Muəllif:

Barış Manço ilə samuray söhbəti

Adətən, məşhur adamlarla ilk görüş yaddaşlarda daha parlaq qalır, çünki bu görüş, bir növ sənin düşüncəndəki obrazı canlandırır və ona əlavə ştrixlər vurur. Sonralar nələrsə dəyişə, dolğunlaşa, cilalana bilər, amma birinci görüşün təəssüratı həmişə unudulmaz olur. Mən böyük sənət adamı Barış Manço ilə birinci dəfə üzbəüz görüşdən aldığım təəssüratı hər dəfə xatırlayanda bu hisslərin adamı qətiyyən aldatmadığına bir daha əmin oluram. Məhz onunla birinci görüşün yaratdığı enerjinin sayəsindədir ki, indi də adı çəkiləndə yaddaşımda dərin ağlı, xoş qılığı, ünsiyyətçilliyi, ürəyəyatımlı səsi ilə adamı ovsunlayan bənzərsiz bir insan canlanır. Sonra isə yaddaşın başqa bir qatından onun qeyri-adi ifaçılıq məharəti, musiqi duyumu, nadir teleaparıcılığı, tanıdığı insanlara misilsiz sevgisi haqqında ən gözəl duyğular baş qaldırır.
* * *
Təbii ki, B.Mançonu Türkiyə kanallarından tanıyırdım, apardığı proqramlara baxırdım, Azərbaycanla bağlı layihələrindən, o cümlədən Bakıda uşaq televiziyası açmaq planlarından xəbərdar idim. Sovetlər birliyinin dağılhadağıl vaxtında «İstanbuldan salamlar»ı ilə Azərbaycanla Türkiyə arasında yeni bir körpü qurmuş Etibar Babayevlə yaxın dostluğundan da xəbərdar idim. Məhz Etibar bəyin vasitəsilə biz Barış bəylə Bakıda görüşmüş, onun çəkilişlərində iştirak etmiş, məclislərdə olmuş, maraqlı söhbətlər etmişdik. Ona görə də mən B.Mançonun növbəti dəfə Bakıda olduğundan xəbər tutan kimi E.Babayevi axtardım.
Söz vaxtına çəkər, 1996-cı ilin baharı idi, Azərbaycan televiziyasında rəhbərlik etdiyim «Səhər» proqramı ikinci iliydi efirə çıxırdı, verilişin yaxşı reytinqi varıydı. Proqrama marağın və populyarlığın bir səbəbi də vaxtaşırı efirə tanınmış adamların gəlməsi idi. Ona görə də mən Bakıda olan Barış Manço kimi məşhur bir sənətçini efirə çağırmaq fürsətini əldən verə bilməzdim. Şübhəsiz ki, Etibar bəy də mənim bu vur-hayda onu niyə axtardığımın səbəbini bilməmiş deyildi. Odur ki, birbaşa mətləbə keçdi:
— Barış bəyin proqramı bu gün-sabah çox gərgindir, amma sizin verilişə mütləq gələr, — dedi. Onun reaksiyası və səsinin xoş ahəngi məni bir az da ürəkləndirdi.
— Bəlkə bu gün, ya sabah AzTV-də görüşək,- deyə mən məsələni bir az da konkretləşdirməyə çalışdım.
Televiziya işini incəliklərinə qədər bilən Etibar bəy mənim nə demək istədiyimi dərhal anladı:
— Yaxşı də, nə deyirəm ki, onda sən sədrlə danış, sabah mən Barışı televiziyaya gəzintiyə gətirərəm, — dedi.
Etibar Babayev ziyalı ailəsindəndir, yaxşı mühitdə böyüyüb, uzun illər komsomolda və partiya orqanlarında çalışıb, əla təşkilatçılığı var. Hələ sovet vaxtı az qala dünyanın yarısını gəzib. Yaxşı mütaliəsi, gözəl qələmi, yüksək intellekti və istedad səviyyəsində olan intuisiyası var. Ən qabarıq cəhətlərindən biri də nəzakətli və dəqiq olmasıdır. Ona görə də danışdığımız vaxtda — düz günorta saat 3-də Barış Manço ilə birlikdə AzTV-də idilər.
Biz əvvəlcə studiyaları gəzdik, sonra mərhum sədr Babək Hüseynovla görüşdük, Barış Mançonun hesabına onun mürəbbəli çayından içdik. Sonra üçümüz birlikdə mənim otağıma qalxıb sabahkı proqramın konturlarını cızmağa başladıq. Əslində, söhbətin qurulması üçün elə bir çətinlik yox idi, çünki Barış özü televiziya adamı idi. Təkcə görüntünün yox, adi söhbətin dramaturgiyasını da gözəlcə qura bilirdi. Mən Barış bəyin söhbətini dinləyə-dinləyə sabahkı proqramın aparıcısını dəyişməli oldum, belə düşündüm ki, proqramı hər halda intellektual səviyyəsi ilə fərqlənən İlhamiyyə Rzayeva aparsa, daha yaxşı olar.
Proqramla bağlı söhbətdən sonra Barış Manço bir anlığa başını qaldırıb otağıma göz gəzdirdi. Baho, bu nə iş otağı imiş… Məni xəcalət təri basdı, sanki indi ayıldım ki, hər yer səliqəsiz və tör-tüküntü içindədi (qaç-qovda işlədiyimizdən, zatən, həmişə elə olurdu). Deyəsən, qonaq da mənim sıxıldığımı duydu və dərhal da təsəlliyə keçdi:»Canım, ne bu? Genelde benim odam bundan da dağınık oluyor». Əslində inanmaq istədim ona, çünki belə idisə deməli, bu boyda sənətkarla məni birləşdirən ümumi bir cəhət olacaqdı. Bu düşüncədə ikən, mən bu ümidlə Etibar bəyə baxdım, amma onun təbəssümü mənim fantaziyalarımın «çiçəklənməsinə» imkan vermədi. Əvəzində «operativ» müdaxiləsi ilə söhbəti dəyişdi. Biz televiziyaların problemlərindən, müasir teleproqram yaratmağın çətinliklərindən, maaşdan, aparıcı işindən, uşaq verilişlərinin və səhər proqramlarının özəlliklərindən danışdıq.
Barış Manço öz televiziya layihələrindən də söz açdı və söhbətin bundan sonrakı hissəsi məni çox heyrətləndirdi. Məlum oldu ki, Yaponiyaya sonuncu səfəri zamanı verdiyi konsertlər çox böyük uğur qazanıb və onu izləyən ölkənin məşhur En-Eyç-Key televiziyası Barışı telekanalda uşaq verilişi aparmağa dəvət edib. Mən hövsələsizlik edib «necə yəni, o boyda Yaponiyada veriliş aparmağa adam yoxdur ki…» sualını vermədim, amma deyəsən Barış bəy sualı baxışlarımdan oxudu. Odur ki, əyləşdiyi yerdən sıçrayıb ayağa qalxdı, uzun saçlarına və uca boy-buxununa işarə edərək, «yaponlar məni samuraya oxşadırlar», — dedi. Sonra əyləşdi və uzun barmaqlarını havada yellədə-yellədə sözünə davam etdi:
— Siz baxın, görün ki, bu millət öz gələcəyi ilə bağlı hansı dərinlikləri düşünür. Yaponlar hesab edirlər ki, uşaqlar üçün proqram aparan şəxs, onların yaddaşında şoumen kimi deyil, öz cəsur və qəhrəmanabənzər görkəmi ilə təəssürat yaratmalıdır. Deməli, indidən uşaqlara yol göstərir, kimlərə bənzəmələrini, hansı dəyərləri seçmələrini təlqin edirlər.
Sonra Barış bəy əlavə etdi ki, Yaponiya hökuməti onun iştirak edəcəyi layihənin gerçəkləşməsi üçün xeyli pul ayırır. «Bax, mən yapon dilini öyrənməliyəm və dəvət eləyən televiziya mənə yüksək qonorardan əlavə, həm də iki müəllim üçün pul ödəyəcək» — Barış bəy bu sözləri çox ləzzətli intonasiya ilə dedi.
Ertəsi gün Barış Manço proqrama yüksək əhval-ruhiyyədə gəlmişdi. Efirdə onun mahnıları səslənirdi, bütün yaradıcı heyət canlı efirdə şövqlə çalışırdı. Aparıcı İlhamiyyə xanım da məharətlə qurduğu söhbəti və bütövlükdə proqramı gözəl idarə edirdi (Barışsevərlər həmin söhbətin bəzi hissələrini Yutub-a yerləşdiriblər). Bu, «Səhər»in tarixində ən maraqlı verilişlərdən biri idi. Proqrama təkcə tamaşaçılar yox, həmin gün səhər növbəsində olan televiziya işçiləri də nəfəs çəkmədən baxırdılar. Təsəvvür edin ki, proqramın sonuna yaxın Barış bəyi canlı görmək və ondan avtoqraf almaq üçün studiyanın ağzına xeyli adam toplaşmışdı. Bu adamlar sevdikləri insanı studiyadan ta giriş qapısına qədər müşayiət etdilər.
* * *
Mən sonralar Barış Manço ilə görüşə bilmədim, amma onun qrupundan tez-tez Bakıya gəlib-gedən dostlardan xəbər tuturdum ki, Barış bəy Yaponiya hazırlıqlarını sürətlə aparır, xalqın dilini, etnoqrafiyanı və bütövlükdə ölkəni öyrənir. Təəssüf ki, vaxtsız ölüm Barış bəyin çox işlərini, o cümlədən Yaponiya layihəsini yarıda qoydu. Amma kaş bu layihə reallaşaydı və biz samuray görkəmli türk sənət adamını gələcək dünyanın sahibləri olan dərrakəli yapon uşaqları arasında görüb bir az qürurlanaydıq. Biz görüntü ilə qürurlanmaqda ikən qıyıq gözlü və iti zəkalı yapon uşaqları ağıllarının üzərinə bir az da B.Mançodan gələn samuray işığını yığacaqdılar. Sonra da bu işığın izi ilə gedib tarixlərini, kimliklərini öyrənəcək, özlərini onlara qürurlu bir keçmiş qoyub getmiş əcdadlarına bənzətməyə çalışacaqdılar…
Yola saldığımız Novruz bayramı günlərində mən nə üçünsə Barış bəylə samuray söhbətini bir də xatırladım. Əslində bu böyük sənət adamı haqqında yazmağa səbəb varıydı, çünki Etibar bəy hələ bayramdan qabaq zəng edib Barış Manço ilə bağlı xatirələri topladığını və mənim də bir şey yazmağımı istəmişdi. Mən onun aparıcılıq məharəti haqqında yazmağı düşünürdüm. Amma telekanallarda bütün Novruz bayramının iki düşük qəhrəmana — Keçələ və Kosaya bağlanması beynimdə bu samuray söhbətini təzələdi. Axı, necə ola bilir ki, minillər boyu xalqın şüurunda, düşüncəsində, davranış və ənənəsində müqəddəslik qazanmış bir bayram iki təlxəyə bağlansın?
Ümumiyyətlə, ruhun və təbiətin oyanması, ilin dəyişməsi, məişətdən tutmuş ətraf aləmədək hər şeyin təzələnməsi, düşüncələrdə barış və mərhəmətin boy atması, ruzinin artması, xeyirin şərə üstün gəlməsini təlqin edən Novruz bayramı, deyəsən məna və məzmununu itirməkdədir. Qaranlıq otaqlarda yazılan və mayasında haramlıq olan bayağı bayram ssenariləri telekanalların iştirakilə gün işığına çıxarılır. Xalq yaddaşındakı Novruz tədricən mahiyyətini dəyişərək, bəsit rejissuralı siyasi teatra çevrilir. Bəs bu teatr bizlərə nəyi aşılayır? Doğrunu, yoxsa yalanı? Çox vacib olan səmimiyyəti, yoxsa riyakarlığı? Ədaləti, yoxsa haqsızlığı? Mən də anlayıram ki, çətin suallardır, amma cavabı asandı: məqsədi gerçək mahiyyəti bayağılaşdırmaq, adamları ələ salmaq, şit zarafatlar və lağ-lağılarla əyləndirmək olan bir «teatr» öz seyrçilərinə nəyi aşılaya bilər ki?
Bax, bu gün küçə tamaşalarında və ekranlarda gördüyümüz Keçəl və Kosa folklorumuzdakı qəhrəmanlar deyil, həmin qurama teatrın personajlarıdır. Həm də kifayət qədər ziyanlıdırlar. O səbəbdən də həvəslə Novruz tamaşalarına gedən və ya gözünü ekrana zilləyən uşaqlarımız bu personajlardan heç bir feyz anlaya bilməz. Axı, onların hər ikisi qorxaq və yaltaqdır, qarınqulu və yalançıdır, xüsusən vəzifəli adam görəndə ikiqat əyilənlərdir. Üstəgəl, yumurta döyüşündə heç vaxt udmur, həmişə uduzurlar, deməli yumurtaları boşdur. Bəs, onda yumurtası boş olanları biz niyə qəhrəmana çeviririk? Və millətə belə zərərli qəhrəmanlar sırımaq kimlərin ideyasıdır? Bəyəm yaponlar bizdən az bilirlər ki, milli dəyərlərini qəhrəmanların obrazı ilə təbliğ edirlər. Ruhun təzələndiyi bu bahar günlərində üzərində düşünməli olan daha dəhşətli sual isə budur: bəs biz hansı dəyərləri və kimlərin vasitəsilə təbliğ edirik?
[email protected] 

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 547