ın hücumundan dərhal sonra paytaxta girməyə cəhd edəcək.