Muəllif:

Bakının özü və onun ətrafı azmərtəbəli evlərlə çox yüklənib

Şəhərin müxtəlif səmtlərində — Xutorda, Babək prospektində evlərin sökülməsini Ağ Şəhər layihəsi ilə əlaqələndirirlər. Hətta, Füzuli meydanındakı “Beşmərtəbə”nin də söküləcəyi deyilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev Bakıda aparılan və planlaşdırılan tikinti-söküntü işlərinə münasibətini bildirərkən deyib ki, iki yanlış fikir yayılıb. Biri azmərtəbəli evlərin, daha sonra beşmərtəbəli evlərin sökülməsi ilə bağlıdır. Onun sözlərinə görə, bu məsələdə kütləvilik yoxdur. Sökülmə baş verəndə 16 mərtəbəli bina da sökülür. Məsələn, keçmiş Karl Marks abidəsi səmtdəki 16 mərtəbəli bina kimi. Belə çıxır ki, sökülmə heç də mərtəbə ilə bağlı deyil:”Söhbət panel beşmərtəbələrdən gedir. Onları söküb yerində yeni bina tikmək də olar, rekonstruksiya etmək də. Ümumiyyətlə, bir var infrastrukturun formalaşması ilə bağlı söküntü olsun, bir də var abadlaşma məqsədilə bağlı. İnfrastruktur yaratmaq üçün abadlaşma planı nəzərdə tutulan ərazinin biri “Sovetsk”dir. O evlər sökülür ki, onlar yaşayış üçün normal şəraiti təmin edə bilmir və təhlükəlidir. Yəni o ərazinin boşaldılması orada yaşıllıq salınmaqla, şəhərin gözəlliyini artırmaqla bərabər, daha çox həmin ərazidə yaşayan insanlar üçün daha normal şəraiti təmin etmək məqsədi daşıyır. Babək prospektində də infrastrukturla bağlı aparılan söküntülərdir.”
Qocayevin dediklərindən məlum oldu ki, konkret olaraq sökülmə planı olan ərazilər – «Sovetsk», «Kubinka» və “Sirk”in ətrafıdır. Ola bilər ki, bu ərazilərin sökülməsi 1 il, 5 il və ya 10 ildən sonra baş versin. Əsas odur ki, bunlar planda var. İnkişaf Planı və Baş Plan təsdiqlənəndən sonra onların həyata keçirilməsi üçün müvafiq tədbirlər planı təsdiq olunacaq.
Keşlə qəsəbəsinin sökülməsinə gəldikdə komitə rəsmisi vurğuladı ki, hələ Keşlənin Müfəssəl Planı yoxdur. Hansı ərazinin belə planı varsa, yalnız onlar söküləcək.
Onu da qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planı (BBRİP) Azərbaycan hökuməti və Dünya Bankının maliyyə vəsaiti hesabına işlənir. Proqram təbii ki, təkcə yerli mütəxəssislərin icrası ilə həyata keçirilə bilməz. Səbəblərini komitə rəsmisi açıqlayır:
”Əvvəla, ona görə ki, bizim mütəxəssislərin təhsili sovet şəhərsalma prinsipləri əsasında qurulmuş təhsil proqramına uyğun və işlədikləri mühit, şəhərsalma ilə bağlı məsələlər sovet sosialist birgə yaşayış prinsiplərinə uyğun formalaşıb. Bizim ölkədə memarlıq fəaliyyəti ilə bağlı çoxlu sayda tanınmış insanlar olsa da, onlar əsasən həcm memarlığı ilə bağlı püxtələşmiş mütəxəssislərdir. Şəhər memarlığı ilə bağlı ixtisaslaşan memarlarımız çox azdır. Ancaq bir məsələ ortaya çıxdı ki, xarici mütəxəssislər bu sahədə nə qədər peşəkar olsalar da, mövcud vəziyyəti qiymətləndirmək üçün buna çox uzun müddət vaxt lazımdır”.
Ona görə də qərara gəlindi ki, əsas lokomotiv ərazi Bakı olduğundan Bakı Dövlət Layihə İnstitutu koordinator kimi seçilsin. Eyni zamanda, komitə planlaşdırma məsələləri ilə bağlı italyan mütəxəssislərə, iqtisadi məsələlərlə bağlı amerikalı mütəxəssisə, ekoloji məsələlərlə bağlı İspaniyanın xüsusi bir şirkətinə üstünlük verib.
Bakı, Sumqayıt və Xırdalanın Baş Planı var. Amma indiyə qədər işlənilən Baş Plan təkcə prinsiplərinə görə yox, həm də ərazi nöqteyi-nəzərindən bir-birindən fərqlənir. Bu ərazilər kompleks baxış tələb edirdi. Bu baxımdan, təqdim olunan sənəddə söhbət təkcə Bakıdan getmir. Bu, Bakıətrafı kəndləri, qəsəbələri, eyni zamanda Sumqayıt və Xırdalan şəhərlərini əhatə edəcək. Demək, bütövlükdə Abşeronu əhatə edən bir ərazi planlaşdırma sənədi olacaq.
İnkişaf Planı üzərində iş başlayanda paytaxtın başqa yerə köçürülməsi ilə bağlı fikirlər vardı. Məsələyə münasibət bildirən Qocayev deyir ki, Bakının öz potensialı sona qədər öyrənilmədən, onun köçürülmə fikrinin irəli sürülməsi yanlış düşüncədir. Çünki araşdırmalar göstərib ki, nəinki Böyük Bakı dediyimiz ərazi, heç Bakı şəhərinin özünün də potensialı tam istifadə olunmur:
”Çünki Bakı şəhərinin öz ərazisi və onun ətrafı azmərtəbəli evlərlə çox yüklənib. İndikindən 5 dəfə artıq əhalini Bakıda yerləşdirmək və onlar üçün münasib şərait yaratmaq olar. Digər bir məsələ isə İnkişaf Planının əhatə etdiyi ərazinin tərkibində çox böyük həcmdə vaxtilə sənaye məqsədilə istifadə olunan, amma əslində həm də bu məqsədlə istifadəsi səmərəli olmayan ərazilər var. Məsələn, mədən ərazilərində hasilat çox cüzidir, ancaq ərazi yaşayış üçün yararlı deyil. Təəssüf ki, qaçqın, köçkün dalğası ölkəmizi bürüyən vaxt həmin mədən ərazilərinin bir xeyli hissəsi insanlar tərəfindən fərdi ev tikmək yolu ilə mənimsənilib. Hətta, bəzi icra hakimiyyəti orqanları və bələdiyyələr bu işdə fəallıq göstəriblər. Hətta onlar fürsətdən yararlanıb, insanların ərazinin ekoloji durumundan xəbərsiz olmasından istifadə edərək onların yerləşməsinə şərait yaradıblar. Təbii ki, bu, heç də rəhmdillikdən irəli gəlməyib. Hətta onlardan müəyyən rüsumlar almaq yolu ilə də reallaşıb. İndi bu da ciddi problemə çevrilib. Bəlli olub ki, həmin ərazilərin sənaye təyinatından çıxarılması bu gün ən vacib məsələlərdən biridir”.
Komitə rəsmisi bildirdi ki, hazırda Qaraşəhərin daxilində mövcud olan sənaye müəssisələrinin nisbətən cənuba köçürülməsi, Abşeronda sənaye müəssisələrinin azaldılması nəzərdə tutulub. Böyük Bakının ərazisi təxminən 250-300 min hektar, təkcə Bakının ərazisi isə 210 min hektara qədər ərazi olacaq. Bunun təxminən yarısı Qaradağ rayonunun ərazisidir. Hazırda Qaradağın da başqa rayonlar kimi sənaye müəssisələri və əhali ilə təmin olunması əsas məsələdir. Qaradağ, Sumqayıt və Balaxanıda texnoparkların yaradılması nəzərdə tutulub.
Qocayevin qənaətincə, şəhərsalma həm də məşğulluq məsələsini təmin etməlidir:
”Qaraşəhər zonasında ləğv olunan zavodların işçilərinin yeni iş yerləri ilə təmin olunması məsələsi də gündəlikdə dururdu. Eyni zamanda, köçürüləcək müəssisələrlə yanaşı, orada çalışan insanlar haqqında da düşünmək lazım idi. Ona görə burada çox böyük yaşayış massivinin salınması da zərurət kimi gündəlikdədir”.
Bundan sonra təbii ki, şəhərin inzibati bölgüsünə də baxmaq lazım gələcək. Çünki vaxtilə Xəzərətrafı zonanın kurort məkanına çevrilməsi planı olub. Həmin ideyanın yenidən dirçəlməsi planı öndə durur. Bakıətrafı kəndlərin indiyə qədər malik olduğu strukturu əsas saxlamaqla onların gələcək inkişafını öz təbii axarına buraxmaq nəzərdə tutulub. Ola bilsin ki, hansısa boş ərazidə – Hövsanda, Dübəndidə və s. ayrıca şəhərcik salmaq mümkündür.
Bütün bunların fonunda şəhərdəki infrastruktur yeniləşməlidir. Qocayevin dediklərindən məlum oldu ki, Bakının mərkəzində mövcud olan dəmir yolu vağzalında xətlərin azaldılması nəzərdə tutulub. Yəni Bakının içərisinə çox sayda sərnişin və yük qatarlarının daxil olmasına ehtiyac yoxdur. İki xətt saxlanılarsa, bu, məqsədəuyğun olar. Bu da şəhərin içərisindəki ekoloji ab-havanı yaxşılaşdırmaq məqsədi daşıyır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 478