Berti Foqts milliyə 24 futbolçu dəvət edib
Baş məşqçi Berti Foqts DÇ-2014-ün İsraillə seçmə görüşünə 24 futbolçu çağırıb. Bu oyunçular sentyabrın 7-də Ramat-Qan şəhərində keçiriləcək matçın hazırlıqlarında iştirak edəcəklər. Oyuna hazırlıq məqsədilə sentyabrın 1-də bir araya gələcək millimiz ayın 3-dək Bakıda toplanışda olacaq.
Sentyabrın 4-də İsrailə yollanacaq yığmamız seçmə oyun ərəfəsində hazırlıqlarını matçın keçiriləcəyi Ramat-Qanda yekunlaşdıracaq.
Avqustun 14-də Malta ilə keçirilən yoxlama oyununa 23 futbolçu çağıran Foqts həmin heyətlə müqayisədə müəyyən dəyişikliklərə əl atıb. Almaniyalı mütəxəssis 1 yeni ada ehtiyac duyub. Belə ki, baş məşqçi “Sumqayıt”ın milliləşən futbolçusu Ruslan Qurbanovu da yığmaya çağırıb. Ötən oyunda adı ehtiyat futbolçular siyahısında olanlardan 3-ü də bu dəfə heyətə daxil edilib. Bunlar Cavid Hüseynov, Vüqar Nadirov və Vladimir Levindir.
Malta ilə oyuna çağırılan, lakin sonradan heyətdən çıxarılıb Hüseynovla əvəz olunan Pərdis Fərcad-Azad isə bu dəfə millidən kənarda qalıb. Onun klubdakı komanda yoldaşı Vüqar Əsgərov da Foqtsa lazım olmayıb. Ötən qarşılaşmada adı ehtiyat oyunçu kimi göstərilən Əli Gökdəmirlə Elvin Məmmədov isə bu dəfə ümumiyyətlə siyahıya daxil edilməyib.
Qapıçılar: Kamran Ağayev (“Bakı”), Anar Nəzirov (“Sumqayıt”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov (hər üçü “Qarabağ”), Vladimir Levin (“Qəbələ”), Rasim Ramaldanov, Elnur Allahverdiyev (hər ikisi “Xəzər Lənkəran”), Mahir Şükürov (“Neftçi”), Ufuk Budak (“Əskişəhərspor”, Türkiyə), Elhad Nəziri (“Rəvan”)
Yarımmüdafiəçilər: Qara Qarayev, Vüqar Nadirov (hər ikisi “Qarabağ), Ruslan Abışov (“Rubin”, Rusiya), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Cavid Hüseynov, Əfran İsmayılov (hər ikisi “Bakı)
Hücumçular: Rauf Əliyev (“Bakı”), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzerslautern II, Almaniya), Ruslan Qurbanov (“Sumqayıt”)