Baş Prokurorluq: Gülər Əhmədovanın cinayətləri tam sübuta yetirilib
Baş Prokurorluq Gülər Əhmədovanın vəkillərinin ittihamlarına cavab verdi. Bildirildi ki, cinayətlər tam sübuta yetirilib və Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur.
Baş Prokurorluq mətbuat xidmətindən bildirilir:
«Bakı şəhər prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədova tərəfindən etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib.Ona görə də kifayət qədər əsaslar olduğundan o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib».
Mətbuat xidmətinin rəhbəri Sultanovun sözlərinə görə, bu cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.
Gülər Əhmədovanın vəkillərinin iddialarına gəldikdə, hazırda həbsdə saxlanılan Əhmədovaya qarşı irəli sürülən ittihamlar üzrə istintaq hərəkətləri aparılmır və qanunsuz olaraq həbsdə saxlanılır.
Halbuki Gülər Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə Elşad Abdullayevə deputat seçilməsinə kömək edəcəyi barədə vədlər verib aldadaraq bir milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq etməkdə ittiham olunur.
Əhmədova CM 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

