Benzin
Bunu yanacaqdoldurma stansiyasında bir sürücü dedi. Adını bilmədim. Amma yumoru xoşuma gəldi.
«Azərbaycanda benzin digər Xəzəryanı ölkələrdən ucuzdur».
Bunu isə maşının radiosunda Dövlət Neft Şirkətinin məsul əməkdaşının dilindən eşitdim. Adı yadımda qalmadı. Yumorunu da başa düşmədim. Çünki dedikləri ağ yalan idi. Rusiyada indi benzin bizdəkindən 3 qəpik, Qazaxıstanda 13 qəpik, İranda azı 26 qəpik, Türkmənistanda isə qat-qat ucuzdur.
Qəfil qiymət artımı bir yana qalsın, bu yalanlar adamı lap əsəbiləşdirir. İşi elə görürlər ki, elə bil özgə bağına oğurluğa girirlər. Neçə vaxtdır, bəzi ekspertlər bahalaşma olacağını proqnozlaşdırır, jurnalistlər yanacağın qiymətinin qalxacağından yazırdılar. Rəsmilərsə onları ara qızışdırmaqda, xalqı çaşdırmaqda ittiham edirdilər. Bahalaşma zərurətini yaradan səbəbləri insanlara izah etməkdən (əgər səbəb vardısa), əhalini, heç olmazsa, mənəvi cəhətdən buna hazırlamaqdansa, Tarif Şurası yalandan and-aman edirdi ki, gündəlikdə belə məsələ yoxdur, özü isə altdan-altdan qərar layihəsi hazırlayırdı. Hətta dekabrın 2-də, layihə Şuranın iclasına çıxarılan anda da Nazirlər Kabineti ANS kanalından camaata kələk gəlməkdə davam edirdi: «Ölkədə benzinin qiymətində heç bir artım gözlənilmir».
Dekabrın 3-ü səhər tezdən millət oyananda gördü ki, gözlənilirmiş. Onu yenə aldadıblar, onunla hesablaşmağı lazım bilməyiblər. Bəlkə də, bu milləti təşkil edən fərdlərin əksəriyyətinin reaksiyasının necə olacağını əvvəlcədən bildikləri üçün.
Həmin səhər «Qafqazinfo» agentliyi benzinin qiymətinin artması barədə xəbərə şərh almaq üçün Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktor müavini Allahyar Muradovla əlaqə saxlayır. Fikirləşir ki, hökumət qərarını sadə camaatdan gizli qəbul etsə də, hər halda alimlərlə məsləhətləşməmiş olmaz. Dövlətimizin iqtisadiyyat üzrə baş elmi müəssisəsinin direktor müavini nə cavab versə yaxşıdır:»Qiymət artıb ki? Mənim xəbərim yoxdur. Artıbsa, deməli, əsas varmış».
Bahalıq təkcə qiymətlə ölçülmür. Həm də qiymətlər qaldırılarkən bunun bütün ağırlığını çiynində çəkməli olan insanlara münasibətlə ölçülür. Soyuq qış ərəfəsində qiymət artımı barədə qərar qəbul edənlər arasında belələri yoxdur. Aktyor Robert Dauni deyirdi ki, «Bentli»nin sükanı arxasına keçəndən bəri benzinin qiyməti mənim üçün mənasını itirib. Amma bizim «Bentli»li» qərar qəbul edənlərimiz işlərini görüb qurtardıqdan sonra da yükün altına soxduqları insanları aldatmaqda davam edirlər, yalandan pis olan yarımçıq həqiqətlər söyləyirlər. Tarif Şurasının üzvü yanacağın Azərbaycandakı qiymətlərini Fransa, Norveçdəki qiymətlərlə müqayisə edir. Deyir, Fransada benzinin litri 2 dollara, Norveçdə ondan da bahadır. Amma demir ki, fransız sürücülər benzinə maaşlarının ortalama cəmi 0,85 faizini, azərbaycanlılar isə bundan on qat artığını sərf edirlər. Elə orta norveçlinin də maaşı bizimkindən 10 dəfə artıqdır.
***
Seçkilərdən sonra benzinin qiymətini qaldırmaq əvvəldən planlaşdırılıbmış. İqtisadçı ekspert Qubad İbadoğlu «Mediaforum»a deyir ki, «2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz çox proqnozlaşdırılmışdı. Yalnız son artımla hökumət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, sürücülər təkcə gündəlik məqsədlər üçün ayda ən azı orta hesabla 32 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əmək haqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökumət 3 ay bundan əvvəlki 10 faizlik maaş artımını geri almağa başlayır».
Qubad İbadoğlu xalqı onu gözləyən benzin bahalaşmasından xeyli vaxtdır xəbərdar etməyə çalışırdı. Odur ki, hökumətin bizə hazırladığı başqa «qış hədiyyələri» barədə onun növbəti açıqlamasına da inanmağım gəlir:»Çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin qiymətini artıracaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Şuraya daxil olub. Elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də qaldırılacaq. Bahalaşmanın bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün ikirəqəmli inflyasiya qaçılmazdır».
[email protected]