Baloğlan Əşrəfov: Xalqın gözündən düşmək təhlükəsi də var
Baloğlan Əşrəfovun səsinin batdığı deyilirdi. Sənətçi son illər səhhəti ilə bağlı problemlər yaşasa belə, sağlamlığı mahnıları ilə də tapdı. Ona görə də, əhvalının pis və ya yaxşı olmasına baxmayaraq, oxumaq həvəsi tükənməyib. Deyir:
— Hər şey yaxşıdır. Camaat hələ də mənə zəng edəndə necə olduğumu və səsimin vəziyyətini soruşur. Bir iş idi də oldu, getdi. Bəzi adamlara elə gəlir ki, xəstəlikdən sonra səsimdə problem yaranıb. Bəziləri də məni toylara aparmasınlar deyə guya səsimdə problem yarandığını uydururlar. Səsimlə bağlı hər şey qaydasındadır. Mən də bir Azərbaycan müğənnisi, ziyalısı kimi heç nəyə biganə deyiləm, cəmiyyətimizdə gedən hər bir şeynən maraqlanıram. Yeni mahnılar hazırlayıram. Heç nəyə müdaxilə etmədən Azərbaycanın bütün problemləri ilə maraqlanıram.
— Bəzən oxuyanlarını anormal hal kimi qeyd olunur və belə hesab edilir ki, telekanallar qapılarını açıq qoysa da, ora kimin daxil olmasına nəzarət edilməlidir. Nə deyərdiniz?
— Yadımdadır, sovetlər vaxtı televiziyaya 6-7 aydan bir çıxırdıqsa buna şükür edirdik. İndi, Allaha şükür, Azərbaycanın telekanalları bütün cavan musiqiçilərin üzünə açıqdır. Adam var hər gün televiziyadadır. Televiziyaya çıxmaq barədə heç kimin narahatlığı yoxdur. Məni də çox dəvət edirlər. İstəmirəm ki, camaatın gözünü yorum. Efirə çıxanda da elə etmək lazımdır ki, yaddaşda qala biləsən. İstəsən lap hər gün televiziyaya çıxmaq mümkündür. Amma burda xalqın gözündən düşmək təhlükəsi də var. Mən rayonda yaşayan vaxt bizim məktəbdə, adını çəkməyəcəm, birinin valını hər gün fırladırdılar. O qədər fırlatdılar ki, axırda ona qulaq asmaqdan bezdik. İndi bəziləri elə bilir ki, hər gün efirdə görünməklə böyük bir aləm yaradırlar. Amma yox. Bu xoşagəlməyən şeydir. Efirə çıxanda da yaxşı, tutarlı mahnılar oxumaq lazımdır. Mahnının sözləri də, musiqisi də xalqın yaddaşında qalmalıdır.
— Sizcə, oxuyanın reytinqi efirə çıxması ilə ölçülür?
— Bilirsiniz, bizim camaatın qəribə psixologiyası var. Elə bilir televizorda çox görünən daha yaxşıdır. Baxırsan, biri o birinə deyir ki, bu hər gün televizorda oxuyur, deməli yaxşıdır, bunu aparın toya. Sənətə qiymət verənlər isə yaxşını başqa cür qiymətləndirir. Mən çox istərdim ki, hər kəs sənət göstərsin. Müxtəlif yollarla özünü el şənliklərinə, toylara sırımaq, heç də qəbulolunan hal deyil. Amma bir məsələ də var ki, bizdə əsl sənətkarın təkcə kaset buraxmaqla pul qazanmaq sistemi formalaşmayıb.
— Daim el şənliklərində, toy mərasimlərində olanlar insanların zövqlərinin korlanmasından şikayətlənirlər. Bu barədə sizin fikriniz nədir?
— Ən dəhşətlisi başqa şeydir. Sanki gənclərin dünyagörüşü, düşüncələri milli kökdən ayrılıb. Çox vaxt gənclərin təkidi ilə valideynlər onların sifarişini yerinə yetirirlər. Yəni toy edən gənc valideynindən elə şeyləri tələb edir ki, bu, milli ənənəyə xələl gətirir. Bəzi toy edən gənclər istəyirlər ki, toy başdan-ayağa diskoteka şəraitində keçsin. O uşaqlar başa düşməlidilər ki, 40 yaşına çatanda toy kasetlərinə baxmaq istəməyəcəklər. Çünki onun toyunda olan o səs-küy, mili mentalitetə uyğun olmayan davranışlar, ifalar, rəqslər onu utandıracaq. Müasir dövrdə elə istedadlar var ki, mən onlara hörmətlə yanaşıram. Gənc ifaçılarda milliliyə doğru dəyişiklik gedir. Amma toylarda avropasayağı proseslər görürük. Az qala «vağzalı»nı da ayrı bir hava ilə dəyişdirirlər.
— Bəs toyda estrada ifaçısının muğam parçaları oxuması vacibdir?
— Görünür, bəzi «pop» oxuyanlar da istəyirlər ki, muğam oxumaqla gözə girsinlər. Əslində yamaq kimi alınır. Hərə öz janrında oxusa yaxşıdır. Əgər yaxşı estrada oxuyan muğamı da yaxşı bilirsə, ağzını açan kimi camaat onun qabında nə olduğunu biləcək. Alim Qasımov da vaxtilə estrada oxuyub. İndi görürsünüz bütün dünya onun muğam ifaçılığına heyran qalıb. Bu başqadır. Amma ümumiyyətlə muğam aləmindən xəbərsiz olan adamın onu oxumağa cəhd etməsi müvəqqəti həvəsdən başqa bir şey deyil.
— Sizin ifa üslübünüz fərqlidir. Bu dəsti-xətti davam etdirən tələbələriniz var?
— Bu, bir az mənə pis gəldi. Bilirsiniz niyə, mən standart musiqi yolundan uzaq bir insanam. Mənim məktəbim ola bilməz. Görürsən ki, bu gün mahnıya bir nəfəs verirəm, sabah başqa nəfəs. Kimsə mənim haqqımda demişdi ki, bu adam bu gün varsa, onun oxuduğu yol da var, sabah yoxdursa, adam da yoxdur. Vəssalam. Bu məktəbin davamçısı yoxdur.
— Niyə?
— Çünki mən nə qədər öyrətsəm də xeyri yoxdur, alınmayacaq. Mənim boğazım sözlərə, sözlərdəki səslərə uyğunlaşdırılır. Bu çətin məsələdir.
— Bir ara bəzi bəstəkarlar televiziyada çıxış edərək, sizi ittiham etdilər ki, nə oxuduğu bəlli deyil. Bunu necə qəbul etdiniz?
— Onlar günaha batdılar. Hesab edirəm ki, Üzeyir Hacıbəyov sənətindən böyük bir fəxarət duyan və onun bütün əsərlərini əzbərdən bilən bir adama şər atandan sonra özləri xəcalət çəkdilər. Allah onlara insaf versin. Sadəcə, mən çox da dərinə getmədim.
— Qadın şairləri niyə oxumursunuz?
— Qadın şairlərimiz klassika ilə az maraqlanırlar. Söhbət nə Nigar Rəfibəylidən, nə də Mirvarid Dilbazidən gedə bilməz. Söhbət indiki şairələrindən gedir.
— Şairlərimiz romanitkaya üstünlük verir?
— Romantikaya yer versəydilər dərd yarıydı. Yazdıqları şeir deyil axı. Onlarda şeirin qayda-qanunları, məqsədi, mətləbi yoxdur.
— Özünüzü şanslı sayırsınız?
— Vallah heç nədən narahatlığım yoxdur. Xalq onun ictimai mövqeyindən tutmuş, ailə münasibətlərinə qədər hər şeyini nəzərə alır. Demirəm ki, bəziləri kimi haram pullar qazanmışam. Yox, adi Azərbaycan vətəndaşıyam, orta vəziyyətdə yaşayıram, xalqımı sevirəm, xalqın ziyalıları, hörmətli, nüfuzlu şəxsləri mənə hörmət edir, məni qəbul edirlər. Bundan böyük xoşbəxtlik yoxdur. Mən çox nazirlərin, hökumət adamlarının övladlarının toyunda oxumuşam, onların hər biri mövqe sahibləridir və mənə hörmətlə yanaşırlar. Onlar məni məhəbbətlə xatırlayırlar. Mən də maşın sürürəm. Hələ indiyə qədər dövlət yol polisi işçiləri məni yolumdan saxlamayıblar. O vaxt xəstəxanadan qayıdandan sonra rayonlara gedəndə ayağımın altında 83-ə qədər qurban kəsdilər, hansı sənət adamı üçün bunu ediblər? Elə yer yoxdur ki, ora gedəndə ayağımın altında qurban kəsməsinlər. Bu xoşbəxtlik deyil? Oğlum var, qızım var. Hər şey normal.