Muəllif:

Baş Prokurorluq Anar Məmmədlinin həbsinə aydınlıq gətirib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi» və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da  CM 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq xəbər yayıb.
Deyilir ki, iş üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, zəruri ekspertizalar təyin edilməklə məhkəmənin müvafiq qərarı ilə qeyd edilən qurumlarda mühasibat uçotunun mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin, sair daxil olmaların təyinatının qanuniliyinin müəyyənləşdirilməsi məqsədi ilə həmin nazirliklərin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri cəlb olunmaqla yoxlama təşkil edilmişdir.

İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanmış sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin mayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə ABŞ Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə etmişdir.
Bundan sonra, Bəşir Süleymanlının «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş 163250 ABŞ dolları onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109529 manat məbləğində gəlir əldə olunmaqla  Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməməsində, həmçinin Elnur Məmmədovun «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İB rəhbəri kimi idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını saxtalaşdırmasında əsaslı şübhələr mövcuddur.

Anar Məmmədli və Bəşir Süleymanlının CM 192.2.2-ci, 213.1-ci və 308.2-ci, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2-ci, 213.1-ci, 308.2-ci və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165