Baş Konsulluq Xalidə Xalidin məsələsini araşdırır
AR Təbriz Baş konsulluğu Azərbaycan vətəndaşlarının saxlanılması barədə məlumatları araşdırır. Azərbaycan vətəndaşları — Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamax adlı köməkçisinin Təbrizdə nə üçün saxlanıldığı hələlik bəlli deyildir.
«Baş konsulluq vətəndaşların saxlanılması barədə xəbəri KİV-lərdən öyrənib və hazırda bu məsələ araşdırılır», — deyə Trend-ə Baş konsulluqdan bildiriblər. Bir az əvvəl İran KİV məlumat yayıb ki, MEA Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid və onun Şamax adlı köməkçisi çərşənbə günü Təbrizdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onların qaldığı yer məlum deyil. İnstitutdan Trend-ə təsdiqləyiblər ki, bu əməkdaşlar Ədəbiyyat İnstitutunda işləyir.
Onların Təbrizə nə üçün getdikləri də bəlli deyildir.
Xalidə Xalid aprelin 26-da institutdan özbaşına, heç bir razılıq olmadan, ezamiyyət verilmədən gedib. Bu barədə Trend-ə Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlı bildirib.
«Bundan sonra ondan xəbər olmayıb. Şöbə müdiri elə bilib ki, o, xəstədir. Lakin məlum olub ki, işdən icazə almadan İrana gedib», — deyə Qasımlı bildirib.
Qasımlı əlavə edib ki, Xalidə Xalid Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin kiçik elmi işçisidir və heç bir elmi dərəcəsi yoxdur.
«Onu ciddi Şəhriyarşünas kimi kim qəbul edib ki? Düşünürəm ki, onun elə bir ciddi elmi fəaliyyəti yoxdur», — deyə Qasımlı deyib.
İnstitut rəsmisi Xalidə Xalidin fəaliyyətində ETTELAT üçün şübhəli görünən hər hansı məqamın olmasına şübhə etdiyini də deyib.
«Bu məsələ aydınlaşacaq. O, institutda adi bir elmi işçi olub. O, İrana instituta heç bir məlumat vermədən gedib», — Qasımlı deyib.
O bu məsələnin Xarici İşlər Nazirliyi tərəfindən araşdırılacağına ümid etdiyini də söyləyib.

