Muəllif:

Banklar İslam prinsiplərinə əsaslanan xidmətlər təklif edərsə…

Azərbaycanda bəzi sahələr var ki, qanunsuz idarə olunur. Yəni həmin sahədə prosesləri tənzimləyəcək qanun ya qəbul olunmayıb, ya da sovetdən qalma qanun mövcuddur. İqtisadiyyatın, elm və texnikanın inkişaf etdiyi bir dövrdə ölkə qanunvericiliyinin də daim yenilənməyə, mütərəqqiləşməyə ehtiyacı var. Mövcud bank qanunvericiliyi ölkədə kredit təşkilatlarının fəaliyyətini tənzimləyir. Lakin iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, qanunvericilikdə bir sıra dəyişikliklər vacibdir.
«İlk növbədə «Banklar haqqında» qanuna dəyişiklik bank sisteminin fəaliyyətini daha da effektiv edə bilər. Belə ki, mövcud qanunvericilik ölkədə islam maliyyə sistemi üzrə ixtisaslaşmış bankların fəaliyyətini mümkünsüz edir».
Banklarda islam prinsiplərinə əsaslanan xidmətlərin yoxluğu ölkənin dinə etiqad edən şəxslərinin bank xidmətlərindən və məhsullarından yararlanmasına imkan vermir. Nəticədə çoxsaylı müştəri kontingenti maliyyə sistemindən kənarda qalır:
«Banklar ancaq məhdud şəkildə islam bankçılığına məxsus xidmətləri göstərə bilir. Artıq yerli bankların bir neçəsində müvafiq departamentlər yaradılaraq fəaliyyət göstərir. Deməli «Banklar haqqında» qanuna dəyişiklik edilməsi günün tələbidir».
Ekspertin fikrincə, «Tikinti əmanət bankları haqqında» qanunun qəbulu da bank sisteminin inkişafına, eyni zamanda, əhalinin mənzil təminatının yaxşılaşdırılmasına töhfə verə bilər. S.Əliyevin sözlərinə görə, belə bir qanun layihəsi hazırlansa da, onun qəbulu nədənsə uzanır:
«Yaşayış-tikinti əmanəti üzrə ipoteka kreditləşməsi proqramları ilkin ödəniş üçün kifayət qədər yığımı olmayan, ancaq ev almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu sistem ikinci dünya müharibəsindən sonra Almaniyada tətbiq edilib və özünü doğruldub».
Tikinti-əmanət banklarının yaradılması ipoteka kreditləşməsinin bir formasıdır. Dünya ipoteka kreditləşməsinin 50%-i bu modelin payına düşür. Belə kreditlər üzrə faiz dərəcələri adətən digər kreditlər üzrə faizlərdən əhəmiyyətli dərəcədə aşağı olur. Hazırda Slovakiya (1992), Çexiya (1993), Macarıstan (1997), Çin (2004), Rumıniya (2004) və Qazaxıstan (2004) kimi ölkələrdə tikinti-əmanət bankları haqqında qanun qəbul edilib və tikinti-əmanət sistemi xeyli inkişaf edib». Bu sahədə digər problem banklardan kredit alan müştərilərin hüquqlarının qorunması sahəsindəki boşluqdur. Bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur.
S.Əliyev deyir ki, bu kimi hallar müxtəlif ölkələrdə müvafiq qanunvericiliklə tənzimlənir:
«Bu qanun bir qayda olaraq «İstehlak kreditləri haqqında» qanun adlanır. Bütün dünyada istehlak kreditləri əhalinin bütün təbəqəsinin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu ölkələrdə istehlak kreditləşməsi proseduru zaman-zaman təkmilləşdirilib. Biznes kreditlərindən fərqli olaraq istehlak kreditləri gəlir əldə etmək üçün yox, insanların istehlak mallarına olan tələbatını ödəmək məqsədi daşıyır. Bu baxımdan istehlak kreditləri götürən müştərilərin hüquqları ayrıca qanunla qorunur. Azərbaycanda mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətlərini tənzimləyir. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. Azərbaycanda da belə bir qanuna ehtiyac var».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158