Bakıdan Böyük Kəsiyə 5-6 saata!
Bakı-Böyük Kəsik dəmiryolunun 240 km-i və ya 80%-i artıq əsaslı təmir olunub.
Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Qurban Nəzirovun sözlərinə görə, hazırda proqram çərçivəsində digər işlər — enerji təsərrüfatının və rabitə-işarəvermə sisteminin yenilənməsi işləri aparılır. Sədr müavini bildirib ki, proqramın həyata keçirilməsi üçün Dünya Bankı tərəfindən 450 mln. dollar, Çexiya Eximbankı tərəfindən 352 mln. dollar vəsait ayrılıb. İcrası 2014-cü ilin sonunadək yekunlaşan bu proqram çərçivəsində indiyədək vəsaitlərin 50%-i sərf edilib.
Nəzirov qeyd edib ki, əsaslı təmir işləri nəticəsində yollarda buraxıla bilən sürət 140 km/saata çatdırılıb. Lakin hələlik bu imkandan istifadə olunmur və yollarda faktiki sürət 80 km/saatdır. Q.Nəzirovun sözlərinə görə, yolların əsaslı təmiri başa çatandan sonra burada sürət təqribən 2 dəfə artacaq. Nəticədə, Bakıdan Böyük Kəsiyə çatma müddəti indiki 10-12 saatdan 5-6 saata qədər azalacaq.
Dövlət proqramı çərçivəsində vaqon parkı da yenilənir – indiyədək 80 vaqon təmirə göndərilib, daha 25 yeni vaqonun alınması gözlənilir. Yeni vaqonlar Avropa və Rusiyadan alına bilər. Onlar istənilən xətdə istifadə oluna bilər – ilk qatarlar Bakı-Tbilisi-Qars layihəsində istifadə ediləcək.