Muəllif:

Bəhram Bağırzadə: “Bakılı oğlanlar”ın azərbaycanlı etiketini daşıyırdım”

Həyatını uzun illər “Bakılı oğlanlar” komandası ilə bağlayan Bəhram Bağırzadə tanıdığı, rastlaşdığı insanların hamısı ilə səmim ünsiyyət qurmağı bacaran bir sənətçidir. Onun adı çəkilən zaman ilk növbədə göz önünə öz imici, milli xarakterik obrazları, zarafatları ilə “Parni iz Baku”nu xarici auditoriyalarda azərbaycanlı etiketi ilə təqdim edən bir isim yada düşür. Söhbətə bu missiyanın nəyə görə məhz onun öhdəsinə düşdüyü ilə başladıq:

— Hər şeydən öncə mən azərbaycanlıyam və azərbaycanlı olmağımla fəxr edirəm. Oynadığım bütün obrazlarda Azərbaycanla qürur duyduğumu qabartmağa çalışmışam. Səhnədə daha çox özüm olmağa çalışmışam. Görünür, tamaşaçının məni belə bir milli atriburt kimi qəbul etməyinin səbəbi bundadır.
Digər tərəfdən, azərbaycanlı olduğumu göstərən bu obrazların mənə xarakter baxımından yaxın olması, tamaşaçının təbirincə yaraşması gendən, qandan gəlir. Hələ orta məktəbdə oxuyanda yaratdığımız teatrlarda da mən özümə belə obraz seçmişdim. O vaxt da mən başıma kepka qoyub, Azərbaycan mədəniyyətini ifadə edən rollarla arı-ayrı xarakterlərə daxil olub, zarafatlar edirdim. Mən özüm belə görünmək istəmişəm. Bu mənim daxilimdən gəlib. Başqa cür ola bilməzdi. Sonralar «Parni iz Baku» komandasında olanda da həmin o xarakterik obrazı özümdə saxlamaqla daha da təkmilləşdirdim. Yarışlara gedərkən obrazlarımla, zarafatlarımla da «Bakılı oğlanlar»ın azərbaycanlı etiketini daşıyırdım. Başımda kepka, azərbaycansayağı hərəkətlərlə etdiyim zarafatlarda əksər hallarda Azərbaycan dilində sözlər işlədirdim. Bununla da kim olduğumuzu göstərirdim. Rus dilində etdiyim zarafatlara Azərbaycan sözləri əlavə etməklə, demək istəyirdim ki, bəli, mən azərbaycanlıyam. Sübut eləmək istəyirdim ki, bəli, mən rus səhnəsində, rus dilində danışmağıma baxmayaraq, Azərbaycan mədəniyyətini təbliğ edirəm, azərbaycansayağı düşünürəm. Demək istəyirdim ki, baxmayaraq ki, mən rus mədəniyyəti ilə qovuşmuşam və rus mədəniyyəti ilə KVN oynayıram, amma Azərbaycan mədəniyyətini təbliğ edirəm. İlk dəfə idi ki, öz zarafatlarımıza Azərbaycan dilində əlavələr etməklə KVN-ə yenilik gətirmişdim.
Artıq bizim KVN-i bitirməyimizdən uzun il keçib. Bəlkə də ona görədir ki, illər keçəndən sonra, KVN-nin aparıcısı Aleksandr Vasiliyeviç Maslikov hər il məni MDB yığmasına dəvət edir və mən də bir azərbaycanlı kimi ölkəmizi həmin o yığmada təmsil edirəm.

— Hər bir ailədə böyüyən uşağın gələcək həyata hazırlanmasında, bir şəxsiyyət kimi fomalaşmasında valideynlərin xüsusi rolu var. Məktəb yaşlarından şən hazırcavablar komandasında iştirakınız gələcək həyatınızda hansı təsirlərə malik olub?

— Atam məni uşaq vaxtı üzgüçülyüə, basketbola, həndbola, hətta qarmonu öyrənmək üçün müəllim yanına da aparıb. Vaxtilə tanınmış «Cücələrim» ansambılında rəqs etmişəm. Fotodərnəyə, sonralar rəssamlığa getmişəm. Bunlar hamısı 80-cı illərin ortalarında olub. Valideyinlərimiz bizi belə yerlərə aparıblar. Gələcəkdə bunlar hamısı KVN-nin işlərində mənə lazım oldu. Nəinki mən, ümumiyyətlə komandanın hər bir üzvü öz valideynlərimizə minnətdarlıq etməliyik ki, onlar bizi belə tərbiyə ediblər. Və mən əminəm ki,”«Parini iz Baku” KVN komandasının qələbələrinin 90 faizi komandanın hər bir üzvünün valideyinlərinin çiynindədir. Ən böyük qələbə də ondan ibarət idi ki, bizim valideynlər çox fəal idilər və onların 80 faizi müəllim və pedaqoqlar idi. Və öz övladlarını yaxşı tərbiyə etmişdilər. Hətta komanda içində aramızda münaqişələr olanda da, biz utanırdıq ki, sabah bu söz-söhbət gedib valideynlərimizə çatar, ara dəyər və pərdə götürülər. Ona görə də biz mübahisəli məsələləri ziyalı insanlar kimi, rus demişkən «mirnım putyom» — dinc yolla həll edirdik.

— KVN komandasında nə münaqişələr olurdu ki?

— Əgər yaradıcılıq işi varsa, fəaliyyət varsa, mübahisələrin, münaqişələrin yaranması da qaçılmazdır.

— 10 ildən çoxdur ki, “Bakılı oğlanlar” KVN komandası öz fəaliyyətini dayandırıb. Aradan xeyli vaxt keçib, siz yeni “Bakılı oğlanlar”ın yetişdirilməsi üçün hansı addımları atırsınız?

— Heç bir addım atılmır və heç bir iş görülmür. Ona görə ki, bizim buna gücümüz çatmır. Bu, şəxsən mənim səlahiyyətlərim daxilində deyil. Məsələ Təhsil Nazirliyi səviyyəsində həll edilməldir. İkinci tərəfdən müsabiqələr keçirilməli, biz ora peşəkar KVN-çilər kimi dəvət olunmalı və iş aparmalıyıq. Hələlik bu istiqamətdə nə bir məqbul hərəkət, nə də bu işlərlə məşğul olmağımız üçün hər hansı dəvət və təklifləri görürük.

— Bəlkə özünüz təşəbbüs göstərəsiniz?

— Həvəsim yoxdur. Mən məmur deyiləm, nazirliyin işçisi deyiləm. Bir tərəfdən də sual yaranır, nəyimə lazım. Qoy mənim üçün şərait yaratsınlar, o sahəni mənə versinlər, bankda hesab açıb bizə maaş versinlər, biz də o işlə məşğul olaq. Necə ki, Rusiyadan teatrlarımıza rejissorlar dəvət edirlər ki, tamaşa qoysunlar, futbol yığmasına Almaniyadan məşqçi gətirirlər, qoy bizi də təmin eləsinlər və qarşımıza KVN-i yaratmaq tələbi qoysunlar. Mən də işimi-gücümü atım, bilim ki, gələcək 5 ildə bu işlə məşğul olacam və heç olmasa Bakıda böyük bir KVN məktəbi açacağıq.
— Amma efir məkanından göründüyü kimi bəzi KVN-çilər bəzi musiqi və yumorlu yarışmalarda münsiflər heyətində oturub, istedad axtarırlar. Bu yarışmalardan nə isə ortaya çıxırmı?

— Xeyr!

— Səbəb nədir?

— Bunun səbəbi təhsilin zəifliyindədir. Daha doğrusu şagirdlərimizin, tələbələrimizin dünyagörüşləri, təhsilləri çox aşağı səviyyədədir. Ona görə də biz istedadlı uşaqları tapa bilmirik. Ən əsası da gənclərin çoxunun rus dilini bilməməyi böyük maneə yaradır. Rus dilini bilmiriksə, deməli MDB məkanı artıq bizim üçün bağlanır. Deyək ki, alternativ variant Avropadır. Burda da ingilis dilini bilmək lazımdır. Biz o dildə də gəncləri hazırlaşdırıb Avropaya göndərə bilərdik. Əfsuslar olsun ki, o dili də bilmirlər. Gərək material olsun ki, biz onun üzərində işləyək. Bu güləş deyil ki, gedib güləşəsən, yıxasan. Bu, intellektual səviyyəli oyundur.

— Bu gün sənətdə — kinoda, teatrda, şou-biznes aləmində, teleefir məkanında cərəyan edən proseslər sırasında nələrdən xoşunuz gəlmir?

— Tərbiyəsizlikdən! Teleefir məkanından tərbiyəsizliyin müasirlik adı ilə nümayiş etdirilməsini qəbul etmirəm. Bunlar Azərbaycan xalqının mənəviyyatını pozurlar.

— Siz tamaşaçını düşündürərək güldürməyi bacaran bir aktyorsunuz. Sizcə, bu gün tamaşaçını güldürmək, əyləndirmək üçün təqdim olunan yumoristik səhnəciklər, şou proqramlar hansı səviyyədədir?

— Bu barədə geniş danışmaq istəmirəm. Hamı özünə cavabdehdir və bu dünyada olmasa da o biri dünyada gördükləri işlərə görə cavab verəcəklər. Sadəcə olaraq, mən onlara demək istəyirəm ki, bir az ağır təbiətli olsunlar və bu millətin tərbiyəsini pozmasınlar. Mən Azərbaycan teleməkanında olan verilişlərin 90 faizinə baxmıram, xəbərlər və idmandan başqa. Götürək süfrə verilişlərini. Bu gün süfrə verilişləri hazırlayıb, orada özlərini necə gəldi aparırlar. Bu, Azərbaycan millətinə xas olan bir şey deyil. Bizdə süfə arxasında oturub boş-boş danışmaq, şit söhbətlər aparmaq, dava-dalaş eləmək və sair bu kimi şeylər olmayıb. Süfrə arxasında bir-birini ağlatmaq, aşağılamaq, təhqir etmək olmayıb. Belə olarsa onda ruzi də qaçar, bərəkət də. Görürsən ki, efirə çıxan bəzi kişilərimiz də özlərini kişi kimi aparmırlar, təəssüf ki, belə qadınlar da var.

— Sağlam gülüş varmı?

— Hərdən olur. Amma ümumi götürəndə, əlbəttə, yoxdur. Bu da cəmiyyətdən gələn şeylərdir. Əvvəllər cəmiyyət yaxşı idi, zarafatlar da intellektual idi. Əfsuslar olsun ki, indi o yoxdur. Ona görə də indi komediyaların da, zarafatların da səviyyəsi aşağı düşüb. Mən nə qədər öz ailəmdə uşağımı tərbiyə eləsəm də, həmin bu cəmiyyətdə o, başqa şeylərlə qarşılaşacaq. Ailədə başqa səpkidə tərbiyə etməyə çalışdığımız uşaq məktəbdə, yaxud başqa müəssisələrdə neqativ nə isə görəndə deyəcək ki, — «aa, ata, axı sən bizə başqa cür demişdin?» Hər bir valideyn öz evində uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Eyni zamanda, məktəbdən tutmuş digər ayrı-ayrı müəssisələrin müdirləri də öz əraziləri çərçivəsində işləyən, oxuyan insanların davranışına və mənəvi inkişafına məsuliyyətlə yanaşmalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 723