Baş redaktor: Bu görüş mətbuatın taleyində «açılım prosesinin» başlamasıdır
Prezident İlham Əliyevin mətbuat təmsilçiləri ilə görüşü ölkədə azad mətbuatın mövcudluğunda və inkişafında maraqlı olduğunun çox bariz göstəricisidir. Bu barədə Trend-ə «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Quliyev bildirib ki, bu görüşdə Azərbaycan Prezidenti mətbuatla bağlı bir çox məsələlərə dövlət səviyyəsində zəmanət verdi: «Yəni bundan sonra Azərbaycan dövlətinin strategiyasında mətbuatın rolu, mətbuata dövlət dəstəyi necə olacaq, mətbuatın sosial məsuliyyəti hansı səviyyədə olmalıdır, Azərbaycanın ümummilli problemlərinin həllində media hansı rolu oynamalıdır, Qarabağ uğrunda apardığımız bu mübarizədə ermənilərin informasiya blokadasını yarmaq, ona qalib gəlmək üçün medianın üzərinə hansı vəzifələr düşür və bu kimi digər vacib məsələlərlə bağlı Prezidentin çıxışında və verilən təkliflərdə cəmiyyətimiz, eləcə də xarici dövlətlər üçün çox böyük mesajlar var».
Baş redaktor deyib ki, dünyanın Azərbaycana qarşı bədxah yanaşan qüvvələrinin Prezidentin mətbuatla görüşdən alacağı və aldıqları ən böyük mesaj da bundan ibarətdir.
A.Quliyev qeyd edib ki, 2005-ci ildən indiyə qədər Azərbaycanda mətbuatla bağlı yeni proses başlayıb: «Buna mən siyasi dildə bir açılım prosesi deyərdim. Yəni dövlətlə media arasında bir-birinə isnişmə prosesi başlayıb. Media hökumətin siyasətini dəstəkləyir, hökumət medianın inkişafını dəstəkləyir, medianın inkişafından meydana çıxan problemləri aradan qaldırır. Azərbaycan dövləti özü medianın himayədarı rolunda çıxış edib. Bu, azad mətbuatın inkişafına ən böyük təminatdır».

