Baş Prokurorluq: «Sevinc Babayevanı ölkədən Gülər Əhmədova çıxarıb»
Məlum video əhvalatında Arzu Kazımovla bağlı elementin ardınca daha bir element öz təsdiqini tapıb. Baş Prokurorluğun məlum videoqalmaqaldan sonra Türkiyədə vəfat etmiş Sevinc Babayeva barədə yaydığı rəsmi açıqlama bu məsələyə işıq salır.
Baş Prokurorluqdan AYNA-ya verilən açıqlamada bildirilib ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş Sevinc Babayevanın Türkiyə Respublikasında vəfat etməsi ilə əlaqədar Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları İstanbul şəhərinə ezam olunublar. Həmin fakt üzrə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları tərəfindən həyata keçirilən araşdırmalarla əlaqədar İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibbi ekspertizası müayinəsində, daha sonra baxış, dindirmə, götürmə və digər istintaq hərəkətlərində iştirak ediblər.
Araşdırmalarla müəyyən edilib ki, S.Babayeva 25 sentyabr 2012-ci il tarixdə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün saat 05:57-də Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə ölkədən çıxıb və həmin tarixdə saat 08:37-də İstanbul Hava limanında qeydiyyatdan keçib.
«İstanbul şəhərində Gülər Əhmədovanın tanışı, Türkiyə Respublikası vətəndaşı Səlcuk Ağlayan onun xahişi ilə Sevinc Babayevanı qarşılayaraq özünün adına «Bəynova» otelində nömrə götürüb və Sevinc Babayeva həmin oteldə 10 oktyabr 2012-ci il tarixə qədər yaşayıb. Qeyd edilən tarixdən etibarən Sevinc Babayeva İstanbulun Esenyurt Atatürk məhəlləsində yerləşən «Ay işığı» yaşayış kompleksində Səlcuk Ağlayanın öz adına müqavilə bağlayaraq kirayə etdiyi mənzildə tək yaşayıb» — deyə Baş Prokurorluğun məlumatında bildirilib.
Qeyd edilib ki, orada yaşadığı müddətdə S.Babayeva özünü «Meryem Solmaz» adı ilə təqdim etmiş, Səlcuk Ağlayana məxsus mobil telefonla öz ailə üzvləri və Gülər Əhmədova ilə əlaqə saxlamış, «Skype» proqramı vasitəsi ilə danışmışdır. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da «Meryem Solmaz Muhammed» adı ilə «Cərrahpaşa Tibb fakültəsi» xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə olunub və müalicə pulunun yüksək olması səbəbindən müayinə və müalicəsini davam etdirə bilməyib.
Dekabrın 26-da Sevinc Babayeva səhhətinin pisləşməsi ilə əlaqədar yaşayış kompleksinin mühafizə xidməti tərəfindən çağırılmış təcili tibbi yardımla Esenyurd dövlət xəstəxanasına aparılıb. Sevinc Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunarkən, onunla birlikdə xəstəxanaya gəlmiş Səlcuk Ağlayan onu «Meryem Solmaz» adı ilə təqdim etdiyindən tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə Sevinc Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi, o cümlədən kardioqramının çıxarılması, qan nümunələrinin götürülməsi və xəstəyə «ürək çatışmazlığı» diaqnozunun qoyulması göstərilib. Həkimlərin daha keyfiyyətli kardioloji müayinə və müalicə tədbirlərinin davam etdirilməsi üçün xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi barədə məsləhətlərindən sonra o, Səlcuk Ağlayan tərəfindən təcili tibbi yardım maşını ilə «Medicana International İstanbul Hospital» xəstəxanasına aparılıb. Xəstəxananın təqdim etdiyi tibbi sənədlərdə Sevinc Babayevanın «Meryem Solmaz» adı ilə qeydiyyata alınaraq «ürək, qan-damar və ağciyər çatışmazlığı» diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi və intensiv müalicə tədbirlərinin aparılmasına baxmayaraq, onun qeyd edilən tarixdə saat 19:15-də orada vəfat etməsi göstərilib.
Araşdırmalar zamanı Sevinc Babayevanın yaşadığı mənzildən şəxsi əşyaları, 10 adda müxtəlif dərman preparatları, o cümlədən ürək və qan-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan «Diltiazem» və «Aldactazide» preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürülüb.
Dekabrın 29-da Sevinc Babayevanın meyiti Azərbaycana göndərilib və həmin tarixdə onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi və digər xüsusatların araşdırılması məqsədi ilə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin «MTE və PA» Birliyinə tapşırılıb.
Hazırda Sevinc Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində Gülər Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Türkiyə Respublikasına ezam olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəyə qayıtdıqdan və iş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticələri, həmçinin Türkiyə tərəfindən məhkəmə-tibbi ekspertizanın rəyi alındıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək, — deyə Baş Prokurorluğun bəyanatında deyilir.
Bu mürəkkəb məsələ ətrafında daha bir epizoda aydınlıq gəlib. Elşad Abdullayevin yaydığı videomaterialda adı hallanan Sevinc Babayeva barədə yayılan borc qalmaqalı haqda açıqlanan məlumatda adı çəkilən mahnı ifaçısı Ədalət Şükürov məsələyə münasibət bildirib.
Şükürov APA-ya açıqlamasında deyib ki, «Azadlıq» qəzetində dərc olunan yazıda Sevinc Babayevaya 200 min manat borclu olması haqda qeyd olunanlar həqiqətə uyğun deyil:
«Nəinki o qadının, ümumiyyətlə, heç kimin məndə pulu yoxdur, heç kimə borcum yoxdur. Mənim heç kimin puluna ehtiyacım yoxdur. Respublikada çox adamlar, hətta müğənnilər özləri mənə borcludurlar. İndi o qəzet nə yazıb, özü bilər, amma nə adı çəkilən qadının, nə də başqasının heç vaxt məndə pulu olmayıb. Ola bilsin, o qadın borcunu ödəmək üçün, vaxt almaq adı ilə deyirmiş ki, kimlərdəsə borcum var. Mənim də adımı bəlkə də ona görə çəkib».
Ədalət Şükürov Sevinc Babayeva ilə heç bir tanışlığının, əlaqələrinin olmadığını da deyib. Qeyd edək ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov mətbuata açıqlamasında yaşadıqları evin pulunu borclu olduqlarını və məlum videomaterial yayılandan sonra borcu ödəyə bilmədikləri üçün evdən kənarlaşdırıldıqlarını deyib. Binanın sahibi Natiq Zeynalov isə mətbuata açıqlamasında bildirib ki, Sevinc Babayeva evi alanda Ədalət Şükürovda 200 min manatının olduğunu söyləyib.
Gülər Əhmədovaya gəldikdə, eks-deputat bu dəfə MTN-in sabiq əməkdaşı Ramin Nağının onun barəsində səsləndirdiyi ittihamlara cavab verib. Bu barədə APA-ya açıqlama verən Gülər Əhmədova qeyd edib ki, Ramin Nağının təxribat xarakterli bəyanatları sonunda onun özünə qarşı çevriləcək:
«O unutmasın ki, həmin şəxslər və o özü bundan mənə qarşı şantaj kimi istifadə ediblər. Mənim əlimdə bunu sübut edəcək materiallar var. Bütün materialları istintaqa təqdim edəcəyəm. Ramin Nağını bu hərəkətlərinə son qoymağa çağırıram. Mən bəzi insanlar kimi əlimdə olan materialları mətbuata ötürüb, ucuz şou yaradaraq populyarlıq qazanmaq istəyində deyiləm. Mənim buna ehtiyacım da yoxdur. Ramin Nağıya və sağa-sola yalanlarla dolu məlumatlar ötürən bütün şəxslərə səslənirəm — Siz məndən alət kimi istifadə edərək Azərbaycan dövlətçiliyinə və onun imicinə zərbə vura bilməyəcəksiniz. Hər şeydən öncə dövlətini sevən və onun müstəqilliyini qorumağa hazır olan bir şəxs kimi bütün hallarda sizin bu təxribatlarınızın qarşısını alacam. İctimai fikri çaşdırmaq, istintaqın gedişatına təsir göstərmək cəhdləriniz uğursuzdur. Çünki sizin hər bir populist çıxışınıza mən hüquqi müstəvidə cavab verəcəyəm».
Qeyd edək ki, Ramin Nağı mətbuata açıqlama verərək Gülər Əhmədovanın Elşad Abdullayevin onun barəsində yaydığı videomateriallarla bağlı saxta ekspert rəyi almağa çalışdığını bildirib. Ramin Nağının dediyinə görə, bu məqsədlə Gülər Əhmədovanın tanışı Sara Heydərova Moskvaya gedib:
«Sara Heydərova bu işdə rəhmətlik atası, KQB-nin keçmiş əməkdaşı Rövşən Heydərovun əlaqələrindən istifadə etməyə çalışır. Mən əminəm ki, Sevinc Babayevanın ölümü ilə bağlı da belə ekspertiza rəyi alacaqlar».