Muəllif:

«Baztab»: «Gənclər dinsizləşirlər»

Tehran hakimiyyətinin yürütdüyü sosial siyasət və başqa bu yöndə olan davranış ölkə gənclərinin islamdan uzaqlaşması, yaxud çeşidli dinlərə üz tutmasına səbəb olur. Ölkənin din adamları dəfələrlə bəyan ediblər ki, gənclər satanizmə belə meyillənirlər. Bu vəziyyəti İranda «ictimai fəlakət» kimi dəyərləndirənlər də var.
İnqilab Keşikçiləri Qvardiyasının keçmiş komandanı, keçmiş prezident Rəfsəncaninin başçılıq etdiyi Məsləhət Şurasının katibi, «böyük İslam İranı» ideyasının baş ideoloqlarından biri Möhsün Rzaiyə bağlı olan «Baztab» saytı ölkədə gənclərin «kütləvi şəkildə allahsızlığa» üz tutduğu haqda xəbərdarlıq bildirən yazı dərc edib.
AYNAnın məlumatına əsasən, «Gənclər arasında allahsızlığın yayılması dindən maksimum dərəcədə bir vəsilə kimi istifadə edib xurafatı yaymağın nəticəsidir» başlıqlı yazıda deyilir ki, bəzi ruhanilərin dindən sui-istifadə etməsi nəticəsində İranda islam quruluşu dövründə doğulub boya-başa çatan yeni nəsil dindən uzaqlaşaraq allahsızlığa üz tutmağa başlayıb:
«Uzun illərdir bir sıra düşüncə sahibləri ürək yanğısı ilə dindən sui-istifadə olunmasının sonrakı fəsadları haqda xəbərdarlıq edirlər. Təəssüf ki, bu xəbərdarlıqlara vaxtında diqqət yetirilməyib və biz indi ölkə gənclərinin böyük hissəsinin kütləvi şəkildə dindən uzaqlaşdığına, Allahı inkar etdiyinə şahidik.
Yazıqlar olsun ki, bütün xəbərdarlıqlara baxmayaraq, son illərdə bəzi rəsmilər və hakim dairələr, eləcə də onlara bağlı media dindən bir vəsilə kimi istifadə edir, din adı altında mövhumat və xurafat yayırlar. Bu isə gənclərin dindən üz döndərməsinə, dindən uzaqlaşmasına səbəb olub. 2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə qarşı etirazları yatırtmaq üçün göstərilən zorakılıqların dini baxımdan izah edilməsi isə gənclər arasında dinsizlik sunamisinin yaranmasına gətirib çıxardı. İş o yerə çatıb ki, ölkədəki gənclər, hətta dindar, inanclı ailələrdə böyüyüb tərbiyə alanlar və ya xarici ölkələrə mühacirət edən yeni nəsil nümayəndələri sosial şəbəkələrdə özlərini təqdim edərkən açıq-aşkar heç bir dinə, hətta Allaha inanmadıqlarını bəyan edir, sosial şəbəkələrin üzvü olan qızlar isə hicablarını ataraq başıaçıq çəkdirdikləri şəkillərini paylaşırlar. Gənclərdə dinə və Allahın varlığına şübhə oyanmasına səbəb dindarlıq simvolu kimi qələmə verilən bəzi üzdəniraq ruhanilərin, yaxud rəsmilərin dindən sui-istifadə etməsi, ondan bir vəsilə kimi faydalanması, din adı altında riyakarlıq etməsi və zorakı əməllərə rəvac verməsidir. Güman edirik ki, ölkədə dindən sui-istifadə edilməsinin və din adı altında xurafatın yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülməsə, gənclər arasında dinsizliyin daha geniş yayılmasının şahidi olacağıq».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 170