Başqalarının bank hesablarına dadanıblarmış
Kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşov, Rövşən Qəniyev və Rəhman Musayevin cinayət işi üzrə məhkəmə başlayıb.
Bu şəxslər mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub və onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki, hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb, onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
İstintaq müəyyən edib ki, özgənin əmlakını gizli talamaq məqsədilə Rəhman Musayev Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaradıb. Rəhman Musayevin dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun özü və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid məlumatların İnternetlə qanunsuz əldə edilərək Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürüb. Bu məlumatlar əsasında özgənin pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müxtəlif çeşidli məişət avadanlıqları, mobil telefon aparatları və digər qiymətli əşyaların alınaraq satışının təşkilini Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırıb.
Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Moskvada qeydiyyatdan keçirilmiş İnternet saytına daxil olub, həmin səhifədən yenə də İnternetlə ABŞ-da fəaliyyət göstərən bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə ediblər. Dəstə üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fevral-iyun ayları ərzində o hesabların sahiblərindən gizli olaraq 6 min 180 manat pulu talayıb digər elektron hesaba köçürüblər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan kartların sahiblərinin hesablarına ödənilib ki, bununla da həmin banklara külli miqdarda ziyan dəyib.
Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyriləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının “Visa” və “Mastercard” elektron plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından yenidən 9 min 298 manat götürüb, sonradan İnternetlə bir şirkətin hesabına köçürüb və qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd “Apple İphone 4-32 gb”, 4 ədəd “Black berry 9780”, 6 ədəd “Black berry 9780 White”, 4 ədəd “Black berry 9800” markalı bahalı mobil telefon aparatları almış və sonradan bu telefon aparatlarını real dəyərindən ucuz qiymətə müxtəlif şəxslərə satıblar.
Qanunazidd fəaliyyətlərini davam etdirən mütəşəkkil dəstə üzvləri 2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının elektron plastik kartlarına aid qanunsuz olaraq İnternetlə əldə etdikləri informasiyadan istifadə etməklə, həmin kartların sahiblərinin xarici ölkələrdəki bank hesablarından gizli surətdə yenidən 10 min 682 manat çıxarıb Bakı şəhərində fəaliyyət göstərən digər şirkətin hesabına köçürməklə müxtəlif markalı mobil telefon aparatları sifariş verərək götürməyə cəhd ediblər.
Lakin həmin vaxt Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin aparılması müvəqqəti məhdudlaşdırıldığından dəstə üzvləri iradələrindən asılı olmayaraq qeyd olunan ödəmələri həyata keçirə və mobil telefon aparatlarını əldə edə bilməyiblər.
Buna baxmayaraq, dəstə üzvləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının elektron plastik kartlarındakı məlumatlar vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından daha 15 min 900 manat çıxarıb və Bakı şəhərində fəaliyyət göstərən bir neçə mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar əldə ediblər. Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta özünün toy mərasimi üçün Bakı şəhərindəki restoranlardan birinin müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin Zəkiyev vasitəsilə paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş edib.
Mütəşəkkil dəstə üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən MTN əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıb.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılır. Artıq cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı martın 11-nə təyin edilib.