Muəllif:

Bəhəqqi-sureyi-ayeyi-Quran, Qırxına qalmasın azan, quduran!

Aşıq Ələsgərin sözləridir, başlığa çıxarmışam. Nadir hallarda ədəbiyyatda, çox zamansa mitinqlərdə müxalifətçi natiqlərin çılğın çıxışlarında rast gəldiyimiz «qudurğan» sözü, axır ki, prezidentin də dilindən səsləndi. Bu söznən dövlət rəhbəri çərşənbə axşamı bizi düz üç dəfə diksindirdi:
Əvvəl, məmurlarını («bəzi məmurlarını») nəzərdə tutub, dedi:»vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər». Ardınca üstünü bərkitdi:»harınlayırlar, qudururlar, heç kimi saymırlar!». Sonra övladlarını atalarına qatdı:»uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər».
Və lap axırda hamısını hədələdi: «Əgər bir də bilsəm…»
Daha burada bilməli nə qaldı ki?
Kobud ifadəyə görə üzr istəyirəm, amma deməliyəm: quduzluqdan fərqli olaraq, qudurğanlığın müalicəsi yoxdur. Atalar əbəs yerə deməyiblər ki, quduran qırx gün gedər. Belə məmurla dövlət «bir də bilsəm» şərti kəsməməlidir. Çünki qudurğanlıq xəstəlik deyil, şüurlu surətdə seçilmiş həyat və davranış tərzi, məmurlara aid etdikdə isə, həm də idarəçilik formasıdır.
Prezidentin dediyindən belə başa düşmək olur ki, o, vəzifəyə etimad göstərdiyi adamları təyin edir və təyin etdiklərinə gözəl tapşırıqlar verir: gedin, insanlara arxa durun, hörmət edin, köməklik göstərin. Bəs onun etimad bəslədiyi bu adamlar («bəziləri») vəzifə kreslolarında möhkəmlənən kimi niyə «harınlayır», «qudurur», heç kimi «saymırlar»?
Görünür, ya prezident məmurlarına tapşırıq verəndə kifayət qədər təsirli sözlər seçmir, ya da bu tapşırıqları icra etməli olan insanları nəzarətdə saxlamaq mümkün olmur. Əlbəttə, bütöv bir rayonu həyətyanı sahəsinə çevirmiş nazirin uzun müddət cəzasını verməyəndə, o nazir özü də harınlayar, balası da. Rayonun sosial-iqtisadi inkişafı üçün ayrılmış pula kəndlərə qaz-su vermək əvəzinə, bahalı-bahalı palmalar alıb, yol qırağına basdıran, bu barədə haray çəkən mətbuatı məhkəməylə hədələyən icra başçısından hesabat tələb olunmayanda, həmin icra başçısı özü də «qudurar», başına yığdığı qohum-əqrabası da.
«Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə».
Hədələrini reallaşdırmaq, rayonları şəxsi mülklərinə çevirib, «vətəndaşları saymayan, təhqir edən» məmurlarını cəzalandırmağı lazım bilmək və yerlərdə feodal idarəçilik sistemini dəyişmək üçün nə lazımdır? Bezmiş insanların üsyana qalxmasımı? Bu, həm təhlükəlidir, həm də… proses uzun çəksə, ən azı, siyasi leksikonumuzu əməlli-başlı korlaya bilər.
Məsələn, bu «lazım gəlsə», «lazım bilsəm» ifadəsi dilimizə elə düşüb ki, onu, yeri gəldi-gəlmədi, hamı işlədir. Xüsusən hücum əməliyyatlarından söz düşəndə. Hətta futbol məşqçisi Yunis Hüseynov da bu yaxınlarda deyirdi ki, lazım gəlsə, müdafiəçiləri hücumda oynadacaq.

Aynanın yeni köşə rubrikasından.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 541