Bazar günü İstanbulda antikorrupsiya yürüşü oldu
Bazar günü İstanbulda on mindən çox adam korrupsiya və indiki hökumətin fəaliyyətinə etiraz olaraq küçələrə çıxıb. Aksiyada 200 siyasi partiya və ictimai təşkilatın nümayəndələri iştirak ediblər. Bu barədə Türkiyə KİV-i məlumat verib.
Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu hökuməti korrupsiya və rüşvəti müdafiə etməkdə suçlayıb. Onun fikrincə, belə hökumət öz legitimliyini itirib (Turan).
Öz növbəsində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan xəbərdarlıq çıxışı edərək bildirib ki, korrupsiya əleyhinə tədbirlərdə məqsəd onun rəhbərlik etdiyi hökumətin arasına nifaq salmaqdır və o, cavab tədbirləri görəcək. Baş nazir vəd edib ki, bu əməliyyatın arxasında dayanan “qaranlıq və beynəlxalq qüvvələr” təqib ediləcək.
Ərdoğan polisin 14 ay davam edən “Böyük rüşvət” əməliyyatını siyasi rəhbərliyin xəbəri olmadan həyata keçirməsindən hiddətlənib. Polislərin fəallığını zəiflətmək üçün əməliyyata cəlb olunmuş zabit heyətində rotasiya edilib.
Xatırladaq ki, dekabrın 17-də polis İstanbul və Ankarada antikorrupsiya tədbirləri həyata keçirib, 80-dən çox məmur və tanınmış sahibkar həbs edilib. Onların arasında üç nazirin oğlu var. Həbs olunanların arasında Azərbaycan vətəndaşı, Sədərək gömrük məntəqəsinin rəhbəri də var.
KİV Azərbaycan, Türkiyə, İran vətəndaşlarının daxil olduğu cinayətkar şəbəkənin üzvləri tərəfindən 87 milyard dollar məbləğində çirkli pulun yuyulduğunu bildirib. Vəsaitin böyük hissəsi Rusiya və offşor hesablara gedib. Bu işdə Azərbaycandan olan yüksək vəzifəli məmurların və biznesmenlərin adları keçir.
Türkiyə DİN rəhbəri Müəmmər Gülər bu işdə əli olan oğlunun həbsindən sonra istefa ərizəsi verib. 0—