“Bandotdel” artistlərin dedi-qodusu ilə məşğuldur?
Son günlərin ən heyrət doğuran məsələsi xalq arasında «Bandotdel» adlandırılan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kimi ciddi bir polis strukturunun artistlər arasında vərdiş etdiyimiz dedi-qodu xarakterli mübahisəyə qarışması, onları bu idarəyə dindirmə üçün çağırmaları oldu. Məsələnin ictimailəşməsi və geniş rezonans doğurması DİN-i xoşagəlməz situasiyada qoydu və DİN Nazpəri Dostəliyevanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasına münasibət bildirməli oldu.
Bəlli olduğu kimi, İlhamə Quliyeva Nazpəri Dostəliyeva ilə bağlı DİN-nə şikayət edib və həmkarı ilə arasında yaranmış məsələyə aydınlıq gətirilməsini xahiş edib. Məsələ ilə bağlı APA-nın sorğusunu cavablandıran DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, həqiqətən İlhamə Quliyevanın DİN-ə müraciəti olub:
“Həmin müraciətdə təhdid xarakterli məqamlar olduğuna görə, müraciətin araşdırılması nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırılıb (?1). İlkin araşdırma zamanı müraciətdə qeyd olunmuş məsələnin polisin funksiyasına və fəaliyyət sferasına aid olmadığı müəyyən edilib (!). Hər iki şəxs sevilən sənətçi və tanınmış incəsənət xadimi olduğuna görə onlara barışıq təklif olunub. Məsələnin mülki xarakterli olması nəzərə alınmaqla xalq artisti İlhamə Quliyevaya bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunub”.
Hələ keçən həftə Nazpəri Dostəliyeva İlhamə Quliyevanın ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdiyini deyib və bununla bağlı mətbuata məktub ünvanlayıb. Bu gün isə Məleykə Əsədovanın İlhamə Quliyevanın müraciəti əsasında polisə çağırılması ilə bağlı məlumatlar yayılıb. Məleykə Əsədova da İlhamə Quliyevadan polisə şikayət edib. Öz növbəsində Məleykə Əsədova İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya açıq məktubunda adının hallanmasına münasibət bildirib. Əsədova APA-ya açıqlamasında deyib ki, ötən il dekabrın 15-də İ.Quliyeva efirdə onu lağa qoyaraq, ünvanına təhqiramiz sözlər işlədib:
“Öz aləmində məni lağa qoyub. Ondan da öncə başqa kanalda “istəmirəm mənim mahnımı Meleykə xanım oxusun” deyə fikir bildirib. Çox gözəl, istəməyə bilər, təbii bir şeydir. Amma mən bu mahnını 2001-ci ildə oxumuşam, özünün icazəsi ilə oxumuşam. Demişdi ki, qurbandır, oxu mahnını. Amma 7-8 ildir klip gedir, neçə illərdir mahnı oxunur, bilmirəm İlhamə xanımın bu mahnı indi haradan yadına düşdü. O vaxt niyə demirdin? Klip gedəndə niyə demirdin? Sən başqa proqramlarda da çıxıb məni təhqir edirsən, mən utanıram o sözləri deməyə”.
Əsədovanın sözlərinə görə, proqramların birində deyib ki, “İlhamə xanım, bu sözü demək istəyirsənsə, məni görürsən həyatda, telefonla danışırıq, zəng edib deyin ki, Məleykə xanım bu mahnını oxuma. Onsuz da mən bu mahnını daha oxuyan deyiləm. Əgər oxumağımı istəmirsənsə, oxumaram. Yəni onu efir vasitəsilə mənim ünvanıma təhqiredici sözlərlə, lağa qoyaraq deməyə ehtiyac yoxdur. Yetənə yetirsən, yetməyənə də bir daş atırsan. Mən aktrisayam, heç sənə demişəm ki, niyə filmə çəkilmisən? Çıxıb efirdən deyir ki, mən Nazpəri ilə Məleykəni vermişəm polisə, məni təhqir ediblər. Nə təhqir? Sən məni təhqir etmisən, mən də sənə cavab vermişəm. Mən hər zaman qalmaqaldan, dedi-qodudan uzağam, öz işimlə məşğulam. Heç kimin işinə qarışmıram. Mən buna cavab vermədikcə, üstünə qoyur. Həm suçlu, həm güclü. Üstəlik, bizi polisə verir… Mənə böhtan atdığına, şərəf və ləyaqətimə toxunduğuna görə mən də onu polisə vermişəm. Bunların hamısını məhkəmə araşdıracaq. Mənim zamanım yoxdur, bəlkə İlhamə xanımın boş vaxtı çoxdur. Oturub evində, fikri ona-buna söz atmaqdır. Bəsdir daha. Kimlərə istəyir ad verir, kimlərə istəyir titul verir. Nə qədər belə olacaq? Nə qədər susmaq olar? Hər bir insan özünə hörmət etməyi bacarmalıdır. Nə qədər olar adamı təhqir eləmək? “Mən, mən, mən” nə qədər olar? Bu nə qədər hökmranlıq edəcək?”
Məleykə Əsədova “Bandotdel”ə çağırılması xəbərinə belə aydınlıq gətirib: “Çağırılmışam, amma getməmişəm. Çünki şikayət ərizəsi ilə polisə müraciət etmişəm. Bu işlərlə mənim vəkilim məşğuldur”.
Nə isə maraqlı situasiyadır. Biz indiyədək elə bilirdik bu idarə — DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cəmiyyətin asayişi ilə bağlı daha ciddi işlərlə məşğuldur. Hər şey bu qədər bəsit…