Berdımühəmmədov atdan yıxılsa da, cıdırın qalibi olub
İgid odur atdan düşə, atlana… Berdımühəmmədov igid olduğunu sübut edib — atdan yıxılsa da, ona heç nə olmayıb, üstəlik də cıdırın qalibi olub. Türkmənistan prezidenti dünya şöhrətli türkmən Axaltəkə atının şərəfinə həsr olunmuş cıdırda iştirakı zamanı atdan yıxılıb. Finiş xəttini birinci keçən prezidentin atı qəfildən büdrəyərək Qurbanqulu Berdımühəmmədovu başı üzərindən yəhərdən yerə atıb. Prezident qısa müddətdə yerdə qalıb, köməyə gələn təhlükəsizlik xidmətinin əməkdaşları dövlət başçısını təcili yardım maşınına aparıblar. Tribunalara təxminən yarım saat sükut çöküb, prezidentin səhhəti ilə bağlı məlumat almaq istəyən xarici jurnalistlərdən çəkiliş aparmamaq və zəng vurmamaq xahiş edilib. Baş verən hadisəni “idman insidenti” kimi dəyərləndirən rəsmilər hadisə baş verən zaman çəkilmiş foto və videomaterialları silməyi xahiş ediblər.
Lakin 40 dəqiqə sonra Qurbanqulu Berdımühəmmədov heç nə olmamış kimi milli geyimdə ictimaiyyətin qarşısına çıxıb və onun gəlişi sürəkli alqışlarla qarşılanıb.
Türkmənistan prezidenti Axaltəkə atının tanınmış bilicilərindən sayılır. Bu yarışda məsafəni 21,2 saniyəyə qət edən prezident 11 milyon dollar qazanıb və bu pulun atçılıq idman növünün maddi-texniki bazasının möhkəmlənməsinə sərf ediləcəyini bildirib.